Uşaqlarla ölüm barəsində necə danışmalı?

Hit: 703
Uşaqlarla ölüm barəsində necə danışmalı?

Ətrafımızda bəzən müxtəlif səbəblərdən baş verən ölüm hadisələrini azyaşlı uşaqlara və yeniyetmələrə izah etməkdə çətinlik çəkilir. Həmin hadisənin uşaqlara düzgün formada başa salınmaması müəyyən psixoloji fəsadlara gətirib çıxara bilər.

Qeyd olunanlarla bağlı “Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Təranə Paşayevanın bir sıra vacib fikirlərini diqqətinizə çatdırırıq.

0-5 yaş – nağıllar aləminə inandıqları üçün ölümün geri dönüşü olan müvəqqəti hal olduğunu düşünürlər. “Öldükdən sonra cizgi filmdəki kimi təkrar dirilmək olar”

5-9 yaş – ölümün bir dəfəlik olduğunu anlayır amma ona aidiyyatı olmadığını düşünür. “Hamı ölür amma mən ölməmək üçün bir yol tapacam”

9-11 yaş – ölümün hər kəs üçün var olduğunu və geri dönüşü olmadığını anlayır. “Mən də öləcəm, ona görə özümə həyatda məqsəd tapmalıyam”

Ölüm səbəbini necə izah etməli?

Qocalıq – insanlar, heyvanlar, bitkilər qocaldıqları üçün ölür, dünya belə qurulub.

Məsələn payızda yarpaqlar saralır və ölür.

Xəstəlik – çox ciddi xəstəlik nadir də olsa insan ölümünə səbəb ola bilər. Önəmli olan uşağa hər xəstəliyin bizi öldürməyəcəyini izah etməkdir.

Məsələn qrip oluruq, angina oluruq, allergiya oluruq amma bu ölümə səbəbiyyət vermir.

Qəza – bəzi qəzaların insan bədəninə ciddi ziyan vurduğunu və bunun ölümlə nəticələndiyini deyə bilərsiniz. Bu halda isə uşağa bir çox travmalardan sonra mütləq sağalacağımızı izah etməlisiniz.

Məsələn, yıxılırıq, kəsici alətlə yaralanırıq, sərt cisimlərə dəyirik amma sonra sağalırıq.

Müharibə. Təbii fəlakətlər.
Təəssüf ki, son illər həm dünya, həm də ölkəmiz üçün aktual olan itki səbəbləridir.

Müharibə zamanı şəhid olmağı azyaşlı uşaqlara izah etməyin əm düzgün yolu, onların sevdiklərini qorumaq üçün həlak olduqlarını deməkdir.

Məsələn, “kimsə bacını/qardaşı/ananı incidəndə, sən necə bizi qorumaq istəyirsən? Eləcə də ata/baba/qardaş bizi, vətənimizi qorumaq üçün şəhid olub.

İnsan öldükdən sonra nə olur?

Bunu 2 şəkildə izah edə bilərsiniz. Birincisi ona ölən insanın torpağa basdırıldığını və o yerin məzar adlandığını deyə bilərsiniz. Və yaxud da dini inancınıza görə izah edə bilərsiniz. “Baba cənnətə gedib, orda bizi gözləyir”

Bu məsələdə isə ən önəmli nüans uşağa fiziki ölüm baş versə də sevdiklərimizin hər zaman bizim qəlbimizdə və xatirələrimizdə var olacağını deməkdir.







Redaktorun seçimi