“Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği” mövzusunda tədbir keçirilib

Hit: 1107
“Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği” mövzusunda tədbir keçirilib
27 iyul 2022-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin birgə əməkdaşlığı ilə “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği” mövzusunda tədbir keçirilib.
 
Mərkəzi Gömrük Hospitalının tibb personalının iştirak etdiyi tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edərək səhiyyə sahəsində ictimai iştirakçılığın əhəmiyyətini vurğulayıb və dövlət qurumları ilə qeyri hökümət təşkilatlarının mümkün əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib. O, həmçinin, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin QHT-lərlə əməkdaşlığı barədə geniş məlumat verib.
 
“Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsinin nümayəndəsi Hamlet Babayev QHT-lər və dövlət qurumlarının bu sahədə apardığı səmərəli işlərin əhəmiyyətini vurğulayaraq, bu kimi əməkdaşlıqların nəticəsi kimi layihə çərçivəsində keçirilən müxtəlif tədbirlər və fəaliyyətlər barədə ətraflı məlumat verib.
 
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri, “Səhiyyə sahəsində ictimai iştirakçılıq təşəbbüslərinin təbliği” layihəsinin rəhbəri Ziba Nəbiyeva icra olunan layihənin “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nında qeyd olunan ictimai şuralarla bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi, onların əhəmiyyətinin artırılması müddəalarına dəstək olaraq həyata keçirildiyini bildirib: “Bu layihənin əsas məqsədi səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lər ilə səhiyyə mütəxəssisləri arasında ictimai iştirakçılığın qanunvericilik bazasının təbliği və qeyd edilən istiqamətdə potensiallarının gücləndirilməsi, onların ictimai şuralarda təmsilçiliyinin təşviq edilməsi və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanmasıdır”. O, layihə çərçivəsində peşəkar assosiasiyalar və pasiyent təşkilatlarının nümayəndələri ilə əlaqə saxlanıldığını, onların ictimai iştirakçılıq prosesi barədə məlumatlılığını, ictimai şuralarda təmsil olunmaq maraqlarının dinlənildiyini və mövzu üzrə geniş maarifləndirilmə həyata keçirildiyini bildirib.
 
 
Tədbir zamanı “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru Əliməmməd Nuriyev geniş təqdimatla çıxış edərək, ictimai iştirakçılığın əsas dəyərləri, onun məqsəd və formaları, ictimai şuraların formalaşması yolları, onların hüquq və vəzifələri, seçkilər prosesi və digər məsələlər barədə ətraflı məlumat verib.
 
Tədbirdə “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva da səhiyyədə ictimai iştirakçılıq alətlərinin tətbiqi barədə təqdimatla çıxış edib. O, praktik nümunələr vasitəsilə ictimai iştirakçılığın formaları olan ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi və ictimai şuralardan faydalanmaq yollarını, onların təsir etmə mexanizmini izah edib.
 
Sonda tibb işçiləri tərəfindən verilən suallar cavablandırılıb. Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.








Redaktorun seçimi