"Yeni layihələr üzərində birgə işimizi davam etdiririk" - MÜSAHİBƏ

Hit: 695
"Yeni layihələr üzərində birgə işimizi davam etdiririk" - MÜSAHİBƏ
Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri, radiologiya və neyroradiologiya sahəsində dünyada bir çox ilklərə imza atan, Almaniyada insult xəstələrində beyin əməliyyatları keçirən ən gənc həkimlərdən olan tibb elmləri doktoru Nuran Abdullayev Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinə müsahibə verib.
 
FAKTOR.AZ həmin müsahbəni təqdim edir:
 
- Almaniyadakı Azərbaycanlı Həkimlərin Köln şəhərində keçirilən I forumu öz işini uğurla başa vurdu. Bu forumun xüsusi özəllikləri və nəticələri barədə nə deyə bilərsiniz?
 
- Almaniyadakı Azərbaycanlı Həkimlərin I forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutub. Bu forum ilk dəfə idi ki, Almaniyada uzun illərdir həkim kimi çalışan və elmi nailiyyətlər qazanan 100-dən çox səhiyyə işçisini və eləcə də həkim rezidentləri bir araya gətirirdi. Bundan başqa, Almaniyada tibb təhsili almış və eləcə də səhiyyə sahəsi ilə birbaşa əlaqəsi olan, onun idarə edilməsində xüsusi rol oynayan, böyük şirkətlərdə çalışan həmvətənlərimiz də foruma qatılmışdılar.
 
Böyük fəxrlə deyə bilərik ki, artıq Almaniyada böyük bir kardioloji klinikanın rəhbəri olan tibb elmləri doktoru Natiq Həsənov, Almaniyada tibb sahəsində ilk azərbaycanlı professor Ramazan Cabbarlı da iştirakçılar arasında idi.
 
Bundan başqa, tədbirə Almaniyada öz ixtisası üzrə bir çox ilklərə imza atan həkim mütəxəssis Elvin Hüseynov, ürək cərrahiyyəsindəki elmi tədqiqatlarla bağlı bir çox təqaüdlər almış Zülfüqar Tağıyev və ürək cərrahı, bu sahədə çox önəmli elmi tədqiqatların müəllifi Cavid Fətullayev də dəvət olunmuşdu.
 
İştirakçıların kimliyi və müzakirə olunan məsələlərin əhəmiyyəti bu forumun keyfiyyət göstəricilərini müəyyən edirdi. Həkimlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsi və gələcəkdə Azərbaycan üçün görüləcək işlərin planlarının hazırlanması isə forumun vacib nəticəsi oldu.
 
- Məlumatlar içərisində Cavid Fətullayevlə bağlı məlumatlar, onun öz kəşfləri barədə ilk dəfə məhz bu forumda danışması da çox diqqətçəkən idi…
 
- Cavid Fətullayev ilk dəfə məhz bu forumda özünün kəşfi nəticəsində dünyada yeni üsulla hazırlanacaq süni ürək cihazını - aktiv myokardial dəstək cihazının modelini iştirakçılara təqdim etdi. Bu modellə əldə olunan ilkin nəticələr həqiqətən elm aləmində ürək cərrahiyyəsinin inkişafı deməkdir. Bunun bir azərbaycanlı ilə bağlı olması və bizim forumda ilk dəfə səslənməsi çox qürurvericidir. Əslində bu forumun bugünkü və gələcəkdəki məqsədlərindən biri də Cavid Fətullayev kimi gənclərimizi Azərbaycanımıza tanıtmaqdır.
 
- Forumda gənc həkimlərin yetişməsində rolu olan təcrübəli həkimlərimizin iştirakının əhəmiyyəti nə olacaq?
 
- Forumda bu günə qədər Almaniyada gənclərin yetişməsində önəmli rolu olan bir çox azərbaycanlı həkimlərin - Qurbanxan Müslümov, Vuqar Yaqublu, Elşən Ağayev və digərlərinin iştirakı yeni yaradılan Foruma fərqli təcrübə qatdı.
 
Onların təcrübəsindən gələcəkdə daha səmərəli istifadə olunması əsas məqsədlərdən biridir. Bu forum Azərbaycan tarixində bir ilk idi və fəaliyyətimizin mərkəzləşdirilməsinə, təcrübəli həkimlərin bilik və bacarığından daha səmərəli istifadə olunmasına ciddi təkan verəcək.
 
- Almaniyadakı Azərbaycanlı Həkimlərin I forumu təşkilat Komitəsinin yaradılması ilə nəticələnib. Təşkilat Komitəsi bundan sonra hansı işləri görməyi planlaşdırır?
 
- Özündə bütün yenilikləri cəmləyən, gələcəyə yol açan və təcrübəyə əsaslanan bu forumun hər il keçirilməsinə və təşkilat komitəsinin yaradılmasına qərar verildi. Təşkilat komitəsinə sədr səsvermə yolu ilə seçiləcək və gələcək forumun işinə də həmin gündən başlanacaq. Məqsədlərdən biri Almaniyada yaşayan gənc və təcrübəli mütəxəssilərin Azərbaycan səhiyyəsinə öz töhvəsini verməsidir. Bu istiqamətdə artıq bir çox layihələr var və onlar məhz bu ilk forumda diqqətə çatdırılıb. Belə ki, şəxsən mənim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Reabilitasiya va istehsalatın təşkili departamentində keyfiyyətə nəzarət şöbəsinin müdiri Bahadur Rzayevlə insult xəstələrinə göstəriləcək reabilitasiya xidmətlərinin daha da mükəmməlləşdirilməsi istiqamətində birgə layihəmiz olacaq. Həmin layihə çərçivəsində Avropa standartlarının Azərbaycanda tətbiqinin başlanması strateji cəhətdən çox önəmlidir və yaxın illərdə bu işin müsbət nəticələri görünəcək.
 
- Almaniya Azərbaycanlıları Alyansı Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Almaniyada çalışan bu qədər həkim və elm adamını ilk dəfə bir araya gəlirdi. Yaxın gələcəkdə bu tipli başqa forumların keçirilməsi nəzərdə tutulurmu?
 
- Təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan həkimlərin bir araya gəlməsində çox böyük rolu var. Göstərilən dəstəyə görə Komitəyə minnətdarlığımı ifadə edirəm. Almaniya Azərbaycanlıları Alyansı Komitənin dəstəyi ilə Almaniyada yaşayan azərbaycanlı həkimlərin biliklərindən, təcrübələrindən Azərbaycan vətəndaşlarının bəhrələnməsi üçün əlindən gələni edəcək. Biz yeni layihələr üzərində birgə işimizi davam etdiririk. Belə forumları nəinki Almaniyada, eləcə də dünyanın bir çox digər ölkələrində yaşayan azərbaycanlı həkimlərlə birgə keçirmək qarşıya qoyulan əsas məqsədlərdən biridir.








Redaktorun seçimi