"COVID-19 və xəstəxanadaxili infeksiyalar" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Hit: 537
"COVID-19 və xəstəxanadaxili infeksiyalar" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Fevralın 25-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə "COVID-19 və xəstəxanadaxili infeksiyalar" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
 
Faktor.az xəbər verir ki, infeksionist, terapevt, cərrah və anestezioloq-reanimatoloqların iştirakı ilə keçirilən konfransda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev qlobal təhlükə hesab edilən COVID-19 pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə uğurlu əksepidemik tədbirlərin icra olunduğunu bildiriblər. Qeyd edilib ki, indiyədək 1800-dən çox COVID-19 xəstəsi Mərkəzi Gömrük Hospitalında stasionar müalicə almış, onlardan ağır və kritik ağır vəziyyətdə olan 250-dən çox xəstə reanimasiya və intensiv terapiya şöbəsində müalicə kursu keçib. Hospitalda invaziv və qeyri-invaziv respirator dəstək aparatlarına qoşulan xəstələr arasında sağalanlar 68,7 faiz təşkil edib. Ölkəmizdə ilk dəfə koronaviruslu xəstələrin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan məhz Mərkəzi Gömrük Hospitalında istifadə olunub və bu ilk təcrübə çox uğurlu nəticələr verib.
 
Konfransın açılışında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) departament rəhbəri Yaqut Qarayeva, Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşı, “Sağlamlıq üçün Həmrəylik” Təşəbbüsü layihəsinin rəhbəri Tural Qulu çıxış ediblər.
 
Konfransın elmi hissəsində Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayevin moderatorluğu ilə davam edən elmi hissədə Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva “Xəstəxanadaxili infeksiyalar: ümumi yanaşma və diqqət edilməli vacib məqamlar”, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19 və xəstəxanadaxili rezistent bakterial infeksiyalar”, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev “COVID-19 və xəstəxanadaxili funqal infeksiyalar”, Mərkəzi Gömrük Hospitalının həkim-metodisti Səttar Yaqubov “COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olan tibb müəssisələrində infeksiyaya nəzarətin əsasları - yerli təcrübə”, Florence Nightingale Xəstəxanalar Qrupunun həkim-infeksionisti Feride Gökçe Demir “COVID-19 pandemiyası zamanı xəstəxanadaxili infeksiyalarla mübarizədə Türkiyə təcrübəsi” və Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Mehdi Əliyev “COVID-19 və septik şok” mövzularında məruzələrlə çıxış ediblər.








Redaktorun seçimi