“Almaniyada olan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası 10 il əvvəl ilə müqayisədə daha fərqlidir”

Hit: 871
“Almaniyada olan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası 10 il əvvəl ilə müqayisədə daha fərqlidir”

Nuran Abdullayev: “Bu da özünü məqsədli şəkildə inkişaf etdirmək istəyi ilə gələn insanlarımızın sayının çoxalması ilə əlaqədardır”

Almaniyada fəaliyyət göstərən həkim, Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədri seçilib.
Alyansla bağlı məqsədlərim və planlarının böyük oldğunu önə çəkən Nuran Abdullayev “bunları da qısa zaman çərçivəsində yerinə yetirməyi özümə borc bilirəm”,- deyə əlavə edib. N.Abdullayev “Xalq Cəbhəsi”nə müsahibəsində perspektivlər və planlar haqqında danışıb.
 
-Almaniya Azərbaycanlıları Alyansı nə zaman təsis olunub, əhatə dairəsini necə xarakterizə etmək olar və əsas fəaliyyət istiqamətləri necə olacaq?
 
-Almaniya Azərbaycanlıları Alyansı 2019-cu ildən aktiv fəaliyyətə başlayıb və fəaliyyət istiqamətinin əsasında mərkəzləşdirilmiş şəkildə Azərbaycan həqiqətlərinin və mədəniyyətinin Almaniyada təbliği durur. Eyni zamanda Almaniya ilə təhsil, elm və mədəniyyət mübadiləsi də Almaniya Azərbaycanlıları Alyansının fəaliyyət istiqamətlərindəndir.
 
-Azərbaycan cəmiyyəti sizi həkim kimi tanıyır. Amma diaspor fəaliyyəti həm də siyasi fəaliyyətdir? Gələcəkdə siyasətçi kimi fəaliyyət göstərmək planları varmı?
 
-Mən ilk peşə fəaliyyətimə Almaniyada həkim kimi başlamışam. Bununla yanaşı artıq Almaniyada bir neçə ildir ki, Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətini təsis etmişəm və hazırda həm də onun sədri kimi fəaliyyət göstərirəm. Bununla yanaşı öz sahəmdə
Almaniyada ən gənc azərbaycanlı tibb elmləri doktoru adını qazanmışam və Avropa Radiologiya cəmiyyətində elmi işi təqdim olunan ilk azərbaycanlı olmuşam. Ümumiyyətlə isə bir azərbaycanlı olaraq Almaniyada bundan başqa mənim bir çox böyük uğurlarım olub. O uğurlara diqqət yetirən zaman aydın olur ki, onlar nəinki tibbi və ya elmi, həmçinin də ictimai-siyasi fəaliyyətdir.
 
-Uzun illərdir ki, Almaniyada yaşayırsınız. Orada kifayət qədər həmvətənimiz yaşayır. Azərbaycanlıların yerli cəmiyyətə interqasiyası ilə bağlı düşüncələriniz necədir? Bu prosesi hazırda qənaətbəxş hesab etmək olarmı?
 
-Almaniyada olan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası 10 il əvvəl ilə müqayisədə daha fərqlidir, yaxşı mənada fərqlidir. Növbəti 10 illikdə isə daha da yaxşı olacaq. Bu da bura özünü məqsədli şəkildə inkişaf etdirmək istəyi ilə gələn insanlarımızın sayının çoxalması ilə əlaqədardır.
 
-Avropada kifayət qədər diaspor təşkilatları yaradılıb, amma hamısı uğurlu olmayıb. Təşkilatın uğurlu fəaliyyət göstərməsi üçün nə lazımdır və siz fərqli fəaliyyət ortaya qoya biləcəksinizmi?
-Təşkilatın uğurlu olması üçün fərqli istiqamətlərdə eyni məqsəd uğrunda çalışan insanların orada yer alması vacibdir. Bu cür fəaliyyət istiqamətini də son illər dünyanın bir çox ölkələrində olan Azərbaycanın uğurlu diaspora təşkilatlarında görürük. Bunun da əsas səbəblərindən biri son illərdə Azərbaycanın diaspora ilə iş fəaliyyətindəki yeni ruhun hiss edilməsi və fərqli şəkildə iş prinsiplərinin ortaya qoyulmasıdır ki, bu da birbaşa Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun yorulmaz fəaliyyəti ilə bağlıdır. Bu cür fəaliyyət xaricdə yaşayan bizi kimi Vətəninə bağlı gəncləri daha da ruhlandırır və fəaliyyətimizdə məsuliyyətimizi bir daha artırır.
 
-Almaniyada, yaxud Avropada elm sahəsində sizin tanıdığınız uğur qazanmış həmvətənlərimiz yetərincədirmi və onların diaspor fəaliyyətinə daha çox vaxt ayırması Azərbaycana hansı dividentləri gətirə bilər?
 
-Bu cür fəaliyyətlə məşğul olan kifayət qədər gənclərimiz var. Məhz Almaniyada yaşayan bu cür gənclərin yaxın gələcəkdə Almaniya Azərbaycanlıları Alyansı ilə birgə layihələrini də planlayırıq ki, bunların da uğurlu olacağına əminəm.
-Köln şəhərinin səhv etmirəmsə 1 milyon əhalisi var və onların 300 minə qədəri Türkiyə türkləridir. Onlar bizdən daha əvvəl Avropaya köç ediblər və çevrələri daha genişdir. Qardaş ölkənin elm adamları ilə münasibətlər hansı səviyyədədir? Eyni zamanda onlarla birgə koordinasiyalı fəaliyyəti irəli daşımaq mümkün olacaqmı?
 
-Əslində bu istiqamətdə həm Almaniya Azərbaycanlıları Alyansının, həm də mənim bir çox fəaliyyətlərimiz var. Məqsədimiz bu cür birgə fəaliyyətlərimizi bundan sonra ictimaiyyətə də bildirmək və daha da böyük layihələr həyata keçirməkdir.








Redaktorun seçimi