«Exokardioqrafik müayinələrin ziyanı yoxdur»

Hit: 616
«Exokardioqrafik müayinələrin ziyanı yoxdur»
Uşaqlarda ürək xəstəliklərinin vaxtında aşkarlanması üçün exokardioqrafik müayinələrin aparılması çox faydalıdır. Bu barədə ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq kardioloqu Elşən Rzayev məlumat verib. Onun sözlərinə görə, uşaqlarda bu tip müayinələrin riskli olmasına dair fikirlərin heç bir əsası yoxdur:
 
«Bəzən valideynlər əməliyyatdan öncə və ya sonra anadangəlmə ürək qüsurlu uşaqları belə müayinələrə aparmağa tərəddüd edirlər. Lakin bilmək lazımdır ki, exokardioqrafik müayinələrin heç bir ziyanı yoxdur. Zərərli müayinələr əsasən rentgen şüaları ilə bağlıdır. Exokardioqrafiya müayinəsi isə yalnız ultrasəs dalğalar üzərindən işləyən cihazla aparıldığından, hansısa təhlükəsi yoxdur».
 
Kardioloq Elşən Rzayev qeyd edir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası ən son texnologiyalara uyğun tibbi avadanlıqlarla təchiz olunub. Klinikada müasir tələbələrə cavab verən mövcud cihazlar hər cür kardioloji diaqnostika aparmağa, bütün növ ürək qüsurlarını aşkarlamağa imkan verir.
 
Xatırladaq ki, ATU-nun Onkoloji Klinikası, Regional İnkişaf Birliyi və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının dəstəyi ilə həftə sonları müxtəlif ixtisaslı həkimlərin regionlara səfərləri təşkil olunur. Layihə çərçivəsində ikinci Vətən müharibəsi qazilərinə, şəhid ailələri üzvlərinə müxtəlif profilli tibbi xidmətlər göstərilir. Həmçinin, ATU klinikalarında da mütəmadi olaraq belə müayinə aksiyaları təşkil olunur. ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq kardioloqu Elşən Rzayev bu cür aksiyaların da bir sıra xəstəliklərin vaxtında aşkarlanması və önlənməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyir.








Redaktorun seçimi