“Omikron ştammında xəstəliyin gedişatı daha yüngüldür” - Nuran Abdullayev

Hit: 873
“Omikron ştammında xəstəliyin gedişatı daha yüngüldür” - Nuran Abdullayev
“Son elmi tədqiqatlar göstərir ki, Omikron ştammına yoluxma zamanı xəstəliyin gedişatının ağırlıq dərəcəsi bu günə qədər olan ştammlarla müqayisədə daha da yüngüldür”.
 
Bu barədə APA-ya açıqlamasında Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
 
Tibb elmləri doktoru bildirib ki, çox vacib statistik məlumatları özündə cəmləşdirən İngiltərənin Imperial College Report-dan olan tədqiqatı bizə çox önəmli elmi nəticələri göstərir. Belə ki, tədqiqatda Delta və Omikron ştammları ilə yoluxanların müəyyən zaman keçdikdən sonra xəstəxanaya düşmələri dəyərləndirilib və bu risk ştammlar arasında müqayisə olunub. Nəzərinizə çatdırım ki, bu cür statistik müqayisələri aparmaq elmi arenada heç də sadə məsələ deyil və bu səviyyədə tədqiqat üçün sistemləşdirilmiş səhiyyə sistemi və şəffaf qeydiyyat, eləcə də güvənli elmi məktəb önəmlidir.
 
"Tədqiqatla sübut edilir ki, peyvənd statusu nəzərə alınmadan virusa yoluxma Omikronla baş verərsə Delta ilə müqayisədə xəstəxanaya düşmə riski 30 faizə qədər azdır, eləcə də 30 faiz daha az insan xəstəxanaya getməli olur Delta ilə müqayisədə. Bundan başqa reinfeksiyalara, yəni ikinci dəfə virusa yoluxma hallarına baxdıqda da çox önəmli nəticələri görürük. Belə ki, bu insanlarda da xəstəxanaya düşmə riski 55-70 faiz arasında azalmışdır ki, bu nəticə də Cənubi Afrikada gördüyümüz mənzərəni bizə bir daha izah edir", - deyə N. Abdullayev bildirib.
 
Tibb elmləri doktoru əlavə edib ki, daha da vacib nəticələri tədqiqatda peyvənd olunmamışlara diqqət yetirdikdə görürük. Belə ki, onlarda da riskin 24 faiz aşağı düşdüyünə rast gəlinir. Bu cür insan qrupları yer alan bu yeganə tədqiqatın bu cür nəticələrini bilmək ona görə önəmlidir ki, belə peyvənd olunmayanlar bütün cəmiyyətlərdə var və bunlar 2022-ci ilin ən ciddi problemlərindən olacaq: "2 dəfə peyvənd olunanlara nəzər saldıqda isə görürük ki, xəstəxanaya düşmə riski 34 faiz və 3 dəfə peyvənd olunanlarda isə 63 faiz aşağı düşmüşdür. Bu da onu deməyə əsas verir ki, bu gün üçün Omikronda daha effektiv qorunmağın rolu buster peyvəndlərdir ki, bunu da insanlar, xüsusən də yaşı 60-dan çox olanlar və risk qrupunda olanlar bilməlidir".








Redaktorun seçimi