Gömrük Hospitalının oftalmoloqu “Korluğun əsas səbəbləri” haqqında məlumat verib

Hit: 387
Gömrük Hospitalının oftalmoloqu “Korluğun əsas səbəbləri” haqqında məlumat verib
Dünyada milyonlarla insan korluqdan əziyyət çəkir. Korluq görmə qabiliyyətinin itirilməsidir. Ətraf mühit haqqında informasiyanın 90%-i gözlə alındığına görə görmənin zədələnməsi, itirilməsi insanlara neqativ təsir edir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün tor qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası (AMD), buynuz qişanın patologiyası, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir.
 
Dünyada, həmçinin, yaşın artması və nəzarət olunmayan şəkər xəstəliyi ilə bağlı korluq da geniş yayılıb. Görməni təmin edən torlu qişanın, görmə siniri və makulanın zədələnməsi ilə müşayiət olunan xəstəliklər korluqla nəticələnir. Xəstəliyin vaxtında aşkar olunması və müalicənin dərhal aparılması üçün mütəmadi maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir.
 
Dünyada hər il görməsini itirən insanların sayı 45 000 artır. Korluqla mübarizə durmadan davam etdirilərsə, həmin insanların 80%-də korluğun qarşısı alına bilər. Gözlərin müayinəsi və eynəklərlə təminat nəticəsində yer kürəsində 153 milyon insanın həyatı dəyişə bilər. Ümumdünya Səhiyyə Təşkilatı sadalananların reallaşacağını mümkün hesab edir. Ölkəmizdə korluq və görmə qüsurlarının qarşısının alınması üçün dövlət səviyyəsində mühüm tədbirlər görülür.
 
Statistik məlumatlara əsasən, dünya əhalisinin 4%-i ciddi görmə qüsurlarından və ya korluqdan əziyyət çəkir. Görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 1,5 milyon uşaq tam korluqdan əziyyət çəkir. Belə ki, korluq uşaqların, gənclərin gələcək inkişafında özünü formalaşdırmada, reallaşdırmada maneələr yaradır. Sonradan görməsini itirənlərdə korluq həyat keyfiyyətinə təsir edir, onların gündəlik aktivlikləri zəifləyir, asılılıq, psixoemosional pozğunluqlar, depressiyalar yaranır, əmək fəaliyyəti itir, zədə və travmaların riskini artırır.
 
Yaşla bağlı makula degenerasiyası, piqmentli retinitlər zamanı görməsini sonradan itirən pasiyentlər üçün “bionik gözlər” ixtirası, tətbiqi üzrə müsbət nəticə verən araşdırmalar 1997-ci ildən aparılır (Avstraliya). Retinal protez vasitəsilə elektrik impulsları gözə implantasiya olunmuş çipə verilir, sinir hüceyrələri stimulyasiya olunur və beyinə siqnallar ötürülür.
 
Göz önündə isə xüsusi kameralı eynək yerləşdirilir. Mürəkkəb və bahalı texnika belə mexanizmlə pasiyentləri bir neçə saniyəlik görmə ilə təmin edir. Bionik gözdəki görmə sağlam bir gözün görməsi kimi olmasa da, heç görməyən xəstə üçün bu olduqca dəyərlidir. Xəstələrin görməsi kompüterdəki pikseller kimi və ağ-qara rəngdə olur.







Redaktorun seçimi