Mərkəzi Gömrük Hospitalında rezidentlərlə görüş keçirilib

Hit: 629
Mərkəzi Gömrük Hospitalında rezidentlərlə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan rezidentlərlə görüş keçirilib.
 
Faktor.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisləri və rezidentlər iştirak ediblər.
 
İlk öncə Dr. İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalında rezidenturaya yeni qəbul olunmuş rezidentləri təbrik edib, onların yüksəkixtisaslı həkim kimi yetişməsi, elmi araşdırmaların aparılması üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verib. Öz çıxışında Dr. İsmayıl Əfəndiyev rezidentlər üçün beynəlxalq mübadilə proqramlarda iştirak etmək imkanları barədə söhbət açıb, tədris proqramının faydalı yerinə yetirilməsi və kuratorlarla münasibətlərin düzgün qurulması ilə bağlı məsləhətlər verib.
 
Eyni zamanda, Dr. İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalında təhsil alan bütün rezidentlərin öz sahələri üzrə xarici ölkələrdə və ölkədaxili konfranslarda, konqreslərdə, rotasiyalarda iştirak etmək üçün Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin verə biləcəyi kömək və töhfələr barəsində danışıb. DGK Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə keçirilən elmi konfranslarda fəal iştirak etmələrini, elmi işlərdə aktiv olmalarını onlara tövsiyə olunub. Belə ki, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən bu konfranslar onların gələcəkdə peşəkar həkim kimi yetişməsində əhəmiyyətli rola malikdir.
 
Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova öz növbəsində rezidentlərə xarici ölkə universitetlərində rotasiyalar üçün müraciət qaydalarını izah edib. Dr. Rəna Qasımova Mərkəzi Gömrük Hospitalının Azərbaycan səhiyyəsində xüsusi yeri olduğunu bildirib və burada həyata keçirilən unikal əməliyyatlar barədə məlumat verib. Tədbirin sonunda rezidentlərin fikirləri, problemləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında 2018-ci ildən yaradılmış rezidentura təhsilinin əsas məqsədi gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik, savadlı həkimlər yetişdirməkdir.








Redaktorun seçimi