Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi SKX-nin əməkdaşları təlim kursunda iştirak ediblər

Hit: 874
Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi SKX-nin əməkdaşları təlim kursunda iştirak ediblər
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Sanitar-Karantin Xidmətinin (SKX) baş müfəttişləri İxtiyar Muxtarov, Müşfiq Qəhrəmanov, Əli Məmmədov və Hüseyn Qasımov 16 sentyabr və 3 noyabr 2021-ci il tarixlərində keçirilmiş “Təməl Həyata Dəstək (BLS - Basic Life Support) üzrə təlimçilərin təlimi” kursunda iştirak ediblər.
 
Faktor.az xəbər verir ki, təlimlər Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsi və “Uptodate in Medicine” şirkətinin dəstəyi ilə təşkil olunub.
 
Təlim iştirakçıları ilk yardımın məqsədləri və tətbiqi halları, zərərçəkmişin vəziyyətinin qiymətləndirilməsi, təkmilləşmiş tibbi yardımın çağırışı proseduru, ürək massajı, xilasedici süni tənəffüs, ürək – ağciyər reanimasiyası (CPR), Avtomatik Xarici Defibrilyatorun (AED) istifadə alqoritmi, ürək və tənəffüsün dayanması zamanı praktiki məşğələlər, eləcə də maneken üzərində ürək-ağciyər reanimasiyası, süni tənəffüs və s. mövzularda bilik və bacarqlara yiyələniblər.
 
Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi SKX-nin baş müfəttişləri Amerika Kardiologiya Assosiasiyasının tədris proqramına uyğun olaraq təlimi uğurla başa vurduqlarına görə sertifikatlara layiq görülüblər. İştirakçılar, həmçinin praktiki simulyasiya və yazılı imtahan vasitəsilə qiymətləndiriliblər. Onlar ilk dəfə rəsmi peşəkar təlimçi hüququnu qazanıblar.
 
Qeyd edək ki, Sanitar-Karantin Xidmətinin əməkdaşlarının təlimlərdə iştirakının əsas məqsədi hər hansı qəza zamanı təcili tibbi yardım briqadası gələnədək zərərçəkmişləri həyatda saxlamaq məqsədilə ilkin yardım göstərmək, bu sahə üzrə bilik və bacarıqları təkmilləşdirmək və gələcəkdə bu cür təlimlərin onlar tərəfindən Dövlət Gömrük Komitəsinin gömrük-sərhəd buraxılış məntəqələrində xidmət aparan əməkdaşlara keçirilməsidir.








Redaktorun seçimi