“COVID-19: Erkən və Gecikmiş Fəsadlar” mövzusunda Beynəlxalq Elmi Konfrans

Hit: 771
“COVID-19: Erkən və Gecikmiş Fəsadlar” mövzusunda Beynəlxalq Elmi Konfrans
Bakıda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə “18-24 noyabr Ümumdünya Antibiotiklərlə Bağlı Maarifləndirmə Həftəsi”nə həsr edilmiş “COVID 19: Erkən və Gecikmiş Fəsadlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.
 
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Faktor.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamlayıb. O, Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunda söylədiyi nitqdən sitat gətirərək ölkəmizdə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
 
“Ümumilikdə pandemiya ilə mübarizə aparmaq üçün ölkəmizdə 46 dövlət xəstəxanası ayrılıb. Bu ayrılmış xəstəxanalardan biri olan Mərkəzi Gömrük Hospitalı artıq il yarımdır ki, yalnız koronavirus xəstələrinin müalicəsi ilə məşğul olur. Bu müddət ərzində 1600-dən çox COVID-19 xəstəsi Mərkəzi Gömrük Hospitalında stasionar müalicə alıb, onlardan ağır və hədsiz ağır vəziyyətdə olan 233 pasiyent isə reanimasiya və intensiv terapiya şöbəsində müalicə olunub. Bu xəstələrdən 183-ü ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub, o cümlədən 16 pasiyentin müalicəsində ekstrakorporal membran oksigenasiyası üsulundan istifadə edilib”, - deyə İdarə rəisi bildirib.
 
COVID-19 üzərində qələbənin ən effektiv üsulunun vaksinasiya olduğunu vurğulayan C.Məmmədov Azərbaycanda vaksinasiya kampaniyasının uğurlu olmasında dövlət-xalq həmrəyliyinin mühüm rol oynadığını qeyd edib. Çıxışı zamanı Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə uğurlu əməkdaşlığı barədə də məlumat verən C.Məmmədov çıxışının sonunda konfransın Azərbaycanda koronavirusla mübarizəyə layiqli töhfəsini verəcəyinə inandığını söyləyib və pandemiya dövründə olan fəaliyyətlərinə görə bütün həmkarlarına təşəkkür edərək konfransın işini açıq elan edib.
 
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycan COVID-19-la mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə etməklə 30-dan çox ölkəyə humanitar yardım göstərib.
 
Bir çox dövlət qurumlarının rəsmi nümayəndələrinin iştirak etdiyi konfransın açılış hissəsində, eyni zamanda, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı da çıxış edib.
 
Rəsmi açılış hissəsindən sonra konfransda Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri dosent Cəlal İsayev və Ege Hospitalın həkim-endokrinoloqu Dr. Xəyyam Eyvazovun moderatorluğu ilə “COVID-19: Erkən dövr fəsadları” paneli başlayıb.
 
150 nəfərin əyani, 500-dən çox mütəxəssisin onlayn olaraq iştirak etdiyi konfransda 2 paneldə azərbaycanlı və türkiyəli aparıcı ekspertlər tərəfindən ümumilikdə 19 məruzənin dinlənilməsi və konfransın panel müzakirələri və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəkildə aparılması nəzərdə tutulub.
 
Günün ikinci yarısında isə konfrans Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov və “Mediland Hospital”ın həkim-nefroloqu Dr. Elnur Fərəcovun moderatorluğu ilə “COVID-19: Gecikmiş dövr fəsadları” paneli ilə davam edir.
 
Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tərəfindən 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın müvafiq yarımbəndlərinin (2.1.6. vaksinasiyanın səmərəliliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi; 15.3.3. Postvaksinal ağırlaşmaların təsnifatlaşdırılması (ehtimal olunan, gözlənilməyən və qeyri-müəyyən ağırlaşmalar üzrə); 15.5.1. Kütləvi informasiya vasitələri və aidiyyəti qurumlar vasitəsilə COVID-19 xəstəliyi əleyhinə vaksinasiyanın təşviqi və əhalinin məlumatlandırılması) icrasına töhfə vermək məqsədilə həyata keçirilib.
 
Hibrid şəkildə həyata keçirilən konfransa olan yüksək maraq nəzərə alınaraq tədbir, eyni zamanda, Mərkəzi Gömrük Hospitalının rəsmi feysbuk səhifəsi üzərindən də canlı yayımlanıb.
 
Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunaraq 8 DTT balı qazanıb.








Redaktorun seçimi