Bu əməliyyatı Azərbaycanda ilk dəfə “Leyla Medical Center”də Natiq Məhərrəmov icra etdi

Hit: 2063
Bu əməliyyatı Azərbaycanda ilk dəfə “Leyla Medical Center”də Natiq Məhərrəmov icra etdi
Azərbaycanda ilk dəfə olaraq “Leyla Medical Center”də laparoskopik serklaj (laparoskopik transabdominal istmiko-servikal serklaj) əməliyyatı icra olunub. Cərrah mama-ginekoloq Natiq Məhərrəmov tərəfindən həyata keçirilən əməliyyatdan sonra hamilə qalan pasiyentlərdən biri artıq qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirib. 
 
Bu barədə keçirdiyi mətbuat konfransında həkim Natiq Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, dünyada bu tip əməliyyatlar o qədər geniş olmasa da, aparılır. Lakin “Leyla Medical Center”də əməliyyatdan sonra hamiləliyin 38-ci həftəyə qədər aparılması dünyada yenilikdir:
 
“Uşaqlıq boynunun daxili dəliyinin yetməzliyi çox ciddi problemdir və dünya alimləri bunun üzərində çalışırlar ki, preterm doğum olmasın. Preterm doğumların qarşısını almaq üçün bir sıra metrodlardan istifadə olunsa da, onların çoxu az qənaətbəxş olub. Daha sonra açıq üsulla uşaqlıq boynuna daxili dəlik səviyyəsində tikiş qoyulmasına başlanıb. Lakin bu gələcək analar üçün birincili travma idi, belə ki, uşaq doğulmamış qarın açılırdı. Hazırda isə müasir dövrün tələbinə uyğun olaraq laparoskopla serklaj tikişi həyata keçirilməyə başlanıb. Dünyada bir neçə ölkədə - ABŞ-da və Avropa ölkələrində bu var, İranda, Türkiyədə və digər ölkələrdə bir neçə mərkəzdə icra olunub. Azərbaycanda isə ilk dəfə 2020-ci il yanvarın 27-də 10 dəfə uğursuz hamiləlik keçirən Q. M. üzərində icra olunub. Hazırda pasiyent hamiləliyinin 38-ci həftəsindədir və normal hamiləlik keçirir”.
 
Həkimin sözlərinə görə, Azərbaycanda indiyə qədər uşaqlıq boynunun yetməzliyindən əziyyət çəkən ümumilikdə 4 qadın üzərində sözügedən əməliyyatı icra edib. Bir pasiyent noyabrın 1-də hamiləliyin 38-ci həftəsində sağlam qız övladı dünyaya gətirib. İki pasiyent hazırda hamiləliyin 18 və 37-ci həftələrindədir. Sonuncu pasiyentə isə əməliyyat  yeni icra olunduğu üçün hamiləliyə icazə verilməyib.
 
N. Məhərrəmov həmçinin əlavə edib ki, laparoskopik transabdominal istmiko-servikal serklaj əməliyyatı öncəki hamiləliklərində təkrar düşükləri olan və ən azı iki uğursuz vaginal serklajı olan xəstələrdə icra olunur. Vaginal serklajdan üstünlükləri ondan ibarətdir ki, əməliyyat zamanı daha az qan itkisi olur, yataq rejiminə ehtiyac olmur, progesteron istifadəsinə ehtiyac olmur, xəstələr normal həyat fəaliyyatinə davam edə bilirlər. Uşaqlıq boynunun daxili dəliyinin yetməzliyi olan xanımlar əvvəllər uzanıq vəziyyətdə hamiləliyi keçiridilər. Lakin bu hamilələrdə təkrar kəsiklərin olmaması, əməliyyatın qapalı üsulla icra olunması əsas üstünlüyüdür. Bütün laparoskopik  serklaj əməliyyatı icra olunan hamilələr mütləq qeysəriyyə üsulu ilə hamiləliyi sonlandırılmalıdır.
 
Həkim vurğulayıb ki, hazırda ölkədə bu geniş populyarlıq qazanmadığına görə, bu əməliyyat insanlara o qədər də tanış deyil. İki il ərzində əməliyyat üçün cəmi 5 nəfər müraciət edib. Beşinci pasiyent də bu yaxınlarda əməliyyat olunacaq. Lakin ölkədə bu problemdən əziyyət çəkən həddindən artıq çox qadın var. 
 
Maliyyə tərəfinə gəlincə isə, həkim bildirib ki, sözügedən əməliyyat “Leyla Medical Center”də xarici ölkələrdən xeyli ucuz başa gəlir: “Laparoskopik  serklaj əməliyyatı xaricdə çox bahadır. Bundan əlavə, xaricə gedəndə bilet, viza, hotelda qalma və digər xərclər də var. Amma biz Azərbaycanda bu əməliyyatı çox ucuz qiymətə etmişik. Çünki bizim məqsədimiz xalqa, təbabətə xidmətdir”. 








Redaktorun seçimi