"Əminəm ki, bütün xalqımız mənimlə həmfikirdir"

Hit: 721
"Əminəm ki, bütün xalqımız mənimlə həmfikirdir"
“Dövlət başçımız bildirdi  ki, 2021-ci ildə keçiriləcək illik Qlobal Bakı Forumunu müzakirə edəndə biz Bakıda belə geniş təqdimatların olacağını heç təsəvvür etmirdik. Bu forum onu göstərir ki, COVID ilə bağlı vəziyyət yaxşılaşır. Forumun gündəliyinin çox geniş olduğunu bidirən Prezidentin öncə qlobal gündəlikdə bir nömrəli məsələ olan pandemiya ilə bağlı çıxış etməsi xüsusi dəyərləndirilməlidir”. Bu fikirləri “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID – 19-dan sonrakı dünya” mövzusunda 8-ci Qlobal Bakı Forumunda dövlət başçısının çıxışına münasibət bildirərkən dedi. Y. Abdıyeva söhbət əsnasında, bunları da bildirdi:
 
    – Dövlət başçısı çıxışında bildirdi ki, hazırkı dövrü postpandemiya adlandırırlar. Müxtəlif ölkələr bu məsələyə fərqli yanaşdıqlarına görə, biz bilmirik ki, artıq postpandemiya dövrüdür, yoxsa deyil. Azərbaycan bu xəstəliyin, böhranın baş qaldırdığı vaxtdan, lap əvvəldən həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çox fəal addımlar atmışdır. Qısa müddət ərzində ümumi çarpayı sayı demək olar ki, 4 min olan 13 yeni dövlət xəstəxanası açılmış və ümumilikdə pandemiya ilə mübarizə aparmaq üçün 46 tibb müəssisəsı ayrılmışdır. Koronavirus xəstələrinin müalicəsi üçün modul tipli xəstəxanalar qurulmuşdur. Hazırda ölkəmizdə qapanma aradan götürülüb. Vəziyyət nəzarət altındadır. Yoluxmaların sayını minimuma endirmək üçün yeganə məhdudiyyət odur ki, qapalı məkanlarda maska taxmaq məcburidir.
 
      Ölkədə, pandemiya yeni başlayanda tətbiq edilən qapanmaların yükünü azaltmaq üçün ciddi tədbirlər görüldü. 2020-ci və 2021-ci illərdə işini itirmiş, məhdudiyyətlərdən əziyyət çəkən insanlar üçün dövlət büdcəsindən ümumi dəyəri 2,9 milyard ABŞ dolları  həcmində sosial – iqtisadi yardım paketi ayrıldı. Bu il yanvarın 18-dən regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başlanıldı. İndiyədək yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Əsasən iki peyvənddən – “Sinovac” və “Pfizer”dən istifadə edilir. Ölkədə peyvəndləmə səviyyəsi yüksəkdir. Bu, əlbəttə ki, dövlət siyasəti sayəsində mümkün olmuşdur. Prezident vuğuladı ki, eyni zamanda, bildirmək istərdim ki, əhalimizin bu məsələyə çox məsuliyyətlə yanaşması bizdə məmnunluq doğurur və peyvəndləmə məcburi deyil.
 
     Yazgül Abdıyeva Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının Sammitində BMT-nin Baş Assambleyasının COVID-ə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə bağlı fikirlərinə də münasibət bildirdi:
 
   – Cənab Rezidentin həmin sammitdəki çıxışı və xüsusi sessiyanın keçirilməsi ilə bağlı təşəbbüsü beynəlxalq birliyin mütləq əksəriyyəti tərəfindən dəstəkləndi və bu xüsusi sessiya keçən ilin dekabr ayında təşkil edildi. Prezident haqlı olaraq bunu, ölkəmizin qlobal məsələlərin müzakirəsinə olan töhfəsi adlandırdı. Eyni zamanda, qeyd etdi ki, biz BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs irəli sürdük: “Biz qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Beləliklə, biz bərabər imkanların yaradılması üçün bu məsələni müzakirə etməliyik”.
 
      Dövlət başçımız, həmçinin qeyd etdi ki, bizim təşəbbüsümüzlə COVID – 19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-ə öz dəstəyini düzgün planlaşdırmaqda və proqnozlaşdırmaqda kömək edir. Qoşulmama Hərəkatının sədri qismində biz 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı etmişik. Biz təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin etmişik. Eyni zamanda, biz yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi etmişik. Bunlar bizim qlobal səviyyədə atdığımız addımlardır. Əlbəttə, beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi və dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşma nümayiş etdirməsi bu xəstəliyin öhdəsindən gəlməyə yardım edəcək.
 
     Y. Abdıyeva sonda ölkədə vətəndaşların da qaydalara doğru-düzgün əməl etdiklərini, vaksinasiyaya münasibətin yaxşılaşdığını diqqətə çatdırdı:
 
      – Azərbaycan Prezidentinin bu çıxışını səhiyyə işçisi kimi çox yüksək qiymətləndirirəm. Əminəm ki, bütün xalqımız mənimlə həmfikirdir. Mən hələ Avropa ölkələrini, Amerikanı demirəm, qonşu Rusiya, qardaş Türkiyə ilə müqayisədə ölkəmizdə koronavirusa yoluxma, ölüm sayı xeyli aşağıdır. Bu da vaxtında görülmüş tədbirlər, lazım olan vacib qapanmalar və məhdudiyyətlər nəticəsində əldə edilmişdir. Görürük ki, əhalinin vaksinasiyaya münasibəti də ilin əvvəlindəki kimi qeyri-müəyyən deyil və hər kəs könüllü olaraq peyvənd vurdurur. Hazırda 3-cü doza peyvənd vurduranların sayı da günbəgün artır. Əminəm ki, bu forumun nəticələri də öz əhəmiyyətini tezliklə göstərəcək. ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesusun videobağlantı vasitəsilə Azərbaycan Prezidentinə minnətdarlığını bildirməsi, təşkilata maliyyə yardım göstərdiyinə görə təşəkkür etməsi xüsusi dəyərləndirilməlidir.
 
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”








Redaktorun seçimi