Gələcək perspektivləri müzakirə olunub

Hit: 765
Gələcək perspektivləri müzakirə olunub
3 noyabr 2021-ci il tarixində  Mərkəzi Gömrük Hospitalında Florence  Nightingale Xəstəxanalar Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə  Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, baş həkimin müavini Bəxtiyar Musayev və  Florence  Nightingale Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran, Beynəlxalq şöbənin regional direktoru Fuad Ağazadə və layihə mütəxəssisi Levent Cırpıcı iştirak ediblər. 
 
Görüş iştirakçılarını salamlayan Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov qeyd edib ki, “2019-cu il  mayın 3-də Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Florence  Nightingale Xəstəxanalar Qrupu arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu hər iki tərəf üçün faydalı oldu. Artıq 2 ildən çoxdur ki, tibb sahəsində əlaqələrimizin möhkəmləndirilməsinə, inkişafına xidmət edən bu əməkdaşlıq çərçivəsində xeyli işlər görülüb, müştərək elmi konfranslar, simpoziumlar, ixtisasartırma kursları, xeyriyyə aksiyaları keçirilib, tibbi təhsil sahəsində qarşılıqlı əlaqələr genişləndirilib, təcrübə mübadiləsi aparılıb. 
 
Mərkəzi Gömrük Hospitalının və Florence Nightingale Xəstəxanalar Qrupunun aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən qarşılıqlı elmi-praktiki tədbirlər, müştərək elmi-tədqiqat işləri, birgə əməkdaşlıq nəticəsində  Azərbaycan səhiyyəsində yeniliklərin tətbiqinə, yeni elmi nailiyyətlərin əldə edilməsinə şərait yaradılıb. Əminəm ki, bugünkü görüşümüz xəstəxanalarımız arasında qurulan bu faydalı əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinə kömək edəcək”.
 
Florence  Nightingale Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran  dəvətə görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəhbərliyinə təşəkkür etmiş və əminliyini bildirmişdir ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, tibb sahəsində də qarşılıqlı faydalı əməkdaşlıq gələcəkdə də davam etdiriləcək. Görüşdə hər iki ölkənin aparıcı tibb müəssisələri olan Mərkəzi Gömrük Hospitalı ilə Florence  Nightingale Hastaneler Qrupu arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
 








Redaktorun seçimi