Virusa yoluxma hallarının artması ciddi xəbərdarlıqdır

Hit: 598
Virusa yoluxma hallarının artması ciddi xəbərdarlıqdır
İki ilinin tamamlanmasına az müddət qalmasına baxmayaraq COVID-19 dünyamızın düzənini alt-üst etməkdə israrlı görünür. İqtisadçıların dili ilə deyilsə «yüksələn xətlə inkişaf edən», mutasiyaya uğrayaraq «Alfa», «Betta», «Qamma» həndəsi, riyazi terminlərə bənzədilən pandemiyanın sürətlə yayılan «Delta»sı ilə bağlı mütəxəssis açıqlamaları daha böyük təşviş yaradır. El ilə gələn dərdin toy-bayram kimi qarşılanması barədə müdriklərdən qalan hikməti koronavirus haqqında deyə bilmərik. Geniş mənada anlaşılan dünya böyüklükdə «elə» böyük ağrı- acı yaşadan pandemiyanın yaranması qəfil bəla olduğu kimi, onun nə vaxt qurtaracağı da bəlli deyil. Ən ağır kədəri, qəmi taleyin qisməti kimi qarşılayan, bütün bəlalara pozitiv əhval-ruhiyyə ilə yanaşan insanların ən çox qorxduğu kəlmə də elə virusa yoluxmasını öyrənmək üçün verdiyi testin nəticəsində yazılan «pozitiv» sözüdür. Məsəl var, deyərlər ki, çayın biri qaydadır, ikisi cana faydadır, üçü nəsdir, dördü bəsdir, çatdı beşə , vur on beşə. Biri-birinin ardınca, müxtəlif adlarla həyatımızı dəyişən pandemiyanın hələ neçə növü ilə rastlaşacağımızı bilmirik. Elə ona görə də bu sahədə ataların deyil, mütəxəssislərin açıqlamalarına ehtiyacımız var. Bütün dünya xalqları dörd gözlə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) pandemiya ilə bağlı müsbət, sevindirici açıqlamanı səbirsizliklə gözləsələr də koronavirusun təhlükəli «pozitivinin» qarşılığında insanları rahatladacaq pozitiv informasiyalar hələ ki, gecikir.
 
Hazırda bütün dünya dövlətlərində tüğyan edən pandemiyaya yoluxma sürətlə artır, gəncləşir, ölüm halları çoxalır. Yoluxma hallarının qarşısının alınması üçün profilaktik tədbirlərə, tətbiq edilən məhdudiyyətlərə baxmayaraq respublikamızda da pandemiya ilə bağlı statistika ürəkaçan deyil. Dünyada tanınan, tibb elminə gətirdikləri kəşfləri, ixtiraları ilə şan-şöhrət qazanan həkimlərin belə pandemiyanın nə vaxt başa catacağı ilə bağlı susqunluqları daha çox narahatlıq doğurur. Pandemiyanın müxtəlif dövlətlərdə zühur edən yeni növlərinin yayılması xəbəri insanları daha çox narahat edir. Yəni, pandemiyanın yox olacağı ilə bağlı suallar cavabsızdır. Yeganə çıxış yolu yenə də profilaktik tədbirləri gücləndirmək, qoyulan qaydalara əməl etmək, özümüzə və ətrafımıza qarşı diqqətimizi daha da artırmaqdır.
 
Pandemiyanın ilk günlərindən Azərbaycanda həyata keçirilən tədbirlər, qoyulan məhdudiyyətlər, istifadəyə verilən xəstəxanalar, əhaliyə göstərilən qayğı sayəsində ölkəmizdə virusa yoluxma və ölüm halları digər respublikalara nisbətən azdır. Bununla belə, son aylarda virusa gündəlik yoluxanların sayının az qala 5 minə çatması, ölüm hallarının 40 rəqəmini ötməsi hər kəs üçün «sos» xəbərdarlığıdır. Tapşırıq və tələb isə dəyişilməzdir: «Maska taxaq, sosial məsafə saxlayaq, gigiyenik qaydalara əməl edək!»
 
Mütəxəssislərin fikrincə yoluxmanını qarşısının alınmasının ən inanılmış yolu əhali arasında kütləvi peyvəndləmə prosesini sürətləndirməkdir. Hazırda respublikamızda da koronavirusa qarşı vaksinasiyaya maraq artıb. Yaşından asılı olmayaraq hər kəs könüllü olaraq yaşadığı ərazidəki poliklinikalarda «onlayn» sistemlə növbə tutmaqla birinci və ikinci doza üzrə peyvənd olunur. Artıq üçüncü doza üzrə peyvənd olunmaq istəyənlərin də sayı artmaqdadır.
 
Pandemiya ilə bağlı günümüzün aktual mövzusu isə 22 sentyabrdan başlanacaq yeni tədris ilinə hazırlıq, virusa qarşı mübarizəni gücləndirməkdir. Qabaqlayıcı tədbir kimi təhsil işçilərinin koronovirus əleyhinə vaksinasiyasına bir neçə ay bundan əvvəl başlanılıb. Respublika üzrə təhsil işçilərinin əksəriyyətinə koronavirus əleyhinə peyvəndin hər iki dozası vurulub. Bəzilərinə isə əks göstərişlə bağlı arayış təqdim edilib. Görülən tədbirlərin nəticəsidir ki, dərslərin ənənəvi qaydada keçirilməsinə icazə verilib. Sürətli yayılma gücünə malik «Delta» ştammı ilə bağlı informasiyalar valideynlərdən, təhsil işçilərindən daha diqqətli olmağı tələb edir. Həkimlərin sözləri ilə deyilsə uşaqlar arasında «Delta» ştammına yoluxma halları qeydə alınmasa da, ehtiyatlı olmaq günümüzün başlıca tələbidir. Valideynləri narahat edən, uşaqlar arasında temperaturla müşahidə olunan xəstəliyin «Delta» ştammı olmadığını həkimlər də təsdiq edir. Yeni dərs ilində ən çox diqqət yetirilən amil sinif otaqlarının müntəzəm dezinfeksiya olunması, mütəmadi havalandırılması, yüksək temperaturu olan, halsızlığı müşahidə edilən şagirdlərə nəzarətin artırılması, kritik hallarda məktəbdən kənarlaşdırılmasıdır. Əsas məsələlərdən biri də uşaqların düzgün, keyfiyyətli, daha çox C vitaminli meyvələrlə, protein, zülal tərkibli yeməklərlə qidalanması, valideynlərin vaksinasiyaya cəlb edilməsidir.
 
Qeyd olunduğu kimi, müxtəlif adlarla ölkələri dolaşan, sərhəd tanımayan, artıq Türkiyədə aşkar olunan koronavirusun «Mu» variantının müşahidə edilməsi daha ehtiyatlı olmağı tələb edir.
 
İlk dəfə Kolumbiyada rast gəlinən, Ümumdünya SəhiyyəTəşkilatının məlumatına görə, artıq 40 ölkədə aşkar edilən, hələ ki, yaradacağı fəsadları, «xasiyyəti», əlamətləri o qədər də bəlli olmayan bu virusla bağlı açıqlama verən Ankara Universitetinin professoru İsmayıl Balıkın sözlərinə görə «Mu» da daxil olmaqla yeni ştammların əsas xüsusiyyəti vaksinlərin təsirini azaltması və sürətli yayılmasıdır. «Mu»dan qorunma yolları da digərləri ilə eynidir. Ən əsası, maska, sosial məsafə və gigiyena qaydalarına əməl etməkdir. Bu üç qayda bütün viruslara qarşı ən etibarlı qoruyucu vasitədir.
 
Bu sadalananlar təhlükəli viruslara qarşı mübarizədə sınanmış üsullardır. Amma vətəndaş məsuliyyəti bütün hallarda önəmlidir. Virusa yoluxmanın qarşısının alınması üçün Nazirlər Kabineti yanındakı Opereativ Qərargahın müəyyənləşdirdiyi qaydalara, tətbiq olunan məhdudiyyətlərə ciddi əməl edilməlidir. Unutmaq olmaz ki, bir nəfərin yoluxması ailə üzvlərinin, insanların çalışdıqları kollektivin üzvlərinin həyatını riskə atmaq deməkdir. Buna görə də əhali arasında maarifləndirmə işi, təbliğat düzgün qurulmalıdır. İnsanların ictimai nəqliyyatdan daha çox istifadə etdiyi səhər və axşam saatlarında, metro vaqonlarının və yaxud avtobusların salonlarının da basırıq olduğu, necə deyərlər, iynə atmağa yerin tapılmadığı bir məqamda səsləndirilən «Məsafə saxlayaq, güclü olaq» kimi təbliğat xarakterli çağırışlar inandırıcı təsir bağışlamır. Bəzi vətəndaşlar isə hələ də tibbi maskalara cərimələrdən yaxa qurtarmaq vasitəsi kimi baxır, sürücünün yanından keçən kimi maskaları ciblərinə, çantalarına qoyur, hər yerə toxunan qollarında saxlayırlar. Hər gün rast gəldiyimiz, bəzən hər birimizin yol verdiyimiz belə xətaların yarada biləcəyi təhlükəni unutmamalıyıq. Çünki etinasızlıqlar nəticəsində maskalar daha çox virus mənbəyinə çevrilir.
 
Xuraman İsmayılqızı, «İki sahil»








Redaktorun seçimi