Kapsullaşdırma üsulu ilə müxtəlif stress şəraitinə davamlı toxumların alınması

Hit: 783
Kapsullaşdırma üsulu ilə müxtəlif stress şəraitinə davamlı toxumların alınması
Məlumdur ki, bitkilərin normal inkişafı, intensiv böyüməsi, həmçinin bitkinin məhsuldarlığı birbaşa əkilən toxumların keyfiyyətindən asılıdır. Buna görə də toxum cücərmə fiziologiyasının müxtəlif aspektlərinin öyrənilməsi, əkindən əvvəl toxumların keyfiyyətinin yüksəldilməsi üçün effektiv metodların işlənməsi böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə toxumçuluğun inkişafı dövlət tərəfindən xüsusi diqqət yetirilən prioritet istiamətlərdən biridir. Bunu nəzərə alaraq, Əkinçilik-Elmi Tədqiqat İnstitutunun əməkdaşları toxumçuluq sənayesinin inkişafı istiqamətində mühüm işlər görür, yeni innovativ texnologiyalardan istifadə etməklə bitki məhsuldarlığının artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi istiqamətində elmi-tədqiqatlar aparır.
 
Pressa-nın verdiyi məlumata görə, təqdim olunan elmi iş çərçivəsində təklif olunan kapsullaşma üsulu toxumların səpindən əvvəl keyfiyyətlərini artırmağa, rüşeymlərin sürətlə böyüməsi və inkişafı zamanı fizioloji və biokimyəvi proseslərin stimullaşdırılmasına, keyfiyyətlərini itirmədən toxumların uzun müddət saxlanmasını təmin etməyə, cücərtilərin aşağı temperatur, yüksək rütubət və patogen mikroorqanizmlərə qarşı müqavimətinin artırılmasına yönəlib. Alınanan toxumun keyfiyyət göstəricilərinin müvafiq dövlət standartlarına uyğunlaşdırılması da qarşıya qoyulan əsas məqsədlərdəndir. 
 
Aparılmış elmi tədqiqat işində kapsullaşma üçün istifadə olunmuş kompozit özüparçalanan polimer əsasında hazırlanıb. Kompozitin tərkibinə daxil olan digər kimyəvi birləşmələr kənd təsərrüfatı istehsalının ekoloji normalarına uyğun olaraq seçilib. İstifadə edilən biopolimer yüksək su udma və saxlama qabiliyyətinə malik olduğu üçün ilkin cücərmə dövründə toxumu lazım olan rütubətlə təmin edir. Bu üsulla yüksək temperatur və aşağı rütubət kimi xarici faktorlara qarşı davamlılığının artırılması mümkün olub. Həmçinin, müvafiq üsulla toxumun ölçüsünün optimallaşdırılması reallaşdırılıb. Belə ki, xırda ölçülü toxumların kapsullaşması ilə əkin zamanı fermerlərin rastlaşdığı “topa əkin” probleminin də qarşısını almaq mümkün olacaq. Məsələn, toxumlarının ölçüləri çox kiçik olan yonca toxumu tədqiqat obyekti olaraq götürülüb və kapsullaşdırıldıqdan sonra ölçülərinin 1.3 dəfəyə qədər artdığı müşahidə olunub. Bununla yanaşı, aparılmış elmi tədqiat işinin digər maraqlı tərəfi və yeniliyi alınmış kapsullaşmış toxumların əkin torpağı ilə yanaşı, hidroponik üsulla əkilməsidir. 
 
Hidropon texnologiyası ilə bitkilərin yetişdirilməsi günümüzdə kənd-təsərrüfatı sektoruna böyük töhvələr verir. Belə ki, kiçik ərazidə böyük biokütlənin əldə olunması urbanizasiya tələblərinə tam cavab verir. Bu da əhalinin bitki qidasına olan tələbatını ödəmiş olur. Hidropon məhlul qismində - Ştainer məhlulunun modifikasiya olunmuş variantı, substratı qismində isə-neytral kokobitdən istifadə olunub. Laborator şəraitdə yetişmiş kontrol və kapsullu toxumdan becərilmiş bitkilərin müxtəlif fizioloji və biokimyə göstəricilərinin ölçülməsi aparılır. Burada cücərmə intensivliyi,cücərmə faizi, ümumi zülal miqdarı, fotosintez intensivliyi (xlorofil A və B), karatinoidləri miqdarı, ümumi prolin miqdarı (kəmiyyət və keyfiyyət analizi) nəticələri əsasında kapsullaşmanın təsiri öyrənilir. Alınan nəticələr tezis və məqalələrin hazırlanmasında istifadə olunacaqdır. Qeyd edək ki, növbəti mərhələdə soya, buğda, raps və başqa toxumların kapsullaşmsı və hidrapon məhlulda yetişdirilməsi nəzərdə tutulub.








Redaktorun seçimi