Möhkəm təməl üzərində qurulan ailə sağlam cəmiyyətin simasıdır

Hit: 668
Möhkəm təməl üzərində qurulan ailə sağlam cəmiyyətin simasıdır
Hər bir xalqın milli-mənəvi dəyərlərinin ilk formalaşdığı mühit olan ailəni təsadüfən kiçik dövlət adlandırmırlar. Bütün dövlətlərdə olduğu kimi Azərbaycanda da ailə institutu yüz illərdən bəri qorunan möhkəm sütunlara əsaslanır: Böyüyə hörmət, ailə başçısına-ataya, anaya ehtiram, insanlara qayğı! Başqa sözlə deyilsə, ailədə təkmilləşən ictimai münasibətlər cəmiyyətdə davam etdirilir. İslam aləminin parçası olan, Şərq mədəniyyətini qoruyub saxlayan, əsrlərdən bəri yaşadan Azərbaycan ailəsi möhkəmliyi, dəyanəti ilə həmişə nümunə göstərilib. Son illərdə dövlətlərarası münasibətlərin möhkəmlənməsi, sərhədlərin açılması, sosial şəbəkələr vasitəsilə yaranan tanışlıqlar nəticəsində qurulan qarışıq (mulat) ailələr də cəmiyyətimizə təsirsiz ötüşmür. Bəzi netativ hallar istisna olmaqla ölkəmizdə ailələr ulularımızın ərənlərimizə, nənələrimizin qız- gəlinlərimizə verdikləri xeyir-dua ilə qurulur. Ölkəmizdə ailə institutu ilə bağlı demoqrafik statistika yüksələn rəqəmlərlə ifadə olunur, güclü dayaqlar üzərində möhkəmlənir.
 
İllərdən bəridir ki, ölkəmizdə gender bərabərliyi siyasəti qorunur, müsbət keyfiyyətlərlə inkişaf edir. Hazırda Azərbaycan qadınları təkcə ailənin ikinci məsul şəxsi sayılan ana kimi deyil, eyni zamanda, ictimai işlərdə, yüksək vəzifələrdə çalışır, sahibkar olaraq ailə büdcəsinə yardım göstərirlər. Hər kəsə nümunə olan, milli adət-ənənələrimizi qoruyan, sağlam düşüncəli övlad yetişdirən ailələrimizin çoxluğuna baxmayaraq narahatlıq doğuran ən adi problem üzündən dağılan ailələr də vardır. Etiraf etmək lazımdır ki, hələ də ailənin müqəddəsliyini, böyütdükləri övladlarının xalq, Vətən üçün əhəmiyyətini başa düşməyənlər, yaxınlarını narahat edənlər də vardır.
 
İctimai və sosial bəla olan boşanma hallarının artması günümüzün problemi kimi hamını düşündürür. Psixoloqların, sosioloqların araşdırmalarından aydın olur ki, qısa tanışlıqla, başqalarının vasitəsi ilə qurulan, «bərkə-boşa düşməyən» ailələrdə problemlər daha çox olur. Ailəyə ötəri hiss kimi yanaşanlar unudurlar ki, Azərbaycanda ailə müqəddəsliyi müasirləşən, qloballaşan cəmiyyətdə uzun illərdən bəri öz fundamental dəyərlərini itirmədən qoruyur. Məişət qayğıları, sosial-iqtisadi məsələlər insanlar kimi, ailələrə də təsir göstərir. Yalnız sağlam duyğular, qarşılıqlı anlaşma ilə qurulan ailələr bütün çətinlikləri birgə səyləri ilə aradan qaldırırlar. Möhkəm təmələ əsaslanan belə ailələr kənar müdaxilələrə, ailə büdcəsinin tələblə təklifə uyğun olmadığı hallarda belə yaranan iqtisadi problemlərə fikir birlikləri ilə qalib gəlirlər.
 
Cəmiyyətimizdə haqqında «ananın südü sənə halal olsun» sözlərinin dəyərini qazanan, böyüyə hörməti, kiçiyə qayğısı, ətrafındakılara ehtiramı ilə seçilən qızlarımız, gənclərimiz çoxdur. Gələcəyimizi etibar edəcəyimiz belə gənclərimizin çoxluğu hər kəsi sevindirir.
 
Amma… İctimai nəqliyyatda, cəmiyyət arasında davranışı, milli dəyərlərimizə yad hərəkətləri ilə ikrah doğuran qızlarımızı, böyük-kiçik fərq qoymadan jarqon danışığı ilə şəxsi keyfiyyətlərini büruzə verən, adi oturmaq qaydası ilə özü haqqında pis fikir, mənfi rəy yaradan gənclərimiz ilk növbədə tərbiyə aldıqları ailə barədə təsəvvür formalaşdırırlar. İctimai nəqliyyatda sərbəst oturub, qarşısındakı yaşlıya yer verməyən qız və yaxud oğlan çox güman ki, böyüdüyü mühitdə aldığı tərbiyəyə uyğun olaraq kiməsə qayğı göstərmək etikasından çox-çox uzaqdır. Xüsusilə özlərini qərbsayağı aparan qızlarımız unudurlar ki, Qərbin də nümunə göstərilə biləcək etik qaydaları, cəmiyyətdə yüksək qiymətləndirilən davranış, əxlaq kodeksi vardır. Amma nədənsə cəmiyyətə zərər verən, milli-mənəvi keyfiyyətlərimizlə uzlaşmayan pis vərdişlərə meyillik daha çox narahatlıq doğurur. İnsani dəyərlərin qiymətləndirilmə prinsipi müxtəlif olduğu üçün polemika yarada bilər. Xarici ölkələrdə mövcud olan dəblə ayaqlaşmağı müasirlik hesab edənlər üçün bu fikirlər qəribə görünə, keçmişin qalığı kimi anlaşıla bilər. Özlərinin açıq-saçıq geyimləri ilə diqqəti cəlb etməyə çalışanlar, «fatmanisələrə» «pfu» deyib dodaq büzənlər üçün belə yanaşmalar köhnəliyin qalığı hesab edilir. Eqoizm ruhunda böyüyən, ailədə də bu cür tərbiyə alanların övladlarının da özlərinə bənzəyəcəyi şübhəsizdir. Özlərini cəmiyyətdən kənarlaşdıran, başqalarından üstün tutan belə «ərköyünlər» adi iqtisadi problemlə rastlaşanda ilk seçimlərini yollarının ayrılması olur. Ayrılan yolda bələdçisiz qalan, ilk zərər görən isə uşaqlar olur. Ailədə də mənəmlik iddiasında olanların, qarşı tərəfin istəyinə hörmətlə yanaşmayanların taleyi məhkəmə salonlarında həll olunur. Atanın, yaxud ananın günahı üzündən dağılan, qarşılıqlı hörmətə əsaslanmayan, «mənəmliyin» hökm sürdüyü bu cür ailələrin sonrakı ağır, qaranlıq taleyini çətinliyini, həyatın ən ağır zədəsini həddi-buluğa çatmayan uşaqlar hiss edir. Ata dayağını, ana mərhəmətini hiss etməyən, nəzarətsiz qalan uşaqlar böyüyəndə həyatın burulğanında özlərinə yer tapmayaraq mafioz dəstələrlə rastlaşır, narkomanların əlində vasitəyə çevrilirlər. Məişət cinayətləri, qadına qarşı zorakılıq adətən sağlam ailə tərbiyəsi almayanlar tərəfindən törədilir. Ailənin müqəddəsliyini bilməyən təbii ki, öz ailəsinə də insani keyfiyyətlər baxımından yanaşa bilməz. Atalarımızın nəsihətlərində qeyd olunduğu kimi, təcrübəli bağbanın bağında daha ətirli meyvələr yetişdirilir. Cəmiyyətin tərkib hissəsi olan ailələrimizin sağlam təməl üzərində formalaşması üçün təkcə valideynlər deyil, hər bir vətəndaş məsuliyyət daşımalıdır.
 
Xuraman İsmayılqızı, «İki sahil»








Redaktorun seçimi