"Koronavirusdan sağalan insanlara immun pasportu niyə verilmir?" - - Alimlər etiraz edir...

Hit: 610
"Koronavirusdan sağalan insanlara immun pasportu niyə verilmir?" - - Alimlər etiraz edir...
Koronavirusdan sağalan bu şəxslərə immun pasportu verilməməsi düzgündürmü?
 
Koronavirus xəstələri üçün ayrılan xəstəxanalarda müalicə olunaraq sağalan şəxslərin immunitet sertifikatı əldə edə bilməməsi ilə bağlı məlumatlar yayılıb. Son günlər bir çox vətəndaş bu problemlə üzləşdiyini bildirir. Belə ki, bir müddət əvvəl koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyentlər sonradan sağalaraq evə buraxılsalar da, son günlər immunitet sertifikatı ala bilməmələri onlar üçün əsl problemə çevrilib. Rəsmi olaraq bildirilib ki, həmin şəxslərə immunet sertifikatının verilməməsinin səbəbi onların adlarının müvafiq portalda qeydiyyatda olmamasıdır. Bu isə onların xəstəxanada müalicə olunduğu zaman verdikləri PCR testinin nəticəsinin neqativ olması ilə izah edilir. 
 
Mövzu ilə əlaqədar Moderator.az-a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirib ki, COVID-19 pnevmaniyası yaradan SARS-CoV-2 virusunun dəqiq diaqnozunun hansı şəkildə qoyulması ilə bağlı qəbul olunmuş standartlar mövcuddur. 
Alim xatırladıb ki, bu standartların müəyyən qismi Azərbaycanda da tətbiq olunur:
 
"PCR testinin pozitiv nəticəsinin digər klinik göstəricilərlə üst-üstə düşməsi artıq həmin virusun olduğunu göstərir. Son günlər isə minlərlə şəxsin koronaviruslu xəstələr üçün ayrılan xəstəxanalarda PCR testinin nəticəsinin neqativ olmasına baxmayaraq aylar öncə koronavirus kimi tam müalicə olması ilə bağlı məlumatlar yayılır. Bununla bağlı mənə də çoxsaylı müraciətlər daxil olub. Buna görə də həmin şəxslərin immun pasportu alması problemə çevrilib. İnsanlar isə bu problemin səbəblərini araşdırır". 
 
Koronavirusdan müalicə olunan həmin insanlara immun pasportu niyə verilmir?
 
N.Abdullayevin sözlərinə görə, bu problemin yaranma səbəblərindən ən əsası vaxtında xəstələrə göstərilməsi tələb olunan tibbi xidmət zamanı müasir protokollarla diaqnostikanın aparılmamasıdır:
 
"Yəni, əgər bir xəstədə PCR tesinin nəticəsi neqativdirsə və onda koronavirusun əlamətlərinin olmasına şübhə varsa, bu zaman ondan təkrar olaraq daha bir neçə dəfə test götürülməli idi. PCR testi üçün yuxarı tənəffüs yollarından və ya burun və boğazdan yaxmaların götürülməsi bir neçə dəfə təkrarlanmalı idi. Bununla yanaşı, hər kəs bilməlidir ki, dəfələrlə təkrarlanan PCR testlərin də cavabı neqativ çıxa bilər və bu halda da xəstəyə hələ dəqiq diaqnoz qoyula bilməz. Çünki dünya tibb təcrübəsində belədir ki, müəyyən zaman keçdikdən sonra virus yuxarı tənəffüs yollarından aşağı tənəffüs yollarına keçdiyinə görə yuxarı tənəffüs yollarından götürülən yaxmada PCR testi neqativ ola bilər. Amma bu, o demək deyil ki, həmin şəxs xəstə deyil. Ona görə də aşağı tənəffüs yollarından - məsələn, bronxoskopiya vasitəsilə bronxoalveolar lavaj götürülüb orada PCR testi ilə matetial yoxlanılmalıdır və dəqiq diaqnoz təsdiq edilməlidir. Burada hətta xəstənin SARS-CoV-2 olmayıb başqa virusa yoluxduğu da aşkarlana bilər. Ona görə də dəqiq diaqnozun qoyulması çox önəmlidir. Bundan başqa, ciddi problem hazırda rastlaşdığımız immun pasportları ilə bağlıdır ki, zamanında doğru və elmi əsaslı tibbi yanaşma olsaydı bu gün bu problem yaranmazdı. Bu da bir daha tibb sahəsində olan inkişaf potensiallarını göstərən amildir". 
 
PCR testinin nəticəsi neqativ çıxan şəxslər COVID-19 xəstəsi ola bilərmi?
 
"Təəssüflər olsun ki, yuxarı tənəffüs yollarından götürülən materialların PCR test nəticəsi neqativ çıxan şəxslər mənə müraciət etdikdə onlardan soruşduğum halda əksəriyyəti təkrar test yoxlanışından keçmədiklərini bildirdilər. Bundan başqa, heç birində aşağı tənəffüs yollarından material götürülməyib. Bu da tibbi baxımdan elmi əsaslı yanaşma deyil. Çünki bir daha vurğulayıram: ola bilər ki, həmin şəxslərin başqa bir pnevmaniyası olsun və koronavirus olmasın. Belə olduğu halda bu xəstələri koronavirus xəstələri ilə birlikdə eyni yerdə müalicə etmək doğru yanaşma deyil, buna qəti şəkildə yol vermək olmaz. Çünki bu, onların vəziyyətini daha da ağırlaşdıra bilər". 
 
”Xəstəliyi dəqiq təsdiq etmədən koronavirus müalicəsi aparmaq doğru deyil“
 
Almaniyanın daxili xəstəliklər və ağciyər xəstəlikləri üzrə həkim mütəxəssisi, Köln şəhərində fəaliyyət göstərən Elvin Hüseynov isə bildirib ki, aylar sonra problemlərin yaranmaması üçün ilk başlanğıcda doğru yanaşmalar sərgilənməlidir. O da qeyd edib ki, PCR testinin nəticəsi neqativ olan şəxslərdən bir neçə dəfə təkrar test götürülməlidir:
 
"Əgər simptomatikası koronavurus pvenmoniyasına uyğun gələn və xəstəxanaya yerləşdirilən xəstələrdə yuxarı tənəffüs yollarından götürülən testlərin nəticəsi neqativ olarsa, bu zaman mütləq olaraq aşağı tənəffüs yollarından da bronxoskopiya ilə material götürülüb yoxlanılmalıdır". 
 
Həkim xatırladıb ki, bütün klinik şübhələrin hamısının koronavirus olmaması təbiidir:
 
"Buna görə də PCR testi təsdiq olunmayan xəstələrə pasport vermək doğru deyil. Almaniya səhiyyəsində xəstənin yuxarı tənəffüs yollarından götürülən yaxmaların nəticəsi neqativ olarsa, bununla kifayətlənmir, təkrar olaraq bir neçə dəfə matetiallar götürülür. Xəstəliyi dəqiq təsdiq etmədən koronavirus müalicəsi aparmaq doğru deyil və bu, çox ciddi digər problemlərə səbəb ola bilər. Məsələn digər virus pnevmaniyası olan xəstəni koronaviruslu xəstələrin müalicə olunduğu eyni xəstəxanada yerləşdirmək əlavə olaraq onun koronavirusa yoluxmasına və vəziyyətini daha da ağırlaşdırmasına gətirib çıxara bilər".
E.Hüseynov vurğulayıb ki, koronavirus pandemiyasına görə digər virus pnevmoniyaları yoxa çıxmış sayılmır və diferensial diaqnozlarda bu, mütləq nəzərə alınmalıdır.








Redaktorun seçimi