Anomal istilərdən öümüzü necə qoruya bilərik?

Hit: 852
Anomal istilərdən öümüzü necə qoruya bilərik?
İsti yay günləri yaşayırıq. Sinoptiklər bu günlər havanın daha da istiləşəciyini, havanın hərarətinin 44 dərəcəyə qalxacağını proqnozlaşdırırlar. Yüksək temperatur həm açıq havada, həm də binalarda insanların, ilk növbədə yaşlıların və uşaqların sağlamlığına mənfi təsir edir. İstilər həm insanlarda xroniki xəstəlikləri kəskinləşdirə bilər, həm də bir sıra hallarda orqanizmin kəskin qızmasına və insanların səhhətlərinin qəfil pisləşməsinə səbəb ola bilər.
 
Bəs anomal istilərdən öümüzü necə qoruya bilərik?
 
Mərkəzi Gömrük Hospitalının rəis müavini Ceyla Əhmədxanova bildirib ki, ilk növbədə, zərurət olmadıqda evdən çıxmamaq, bol maye qəbul etmək, tez-tez su prosedurları qəbul etmək məsləhətdir. Bu məsləhət təkcə xroniki xəstəlikləri olan insanlar üçün deyil, hamıya aiddir.
 
Əgər hər hansı səbəbdən siz isti havada evdən çıxırsınızsa:
 
•    Hava maksimum dərəcədə isti olduğu halda küçədə olduğunuz vaxtı məhdudlaşdırın və fiziki yükünüzü minimuma endirin;
•    Binada olarkən otaqların havalandırılmasını təmin edin: nəfəslikləri, pəncərələri açın, sərinkeşlərdən və ya kondisionerlərdən istifadə edin;
•    Küçəyə çıxarkən natural və açıq rəngli parçalardan tikilmiş geyimlər geyinin, başınıza papaq (panama, şlyapa, yüngül şarf və s. də olar) qoyun, gündən qoruyan eynəkdən,  çətirdən və günəşdən qoruyucu  kremlərdən istifadə edin;
•    Yağlı, duzlu yeməklərdən az istifadə edin, isti havada enerjiyə tələbat aşağı düşür, ona görə də yayda kalorili yeməklər orqanizmə çox lazım deyil. Ətin miqdarını azaldın, onu balıq və ya dəniz məhsulları ilə əvəz edin. Çoxlu çay, meyvə şirəsi, mineral su, vitaminli içkilər qəbul edin. Tərkibində şəkər olan qazlı sular, energetik içkilər və alkoqollu içkilər məsləhət deyil. Gün ərzində ən azı 1,5-2,0 litr su için. Böyrək və ürək-damar xəstəlikləri olan insanlar maye qəbulunu çoxaltmamalıdır.
•    Pandemiya dövründə yaşadiğimiza görə, immuniteti də mütləq möhkəmlətmək lazımdır. Bunun üçün çoxlu meyvə-tərəvəz qəbulu mütləqdir.
•    Gün ərzində imkan olduqca tez-tez su prosedurları, çox isti olmayan ilıq duş qəbul edin.
•    Səfərə çıxmaq və ya şəxsi avtomobildə harasa getmək üçün münasib vaxt seçin – bu, səhər tezdən və ya axşam gün batana yaxın olsa, daha münasibdir. 
•    Çimmək üçün dənizə və ya hovuza gedirsinizsə, günəş şüalarından özünüzü qoruyun. Dənizə gedərkən yalnız  çimmək və istirahət etmək üçün ayrılmış yerlərdə dincəlin.
Bu sadə qaydalara riayət etsəniz, özünüzü qızmar günəşdən və isti havadan qorumuş olarsınız.








Redaktorun seçimi