“Süni intellektə əsaslanan mikrobiom analizi” mövzusunda simpozium keçirilib

Hit: 316
“Süni intellektə əsaslanan mikrobiom analizi” mövzusunda simpozium keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında rektor professor Gəray Gəraybəylinin fəxri sədrliyi ilə “Süni intellektə əsaslanan mikrobiom analizi” mövzusunda simpozium keçirilib. Tədbirin açılış mərasimində klinikanın direktoru, Professor Surxay Musayev, baş həkim Fəridə Hacıyeva və simpoziumun sədri, Mərkəzi Laboratoriyanın müdiri Dos.Dr. İskender Karaltı çıxış ediblər.
 
Simpozium Türkiyə Cümhuriyyətindən dəvət olunmuş mütəxəssislərin təqdimatları ilə işini davam etdirib. Toplantıda Dos.Dr. Özkan Ufuk Nalbantoğlu “Mikrobiom nədir? Mikrobiom disbalansının yaratdığı problemlər və həlli yolları”, Prof. Dr. Tarkan Karakan “Qastrointestinal xəstəliklər və mikrobiom arasında əlaqə”, dietoloq Damla Bəyazgül  “Mikrobiom analiz nəticələrin izahı və pasientə individual qidalanma təlimatlarının verilməsi” mövzusunda maraqlı təqdimatlarla çıxış ediblər.
 
Qeyd olunub ki, mikrobiota  - bağırsaqlarımızda yaşayan, sağlam qalmağımız üçün böyük əhəmiyyətə malik mikroorqanizmlər, mikrobiom isə bütün bağırsaq bakteriyalarının genlərinin cəmidir. Son dövrlərdə aparılan tədqiqatlar bağırsaq mikrobiomunun insan sağlamlığında çox əhəmiyyətli rol oynadığını ortaya çıxarıb.
 
Yeni nəsil sekvensləmə texnologiyası (NGS) və süni intellekt texnologiyası vasitəsilə bağırsaq mikrobiomunu gen səviyyəsində öyrənmək və hər bir şəxsə spesifik qidalanma bələdçisi təqdim etmək, eyni zamanda bir sıra bağırsaq xəstəliklərinin diaqnozunu qoymaq mümkündür.
 
Simpozium mövzulara uyğun müzakirələrdən sonra başa çatıb.







Redaktorun seçimi