İlk dəfə olaraq ATU beynəlxalq reytinq qurumunun siyahısında

Hit: 528
İlk dəfə olaraq ATU beynəlxalq reytinq qurumunun siyahısında
Azərbaycan Tibb Universiteti ilk dəfə olaraq beynəlxalq reytinq qurumuna daxil edilib.
 
SCImago Institutes Rankings (SIR) - tədqiqat, innovasiya nəticələri və sosial təsirlərinə görə üç fərqli göstəricini özündə birləşdirən akademik və tədqiqat müəssisələrinin təsnifatıdır. 2009-cu ildən bəri nəşr olunan, akademik qurumların qlobal bir reytinqidir.
 
SIR İspaniyanın bir neçə iri təhsil müəssisəsini özündə birləşdirən və Ali Elmi Tədqiqatlar Şurasının (CSIC) üzvü olan təşkilatdır. SIR elmi nəşrlərin və müəssisələrin digər məhsullarının ümumi statistikasını araşdırır və müxtəlif ölçülü qurumlar arasında müqayisə aparır.
 
Azərbaycan Tibb Universiteti, dünyanın digər universitetləri kimi, bu reytinq sisteminə daxil edilib və 4 göstəriciyə görə indeksləşdirilib: ümumi, elmi tədqiqat, innovasiya və ictimai göstərici. Scimago sıralamasına görə, Azərbaycan Tibb Universiteti 2021-ci ildə ümumi göstəriciyə görə dünyanın 7533 universiteti arasında 899-cu yerdədir. Tədqiqat göstəricilərinə görə, ATU-nun reytinqi 529-dan 517-ci yerə yüksəlib ki, bu da universitetimizin əməkdaşları tərəfindən Web of Science, Scopus və s. nəşriyyat bazalarına daxil olan jurnallarda çap olunmuş məqalələrin sayının artması ilə əlaqədardır .
 
İnnovasiya və sosiallaşma göstəricilərinə gəldikdə isə, təəssüf ki, reytinq düşüb və 2021-ci ildə ATU müvafiq olaraq 547 və 251-ci yerləri tutub. Dünya tibb müəssisələri arasında Azərbaycan Tibb Universiteti 920-ci, Şərqi Avropada 170-ci, Azərbaycanda isə 1-ci yeri tutur.
 
ATU-nun əməkdaşları son iki ildə Scopusa daxil olan 32 elmi jurnalda elmi işlərini çap etdiriblər. Bu jurnullardan bir neçəsini misal gətirə bilərik: Psycho-Oncology, Medicine and Low, Annals of Oncology, Journal of Medical Virology, Antiviral Research, Chemistry of Natural Compounds və s.
 
Beləliklə, Azərbaycan Tibb Universiteti Scimago reytinq sistemində tədqiqat göstəricilərinə görə, dünya və yerli universitetlər arasında layiqli yer tutur və hazırda bu reytinq sistemi üzrə digər göstəricilərin yaxşılaşdırılması, eləcə də ATU-nun QS World University Ranking, Times Higher Education University Ranking, World University of Academic Ranking (ARWU) reytinqlərinə daxil edilməsi istiqamətində işlər aparılır.








Redaktorun seçimi