Niyə siqaret çəkməyənlərdə ağciyər xərçəngi artır?

Hit: 566
Niyə siqaret çəkməyənlərdə ağciyər xərçəngi artır?
Mərkəzi Gömrük Hospitalının kardioloqu Günay Məmmədova tütünün ziyanları barədə məlumat verib.
 
Ümumdünya Səhiyyə Təşkilatı, tütün istifadəsi ilə əlaqəli səbəblərdən hər il 3,5 milyon insanın dünyasını dəyişdiyini təxmin edir. Siqaret çəkmək ağciyər xərçənginin əsas səbəbidir, ürək xəstəlikləri, insult, emfizema və ağciyər xəstəlikləri ilə əlaqələndirilir. Mütəmadi olaraq siqaret tüstüsünə məruz qalan uşaqlar tənəffüs yollarının xəstəliklərinə meyillidirlər. Hamiləlik dövründə siqaret çəkmək düşük riskini artıra bilər və uşağın inkişafına mane ola bilər. 
 
1970-ci illərdən bəri əksər sənaye ölkələrində kütləvi informasiya vasitələrində tütünün qadağan edilməsi, siqaret vergilərinin artırılması, siqaret qutularının üzərinə sağlamlığa ziyan barədə xəbərdarlıq yerləşdirilməsi, yetkinlik yaşına çatmayanlara siqaret satışının qadağan edilməsi ilə bağlı güclü anti-siqaret kampaniyası aparılır.
Siqaret tüstüsü bəzilərinin hesab etdiyi kimi havada dağılmır və geridə qalan zərərli maddələr sağlamlıq üçün problem təşkil edir. Buna görə də Bostondakı Massachusetts Ümumi Xəstəxanasında tədqiqatçılar 2009-cu ildə üçüncü tərəf tüstüsü terminini tətbiq etdilər
 
Üçüncü tərəf tüstüsü dedikdə, birinin siqaret çəkməsindən sonra səthlərdə qalan nikotin və digər kimyəvi maddələrin təsiri nəzərdə tutulur. Bu zərərli kimyəvi qalıqlar daha sonra daxilə və tənəffüs yollarına qəbul edilə bilər və ya dəri səthinə düşə bilər, Belə hal bəzi xərçəng və digər ciddi xəstəliklər riskini artırır.
Körpələr və kiçik yaşlı  uşaqlar əl-ağız davranışlarına görə üçüncü tərəf tüstüsünə qarşı həssasdırlar. Evdə özünüzü qorumağın yeganə yolu yaşadığınız yerdə siqaret çəkməyi qadağan etmək və əgər siqaret çəkən varsa, bu zərərli vərdişi tərgitməkdir.
 
Niyə siqaret çəkməyənlərdə ağciyər xərçəngi artır?
 
Məruz qalma yolları
Passiv siqaret çəkmə başqasının siqaret tüstüsü havada dolaşdıqda nəfəs aldığınız zaman yaranırsa, üçüncü tərəf tüstüsü otağın içərisindəki səthlərə, əşyalara və parçalara yapışan tüstü qalıqlarıdır. Buraya yalnız döşəmələr, divarlar və piştaxtalar deyil, geyim, mebel, oyuncaqlar, pərdələr, yataq dəstləri və xalçalar da daxildir.
Üçüncü tərəf tüstü qalıqları yığılır və onların təsiri aylarla, hətta illərlə davam edə bilir.
Zəhərli kimyəvi maddələr  orqanizmə üç yoldan biri ilə daxil olurlar:
Ağız vasitəsi ilə: Nikotin və siqaret tüstüsündəki digər kimyəvi maddələrin olduğu bir səthə toxunmaqla, çirklənmiş əllərlə onları daxilə qəbul etmək olar. Kiçik yaşlı uşaqlar çirklənmiş əşyaları ağızlarına apararaq bu maddələrin təsirinə daha çox məruz qalırlar.
Tənəffüs vasitəsilə: Nəfəs aldığınız məkanda qalıq çirkləndiricilərin yenidən havaya qarışması nəticəsində onlar orqanizmə daxil ola bilər. Bu hal tozları silərkən, evi süpürərkən, yastıqları silkələyərkən və ya kondisioneri açarkən baş verə bilər.
 
Absorbsiya vasitəsilə: Siqaret çəkdikdən sonra səthlərdə qalan nikotin və digər kimyəvi maddələr dəriyə hopur. Uşaqlar daha həssas dəriyə sahib olduqları üçün bunun potensial riski böyüklərdəkindən daha yüksək ola bilər.
 
Parçalar xüsusi bir narahatlıq doğurur, belə ki, üçüncü tərəf tüstüsünün kimyəvi maddələrini liflərdən və parçalardan təmizləmək çətindir. 2014-cü ildə aparılmış və PLoS ONE-da yayımlanmış bir araşdırma göstərmişdir ki, xovlu pambıq parça üzərinə çökən üçüncü tərəf siqaret tüstüsü körpə uşağa passiv siqaret çəkmə qədər zərərli təsir göstərə bilər. 
Yüksək rütubət zərərli qalıq hissəcikləri ağırlaşdıraraq, onların səthlərdən havaya qarışması ehtimalını və riski azalda bilər. Aşağı rütubət əks-təsir göstərə bilər.
 
Üçüncü tərəf tüstüsünün kimyəvi maddələri
 
Üçüncü tərəf tüstüsündə olan çox sayda kimyəvi maddə arasında kanserogen (xərçəngə səbəb olan) olduğu bilinən bir neçə maddə var. 
Üçüncü tərəf tüstüsünün kimyəvi maddələrinin ümumi daxili çirkləndiricilərlə reaksiyaya girməklə, yeni və potensial olaraq daha ciddi toksinlər əmələ gətirə biləcəyinə dair dəlillər də mövcuddur.
Narahatlıq yaradan səbəblər arasında yanacaq yanması və çirkab sularının emissiyası nəticəsində yaranan azot oksidini misal göstərmək olar. Belə ki, azot oksidi üçüncü tərəf tüstüsündəki kimyəvi maddələrlə qarışdıqda ağciyər xərçəngi, qaraciyər xərçəngi, ağız xərçəngi, mədə xərçəngi və yemək borusu xərçəngi ilə əlaqəli kanserogen nitrosamin yarada bilər.
Bundan əlavə, üçüncü tərəf tüstüsündəki kimyəvi maddələr ozonla birləşdikdə  ultra incə hissəciklərə parçalanır (yanacağın yanmasından da əmələ gəlir) və formaldehid və digər kanserogen birləşmələri ağciyərlərin daha dərin hava yollarına ötürür. Üçüncü tərəf tüstüsü ilə bağlı tədqiqatlar hələ nisbətən yenidir və hazırda bildirilən təhlükələrin çoxu daha nəzəri xarakter daşıyır. Bununla birlikdə, üçüncü tərəf tüstüsü ilə əlaqəli zərərlərə dair çoxsaylı dəlillər var:
 
Xərçənglər: ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) tərəfindən müəyyən edilmiş təhlükəsiz səviyyədən yüksək olan nitrosamin miqdarı, siqaret çəkənlərin evlərinin 77%-də müşahidə edilir. 2014-cü il tarixli bir araşdırmada bunun hər 1000 nəfər üçün bir xərçəng hadisəsinə çevrildiyi qənaətinə gəlinmişdir.
Koronar tromboz: Üçüncü tərəf tüstüsünə məruz qalan siçanlarda hemostazın pozulması və qan  laxtalanmasının arması riski müəyyən olunmuşdur. Kaliforniyanın Pomona şəhərindəki Qərb Səhiyyə Elmləri Universitetinin tədqiqatçıları bunun ürəkdəki qan axınına maneə yarada və infarktı tətikləyə biləcəyi, kəskin koronar tromboz riskini artırdığı qənaətinə gəliblər.
Qaraciyərin  piylənməsi: Heyvanlar üzərində aparılan  tədqiqatların nəticəsi göstərir ki, üçüncü tərəf tüstüsü qaraciyər hüceyrələrində yağ yığılmasını stimullaşdıraraq alkoqolsuz qaraciyər piy xəstəliyi (NAFLD) riskini artırır. NAFLD yalnız sirroz və qaraciyər xərçəngi üçün bir xəbərçi deyil, həm də ürək-damar xəstəliklərinin potensial səbəbidir. 
Ümid edirik ki, bəşəriyyətin probleminə çevrilmiş bu bəladan xilas olmaq hər kəsə nəsib olacaqdır. Unutmayaq ki, tütün istifadəsi qarşısı alına bilən bir risk faktorudur.








Redaktorun seçimi