Pandemiya zamanı fərdi tibbi praktikanı necə inkişaf etdirmək olar?

Hit: 550
Pandemiya zamanı fərdi tibbi praktikanı necə inkişaf etdirmək olar?
Azərbaycan Tibb Universitetinin baş müəllimi maraqlı təkliflər irəli sürür
 
Koronavirusun yayılması ilə planetimizi bürüyən pandemiya bütün ölkələrdə yerli ictimaiyyətləri, bir sıra xidmət sahələrini, xüsusilə də tibb sektorunu ciddi sınağa çəkdi. Təkcə Azərbaycanda deyil, bütün dünyada səhiyyə sisteminin bu cür ağır prosesin öhdəsindən gəlməyə hazır olmadığı bəlli oldu.
 
Pandemiyanın yaratdığı ağır vəziyyət özəl tibb müəssisələrinin fəaliyyətində də müəyyən problemlər olduğunu ortaya qoydu. Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasının baş müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova bildirir ki, pandemiya dönəmində ilk olaraq tibbi xidmətdəki mövcud təklifin kütləvi tələbi qarşılamadığı üzə çıxdı: “Əsas məsələlərdən biri özəl klinikaların idarəetməsindəki problemlərlə bağlı idi. Digər tərəfdən, özəl tibb müəssisələrində resurslardan istifadədə fiziki, maliyyə və sosial baxımdan çətinliklər yarandı. Həmçinin tibbi xidmətlərin təklifində resurs çatışmazlığı – həm kadr, həm dərman təminatı, həm də texniki təchizatla bağlı problemlər özünü göstərdi”.
 
N.Ələkbərovanın sözlərinə görə, bu durumda səhiyyənin özəl sektorunda idarəetmə siyasətinə yenidən baxmaq lazımdır: “Çünki idarəetmədə mövcud zəif bənd – hansısa çatışmazlıq sonradan effektiv fəaliyyətin qarşısını almış olur. Əhalinin tibbi ehtiyaclarının dəyişməsi, tibb müəssisəsi işçilərinə qarşı irəli sürülən yeni tələblər, fərqli gözləntilərin olması nəzərə alınmalıdır”.
ATU-nun əməkdaşı pandemiya dövründə həkimlərin fərdi tibbi praktikasının nizamlanması ilə bağlı bir sıra önəmli məsələləri də vurğulayır. Onun fikrincə, böyük klinikalar həkimlərin qazancının böyük hissəsini aldığına görə, yüksək ixtisaslı peşəkar tibb işçiləri fərdi olaraq çalışmağa üstünlük verirlər və bu, bazarda rəqabəti artırır. Buna görə də dövlət də bazarda bu seqmentin inkişafında maraqlı olmalıdır: “Qeyd olunanlardan savayı, belə mütəxəssislərlə bağlı bəzi spesifik məqamları da nəzərə almaq lazımdır. İş orasındadır ki, belə peşəkar həkimlər böyük klinikalara nəzərən iqtisadi və avadanlıqla təchizat baxımından daha zəif durumda olurlar. Onlar həm bahalı tibbi avadanlıq almalı olur, həm də iqtisadi baxımdan irimiqyaslı işlər görmək və qazanc əldə etməkdə çətinlik çəkirlər. Ona görə də onların fəaliyyəti ilə bağlı lisenziyalaşma rüsumu və vergilərin rasional müəyyənləşdirilməsinə ehtiyac var”.
Fərdi tibbi praktikanın işini stimullaşdırmaq üçün növbəti təklif ilk vaxtlarda onlara dövlət fondundan daha aşağı qiymətə ofislərin icarəyə verilməsi ola bilər. N.Ələkbərova qeyd edir ki, fərdi tibbi praktikaya dövlət dəstəyi son nəticədə tibbi xidmətlərin liberallaşmasına da müsbət təsir göstərər: “Çünki belə olan halda, dövlət hansısa tibbi mərkəzin saxlanması, avadanlıqlarla təchiz olunması, əməkdaşlara maaş ödənilməsi kimi məsələlərə vəsait xərcləmir, əksinə, hələ büdcəyə gəlir də daxil olur. Həm də əhalinin yüksək ixtisaslı və keyfiyyətli tibbi yardım ala biləcəyi yerlərin sayı çox olur”.
 
Təkliflərdən biri də tələbə və rezidentlərin fərdi praktika ilə məşğul olan həkimlərin yanında təcrübə keçməsi ilə bağlıdır. Belə ki, bu proses üçtərəfli faydalı ola bilər. Əvvəla, tələbələr yüksək ixtisaslı həkimlərin yanında dərs almış olar. Digər tərəfdən, bu mütəxəssislər əlavə işçi qüvvəsindən istifadə etmək imkanı əldə edərlər. Üçüncüsü isə, tələbələr peşəkar bilik və bacarıqlarla yanaşı, özəl tibbi sahibkarlıq təcrübəsi də qazanarlar.








Redaktorun seçimi