Kifoz xəstəliyi, növləri və müalicə üsulları

Hit: 593
Kifoz xəstəliyi, növləri və müalicə üsulları
Son vaxtlar ən çox narahatlıq doğuran onurğa xəstəliklərindən biri də kifozlardır.
 
Mərkəzi Gömrük Hospitalının həkim-fizioterapevti Səidə Kərimova həmin xəstəlik barədə AZƏRTAC-ın müxbirinə deyib: “Onurğada olan qabarmaya kifoz deyilir, çox vaxt kürək nahiyəsində olur və ciddi deformasiyası olanlara el arasında qozbel də deyirlər. Kifozun bir neçə növü var və onun müalicəsi də fərqli olur. İnsan onurğası bir xətt kimi düz deyil, təbii əyrilikləri var və həmin əyriliklər qamətə dəstək verir və onurğanın biomexaniki yüklənməsini tənzimləyir. Amma həddən artıq olan əyrilik qamətə mənfi təsir edir və normal duruşu çətinləşdirir. Çox vaxt kifoz estetik problemlər yaradır. İnsan kənardan necə göründüyünü fikirləşir və bu təbii ki, onu narahat edir. Dərəcəsi yuxarı olan kifozlar ağrı və tənəffüsdə problem yarada bilər.
 
Qamətlə bağlı kifoz xəstəliyin ən çox rast gəlinən növüdür. Daha çox yeniyetmə dövründə müşahidə olunur və qızlarda daha çox təsadüf edilir.
 
Araşdırmalara əsasən uşaqların 10 faizində kifoz müşahidə olunur. Həmin hal daha çox uşaqların oturarkən qabağa əyilmək vərdişi nəticəsində yaranır. Bu zaman onurğanın vətər və əzələləri həddən artıq gərilir, əzələlərdə disbalans yaranır və onurğanı düz mövqedə saxlamaq olmur”.
 
Kifozun növləri barədə məlumat verən fizioterapevt deyib: “Qamətlə bağlı kifozda əyrilik müəyyən mövqedə düzəlir və nadir hallarda ağrı olur. Onu xüsusi idman növləri ilə korreksiya etmək olur. Müalicə zamanı zəifləmiş əzələlər möhkəmləndirilir və qısalmış qrup əzələlər xüsusi gərilmələr vasitəsilə tədricən açılır.
 
Scheuermann kifozu zamanı fəqərələrdə struktur dəyişikliyi baş verir və buna görə də onurğada struktur qabarma müşahidə olunur. Ona əsasən 10-17 yaş arası olan yeniyetmələrdə rast gəlinir. Həmin qabarma mövqe dəyişəndə stabil qalır. Ağrılar müşahidə olunur, çox oturanda, ayaq üstə olanda, hətta uzananda da ağrılar baş verir.
 
Anadangəlmə xəstəlik olan kongenital kifozun səbəbi ana bətnində onurğanın inkişaf qüsurlarıdır. Həmin tip kifozlar sürətlə inkişaf edə bilər və çox zaman cərrahi müalicə tələb edir”.







Redaktorun seçimi