TƏBİB rəsmisi Britaniya ştammı ilə bağlı tədqiqatlardan xəbərsizdir - VİDEO

Hit: 1649
TƏBİB rəsmisi Britaniya ştammı ilə bağlı tədqiqatlardan xəbərsizdir - VİDEO
Məlum olduğu kimi, Azərbaycanda koronavirusun Britaniya ştammının aşkarlanması rəsmi olaraq təsdiqlənib. Artıq dünyanın bir çox ölkələrində yeni ştamm sürətlə yayılmaqda davam edir. Ölkəmizdə isə bu ştammın mövcudluğu artıq 3 nümunə üzərində aparılan analizlərdə təsdiq olunub. 
 
Faktor.az xəbər verir ki, mövzu Azərbaycan Televiziyasının (AzTV) efirində yayımlanan "Çıxışa doğru" verilişində geniş müzakirə olunub. 
 
Verilişdə qonaq olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri, Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanovun müzakirələr zamanı Britaniya ştammının xüsusiyyətləri, onun yoluxduruculuq və öldürücülük qabiliyyəti ilə bağlı dünyada aparılan elmi tədqiqatlardan xəbərsiz olduğu məlum olub. 
 
Belə ki, efirə canlı bağlantı ilə qoşulan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev yeni ştammın  xüsusiyyətlərindən danışıb və insanları daha da məsuliyyətli olmağa, karantin qaydalarına riayət etməyə, eləcə də canlı ünsiyyətləri minimuma endirməyə çağırıb. N.Abdullayevin virusun yeni ştammının xüsusiyyətlərindən, onun yoluxduruculuq və öldürücülük qabiliyyətinin daha yüksək olması ilə bağlı bəhs etdiyi elmi tədqiqatlar A.Qurbanovun təəccübünə səbəb olub. 
 
Efirdə bununla bağlı həmkarına sual ünvanlayan TƏBİB rəsmisinin üçü İngiltərədə, biri isə Danimarkada aparılan və yeni ştammın öldürücülük riskinin yüksək olduğunu təsdiqləyən son dörd elmi tədqiqatdan bixəbər olduğu üzə çıxıb. Məlum olub ki, Tibbi-elmi komitənin sədri yeni ştammın ölüm riskinin yüksək olması ilə bağlı aparılan elmi araşdırmalardan və bu araşdırmalara nə zamandan başlanıldığından məlumatsızdır. Hələ bir müddət əvvəl Britaniya ştammının qeydə alındığı ilk vaxtlarda onun xüsusiyyətlərinin öyrənilməsi üçün ilkin elmi tədqiqatlar aparılmışdı və hələ ilkin vaxtlarda məlum olmuşdu ki, yeni ştammın yoluxduruculuq əmsalı ənənəvi virusun yoluxduruculuq əmsalından daha yüksəkdir. Elə o zamandan yeni mutasiyalarla bağlı dünyanın bir çox ölkələrində elmi tədqiqatların aparılması prosesi davam edib. Yeni ştammın öldürücülük qabiliyyətini təsdiqləyən son elmi tədqiqatların hansı zaman kəsiyində aparılmasından məlumatsız olan professor çıxılmaz vəziyyətə düşüb və o, elmi tədqiqatları izlədiyini iddia etsə də, bu barədə ilk dəfə bu müzakirələrdə eşitdiyini etiraf edib. 
 
Sonra N.Abdullayev həmin elmi tədqiqatların dərc olunduğu dünyaca nüfuzlu jurnallar barədə professoru məlumatlandırıb və ondan həmin jurnal və tədqiqatlarla tanış olmasını xahiş edib. 
 
TƏBİB rəsmi yeni ştammın öldürücülük əmsalının 1-2 faiz artmasının əhəmiyyətsiz olduğunu deyərək dünyaca məşhur elmi-tibbi jurnallarda dərc olunan tədqiqatlara qarşı çıxmağa cəhd göstərib. 
 
Beləliklə, özünü daha peşəkar mütəxəssis kimi təqdim etməyə çalışan A.Qurbanov daha sonra N.Abdullayevin dediyi fikirlərlə razılaşmağa məcbur olub.
 
Qeyd edək ki, üçü İngiltərədə, biri isə Danimarkada aparılan son dörd elmi tədqiqat yeni ştammın öldürücülük riskinin yüksək olduğunu elmi olaraq təsdiqləyib. Bundan əvvəl, hələ yeni ştammın qeydə alındığı ilk vaxtlarda aparılan tədqiqatla virusun Britaniya ştammının yoluxduruculuq qabiliyyətinin də daha yüksək olduğu məlum olub. Belə ki, yeni ştammın yeni növ koronavirus infeksiyasından fərqli olaraq daha sürətlə yayıldığı təsdiqlənib. Məlum olub ki, virusun PCR-lə təsdiqindən sonra 28 gün ərzində ölüm riski 58-67 faiz yüksəkdir. Bu da o deməkdir ki, Britaniya ştammına yoluxan şəxsin 28 gün ərzindəki ölüm riski bildiyimiz COVID-19 xəstəsinin ölüm riski ilə müqayisədə maksimum 67 faiz yuxarıdır. Bununla yanaşı, virusun yeni ştammı ilə xəstəxanaya düşənlərin ölüm riskinin təxminən 64%-ə qədər qalxması müşahidə olunub. 
 
Sözü gedən tədqiqatlarla buradan tanış ola bilərsiniz:
 
Danimarkadan olan tədqiqat:
https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3792894
 
"Nature" jurnalında 3gün əvvəl dərc olunan tədqiqat:
https://www.nature.com/articles/s41586-021-03426-1
 
İngiltərədən 16 Noyabr-5 Fevral aralığında olan xəstələrin incələnməsi ilə bağlı yeni tədqiqat:
 
https://www.eurosurveillance.org/content/10.2807/1560-7917.ES.2021.26.11.2100256
 
Britisch Medical Journalda dərc edilən tədqiqat:
 
https://www.bmj.com/content/bmj/372/bmj.n579.full.pdf








Redaktorun seçimi