Tezliklə pandemiya ilə mübarizədə qalib gələcəyik

Hit: 494
Tezliklə pandemiya ilə mübarizədə qalib gələcəyik
Koronavirus COVID-19 pandemiyasının dünyada, eləcə də ölkəmizdə də yayılması insanların həyatı və sağlamlığını qorumaq üçün tədbirlərin görülməsini zəruri etdi. Belə bir zamanda Azərbaycan dövləti hər zaman olduğu kimi yenə də xalqın yanında olduğunu və insan kapitalının prioritet olduğunu nümayiş etdirdi. Pandemiyanın yayılmağa başladığı ilk günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq bəzi tədbirlər görüldü. Tətbiq edilən məhdudiyyətlər, yüksək risk qrupuna aid olan insanlarla bağlı qoyulan qadağaların bir məqsədi var idi: pandemiyadan az itkilərlə çıxmaq.
 
Bunu AZƏRTAC-a “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva deyib. Ekspert qeyd edib ki, insanların sağlamlığını qorumaq istiqamətində həyata keçirilən tədbirlərdən biri də modul tipli xəstəxanaların yaradılması idi. Son 17 ildə Azərbaycan dövlətinin diqqət və qayğısı nəticəsində səhiyyə sistemi inkişaf edib. Yeni xəstəxanalar tikilib, mövcud xəstəxanalar bərpa edilərək yenidən istifadəyə verilib. Hər bir səhiyyə ocağı müasir avadanlıqlarla təchiz edilib, yüksək ixtisaslı həkimlər əhalinin sağlamlığının qorunmasına cəlb edilib. Müxtəlif xəstəliklərin müalicəsi üçün xəstəxanalarda hər cür şərait yaradılıb. Müasir səhiyyə infrastrukturunun qurulması bu gün koronavirus pandemiyası ilə mübarizədə mühüm rol oynayır. Səhiyyənin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlərə baxmayaraq, modul tipli xəstəxanaların quraşdırılması istifadəyə verilməsi də pandemiya ilə mübarizədə atılan növbəti addım idi. Modul tipli xəstəxanalar virusa yoluxmuş istənilən şəxsin xəstəxanada müayinə olunmaq ehtiyacının qarşılanmasına imkan verir. Koronaviruslu xəstələrin müalicə olunması üçün 46 dövlət xəstəxanası ayrılıb. Pandemiya başlanan zaman mövcud olan 6 funksional laboratoriyanın sayı artırılıb. Bu rəqəm hazırda 40-dan çoxdur.
 
Koronavirusla mübarizədə Azərbaycan modeli bir neçə dəfə nümunə olaraq göstərilib. Prezident İlham Əliyevin “Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə. Həm pandemiyanın ilk mərhələsində ki, biz operativ tədbirlər gördük, bütün lazımi məhdudlaşdırıcı addımları atdıq, həm də ondan sonrakı dövrdə və bu yaxınlarda yenə də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycanda görülmüş işləri çox yüksək qiymətləndirmişlər” sözlərini vətəndaşların pandemiya dövründə dövlət başçısına göndərdiyi məktublar da təsdiq edir. İstər sahibkarlara, istərsə də aztəminatlı ailələrə edilən yardımlar həyata keçirilmiş tədbirlərin bir hissəsi idi.
 
Pandemiya ilə mübarizə sahəsində tətbiq edilən tələb və tövsiyələrlə yanaşı, Azərbaycan dövləti tərəfindən həyata keçirilən vaksinasiya prosesi də təqdirəlayiqdir. Ölkəmiz ilk dövlətlərdəndir ki, vaksinasiya prosesinə başlayıb. Bu ölkəmizin gücünü, qüdrətini, eyni zamanda, vətəndaşın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunun göstəricisidir. Avropadan bir ay sonra, Azərbaycanda vaksinasiyanın başlaması işlərin düzgün, səmərəli qurulmasının təzahürüdür. Artıq Azərbaycanda risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslər, həkimlər, polislər vaksinasiya olunub, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb və proses uğurla davam etdirilir. Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı peyvənd olunanların sayı 300 minə yaxındır.
 
Bütün dünyanı cənginə alan pandemiya ilə mübarizədə təəssüf ki, zəngin ölkələr ədalətli davranmır. Pandemiya bütün dünya üçün təhlükəlidir, amma bəzi ölkələr arasında olan ixtilaflar istehsalçılara mənfi təsir göstərir və əhalini əlavə təhlükə altında qoyur. Belə ki, vaksinin həddindən artıq baha satılması kasıb ölkələrin onu almağına maneə yaradır. Bu sahədə olan ədalətsizlik və qeyri-bərabərliyi Prezident İlham Əliyev belə şərh etmişdi: “Moderna” vaksini var, səhv etmirəmsə, Amerika istehsalıdır. “Moderna” vaksininin 98 faizini zəngin ölkələr sifariş ediblər. “Pfizer” Avropa vaksinidir. “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər?”
 
Koronavirusun üç müxtəlif mutasiya variantının meydana gəlməsi ilə peyvəndləmə prosesi daha da sürətlənməli, qısa bir zaman kəsiyində peyvəndlər bütün ölkələr üçün əlçatan olmalıdır. Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın humanitar yardımı yalnız ölkə daxili deyil, xaricini də əhatə edib. Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı edilib. Azərbaycan yardıma ehtiyacı olan ölkələrlə münasibətlərini və ona qarşı fəaliyyətini ədalətlə qurur.
 
“İnanırıq ki, ərazilərimizi 30 ilə yaxın işğal altında saxlayan düşmənlə mübarizədə qazandığımız qələbə kimi, tezliklə pandemiya ilə mübarizədə də qalib gələcəyik. Həyata keçirilmiş tədbirlər nəticəsində az itki ilə bu virusdan qurtulacağıq. Bunun üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərə, o cümlədən vaksinasiyaya vətəndaş məsuliyyəti ilə dəstək olacağıq və ölkəmizdə normal həyat bərpa olunacaq”, - deyə Yazgül Abdıyeva bildirib.








Redaktorun seçimi