“Hospitalın peşəkar kollektivi ilə birlikdə virusa qalib gələcəyimizə inanıram!”

Hit: 591
“Hospitalın peşəkar kollektivi ilə birlikdə virusa qalib gələcəyimizə inanıram!”
Artıq 3 ilə yaxındır ki, Mərkəzi Gömrük Hospitalının Azərbaycan Tibb Universiteti ilə imzaladığı ikitərəfli müqaviləyə əsasən Universitetin məzunları Hospitalda rezidentura təhsili alırlar. Rezidentura təhsili alan tələbələr Hospitalda peşəkar həkimlərin yanında işləyərək bilik və bacarıqlarını təkmilləşdirir, gələcəyin yüksəkixtisaslı həkimləri kimi yetişirlər. Onların arasında gələcəyin savadlı, peşəkar həkimi olmaq arzusu ilə yaşayan 24 yaşlı Gülçöhrə Orucova da var.
 
Gülçöhrə Azər qızı Orucova 1997-ci il noyabrın 11-də Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. Hələ uşaq yaşlarından həkimlik peşəsinə həvəs göstərən Gülçöhrə 2014-cü ildə orta məktəbi bitirən kimi qəbul imtahanlarını verərək, yüksək nəticələrlə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub. Universiteti 2020-ci ildə əla qiymətlərlə bitirərək qırmızı diplomlu məzun adını alıb.
 
Elə həmin il Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində yüksəkixtisaslı həkim-ginekoloq Dr.Sədi Allahverdiyevin rəhbərliyi altında rezindent-həkim kimi fəaliyyət göstərməyə başlayıb. Hazırda 1-ci kurs rezidentdir. Rezident Gülçöhrə Orucova özü barədə deyir: “Mərkəzi Gömrük Hospitalında işə başladığım gündən dünyanı öz ağuşuna almış koronavirus pandemiyası ilə mübarizəyə başlamışıq və bu müddət ərzində Hospitalın stasionar şöbəsində yüksəkixtisaslı həkimlərlə birlikdə kovidli xəstələrə yüksək səviyyədə xidmət göstəririk.
 
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bizimlə tez-tez görüşlər təşkil edir, işimizlə maraqlanır və öz məsləhətlərini verir. Eyni zamanda birbaşa ünsiyyətdə olduğumuz həkimlər biz rezidentlərə böyük diqqət göstərirlər. Bu dövr ərzində, xəstələri normal həyata qaytarmaqla, həkimlik peşəsinin nə qədər şərəfli olduğunu bir daha dərk etdim. Hospitalın peşəkar kollektivi ilə tezliklə birlikdə virusa qalib gələcəyimizə inanıram!”








Redaktorun seçimi