“Təcrübə qazanmaq üçün ən yaxşı yeri seçmişəm”

Hit: 774
“Təcrübə qazanmaq üçün ən yaxşı yeri seçmişəm”
2018-ci ilin oktyabr ayında Mərkəzi Gömrük Hospitalının Azərbaycan Tibb Universiteti ilə imzaladığı ikitərəfli müqaviləyə əsasən Universitetin məzunları Hospitalda rezidentura təhsili alırlar. Rezidentura təhsili alan rezident-həkimlər bilik və bacarıqlarını təkmilləşdirir, gələcəyin yüksəkixtisaslı həkimləri kimi formalaşırlar. Onların arasında təhsilini davam etdirən 24 yaşlı Məmməd Əli Şahin də var.
 
Hazırda rezident Məmməd Əli Şahin Mərkəzi Gömrük Hospitalının tibb personalı ilə birgə COVİD-19 xəstələrinin müalicəsində yaxından iştirak edir. O, infeksionist həkimlərin rəhbərliyi ilə koronavirus xəstələrinin sağalıb normal həyat tərzinə qayıtması üçün əlindən gələni əsirgəmir. Məmməd Əli Şahin COVİD-19 xəstələri ilə işləməyə başlayan vaxtdan bu xəstələrlə işin bütün incəliklərinə yiyələnib.
Məmməd Əli Şahin Sabir oğlu 1996-cı il dekabrın 7-də Bakı şəhərində anadan olub. Atası həkim olduğu üçün uşaq vaxtlarından bu ixtisasa olan marağı  artıb. Bu yolu seçdiyi üçün özünü xoşbəxt sayır. O, 2014-cü ildə 653 balla dövlət sifarişli əsaslarla Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub. 2020-ci ildə universitetdə təhsilini uğurlu nəticələrlə başa vuraraq, qırmızı diplomla bitirib. Həmin ildə 70 balla kardiologiya üzrə rezidentura pilləsinə daxil olub. 
 
Hal-hazırda Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu  Samir Mustafayevin rəhbərliyi altında yeni biliklərə yiyələnir. Məmməd Əli Şahin  bu barədə deyir: “Rezidentura təhsilimi məhz burada – Mərkəzi Gömrük Hospitalında davam etməkdən çox məmnunam. Kuratorum Dr.Samir Mustafayevin köməyi ilə bu sahənin sirlərini öyrənirəm. Onun müalicə metodları, xəstələrlə münasibəti, işində məsuliyyətli olması və zəngin təcrübəsi mənim üçün bir örnəkdir. 
 
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov rezident həkimlərlə tez-tez görüşür, işimizlə maraqlanır, dəyərli tövsiyələrini verir. Onun diqqətini və qayğısını daim üzərimizdə hiss edirik. Hazırda COVID-19 pandemiyası ilə mübarizədə iştirak edirəm və təcrübəli infeksionistlərlə birlikdə koronaviruslu xəstələrə tibbi yardım göstərirəm. Təcrübə qazanmaq üçün ən yaxşı yeri seçmişəm.”








Redaktorun seçimi