"Yüksəkixtisaslı mütəxəssis olacağıma inanıram"

Hit: 726
"Yüksəkixtisaslı mütəxəssis olacağıma inanıram"

Rezident Nuranə Məmmədova : "Rezidentura təhsilimin köməyi ilə peşəkar həkim kimi formalaşaraq gələcəkdə xəstələrə şəfa paylamağı bacaran yüksəkixtisaslı mütəxəssis olacağıma inanıram."

2018-ci ilin oktyabr ayında Azərbaycan Tibb Universiteti ilə imzalanmış ikitərəfli müqavilə əsasında Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan rezidentlərdən biri də Nuranə Məmmədovadır. Nuranə Məmmədova Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyətə başladığı ilk andan etibarən koronavirusla mübarizəyə qoşulmuş və xəstələrin şəfa tapması istiqamətində bütün gücü ilə çalışmışdır. Belə ki, o, öz ixtisasına uyğun olaraq Hospitalın yüksək ixtisaslı anestezioloq-reanimatoloqu Dr.Mehdi Əliyevin rəhbərliyi altında ən ağır kateqoriyalı – reanimasiyada olan xəstələrlə çalışmışdır.
 
Rezident Nuranə Məmmədova 2 mart 1997-ci ildə Bərdə şəhərində anadan olub. 2003-2014-cu illərdə Zümürxan kənd orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra elə həmin il 578 balla Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub.
 
2020-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalının anesteziologiya və reanimatologiya ixtisasına qəbul olub. Rezidentura təhsilinə başladığı andan etibarən Hospitalın peşəkar kollektivi ilə birgə xəstələrə yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsində yorulmadan çalışan Nuranə Məmmədova gələcəkdə peşəkar həkim olacağına inanır.
 
Nuranə Məmmədova deyir: "Mən rezidentura təhsilimi məhz belə peşəkar bir komandanın üzvü olaraq davam etdirdiyimə görə çox şadam. Çünki Hospitalın rəhbərliyi başda olmaqla həm kuratorumuz, həm də personal bizim inkişafımız istiqamətində əllərindən gələni edirlər və təcrübə əldə etməyimiz üçün maksimum şərait yaradırlar. Biz ən ağır xəstələrlə çalışırıq. Təbii ki, fiziki yorğunluqla yanaşı, həm də zehni cəhətdən yoruluruq. Buna baxmayaraq yaradılmış şərait bizim hərtərəfli inkişafımıza olduqca dəstək olur. Elə buna görə də rezidentura təhsilimin köməyi ilə peşəkar həkim kimi formalaşaraq gələcəkdə xəstələrə şəfa paylamağı bacaran yüksəkixtisaslı mütəxəssis olacağıma inanıram."
 
Həkim-rezident Nuranə Məmmədovaya gələcək fəaliyyətində tükənməz güc-qüvvət və davamlı uğurlar arzu edirik. İnanırıq ki, rezident Nuranə öz peşəkar inkişafı üçün yaradılmış şəraitdən uğurla faydalanaraq arzularını reallaşdıracaq və bu məsuliyyətli peşənin öhdəsindən layiqincə gələcək!








Redaktorun seçimi