"Virus daşıyıcısı olan şəxs bilməlidir ki, özündən çox ətrafına zərər verir"

Hit: 1197
"Virus daşıyıcısı olan şəxs bilməlidir ki, özündən çox ətrafına zərər verir"
BMT – nin Baş katibi Antonio Quterreş deyib ki, koronavirus pandemiyası – yoluxucu xəstəliklər epidemiyasının bəşəriyyət üçün hansı fəlakətli nəticələrə səbəb ola biləcəyinə dair şəksiz nümunədir. O, bəşəriyyətin bu il ərzində çıxara biləcəyi nəticələri unutmamağa çağırıb. Bildirib ki, ölkələr səhiyyə sistemlərini möhkəmləndirməli və istisnasız olaraq bütün vətəndaşlara tibbi xidmətlərdən istifadə etmək imkanını təmin etməlidirlər. Sosial müdafiə sistemini yaxşılaşdırmaq lazımdır. Dövlətlər bir – biri ilə fəal əməkdaşlıq etməlidirlər. İnsanlar, həmçinin təbiətlə harmoniyada yaşamağı öyrənməlidirlər və bütün yeni əraziləri vəhşi təbiətdən almamalıdırlar. BMT rəhbəri bütün yeni infeksiya xəstəliklərinin 75 faizinin zoonoz olduğunu xüsusi diqqətə çatdırıb.
 
Tədqiqatçıların, tibb elmi sahəsində tanınmış və sözünü demiş virusoloq, infeksionist və epidemi­oloqların fikrincə, bütün dünyanı hələ də təhdid və təşvişdə saxlayan pandemiyanı bitirməyin ən optimal yollarından biri vaksinasiyadır. Tarixə nəzər salsaq, pandemiyalar həmişə üç yoldan biri ilə sona çatıb. Ya yoluxan­larda kollektiv immunitet əmələ gəlib, ya peyvəndləmənin kütləvi tətbiqi nəticəsində virus ömrünü bitirib, ya da virus özünü öldürəcək səviyyədə mutasiyaya uğrayıb.
 
“Hazırda kollektiv immunitetin yaranması bir az sual işarəsi altın­da qalır. Çünki bu günə qədər olan təcrübələr göstərir ki, virusa qarşı davamlı immunitet əmələ gəlmir. Yaranan immunitetin bir neçə ayda qoruyuculuq qabiliyyəti itir. Buna görə də kollektiv immunitet məsələsi çox optimal yol olaraq görünmür. Viru­sun mutasiyaya uğrayıb öz - özünü öldürərək pandemiyanı bitirməsi də çox ehtimal olunan nəticə deyil. Çünki xəstələrin 80 faizi onu çox yüngül formada keçirirlər. Yüngül keçirilən xəstəlikdə də virusun mutasiyaya uğraması ehtimalı azalır. Əgər xəstəlik ağır keçərsə və virus orqanizm tərəfindən daha şiddətli cavaba məruz qalarsa, o zaman mutasiyaya uğraya bilər. Beləliklə, tək çıxış yolu vaksina­siya qalır.
 
Qeyd etməliyik ki, peyvəndləmə bundan öncəki pandemiyalarda da özünü doğrultmuş bir üsuldur. Xeyli vaxtdır ki, ölkəmiz vaksin istehsal edən şirkətlərlə sıx əməkdaşlıq edir, ən optimal və effektiv vaksinin əldə olunması üçün danışıqlar aparır. 2021– ci ilin başlanğıcından xüsusi risk qrupunda olan şəxslərin vaksi­nasiyası planlaşdırılır. Sonra əhalinin digər kontingenti də peyvənləmə üçün hazırlanacaq. Vaksinasiyanın ölkəni tam əhatə etməsi üçün 1 – 2 il zaman keçəcək. Bu müddətdə də həmişə qeyd edildiyi kimi ən asan və etibarlı tədbir maska, sosial məsafə və əl gigiyenasına riayət etməkdir.”
 
Bu fikirləri söyləyən, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva virusdan qorunmaq yollarından da söz açaraq dedi: “Bütün dünyada tibbdə “respirator etika” deyilən bir məfhum mövcuddur. Bu, o deməkdir ki, özündə hər hansı bir respirator əlamətlər hiss edən vətəndaşlar ya evdən çölə çıxmır, çıxsalar da maska taxırlar. Nəticə etibarilə kimsənin həyatını riskə atmırlar. Bizim də ölkəmizdə respira­tor etikanın inkişaf etməsini istərdim. Təəssüf ki, hər gün adı portala düşən koronavirus xəstələrinin daxili işlər orqanlarının əməkdaşları tərəfindən ic­timai yerlərdə aşkar edilib saxlanılaraq yaşadıqları evlərə qaytarılması və ya barələrində cinayət işinə başlanılması haqqında xəbərlər oxuyuruq. Hələ virusa yoluxub test verməyən, amma aramızda dolaşanlar da az deyil. Buna nəzarət etmək çox çətindir. Lakin bu­rada vətəndaşın düşüncə tərzi böyük rol oynayır. Virus daşıyıcısı olan şəxs bilməlidir ki, özündən çox ətrafına zərər verir. Müalicə üsulları nə qədər inkişaf etsə də, ən etibarlı yol xəstəliyə yoluxmamaqdır. Yoluxduqdan sonra hər kəsin həyatı risk altında olur.”
 
Həkim evdə müalicə alan və özba­şına dərman qəbul edən koronavirus xəstələrindən də bəhs etdi: “Evdə müalicə ciddi nəzarət altında olmalıdır. Əfsuslar olsun ki, son zamanlarda pandemiya xəstəxanalarına müraciət edən xəstələrin əksəriyyəti xəstəliyin ilk günlərindən etibarən antibakterial, hormonal, steroid kimi preparatların kütləvi istifadəsi nəticəsində ağırla­şıb gələn xəstələrdir. Bu, qətiyyən yolverilməzdir. Xəstəliyin ilk bir həftəsi və on günü virusun çoxaldığı replikativ mərhələsidir. Bu mərhələdə heç bir şəkildə immun sisteminə müdaxilə etmək olmaz. Çünki bizim immun sistemi yoluxmanın ilk bir həftəsində maksimum dərəcədə virusu uzaqlaş­dırmağa və onu neytrallaşdırmağa çalışır. Antibakterial preparatların, xüsusilə steroidlərin istifadəsi im­mun sisteminin cavabını susdurur və beləliklə, biz virusun bədənimizdən çıxmasını gecikdiririk. Bu da daha çox zərər verir və ölümə gətirib çıxarır. Mütləq şəkildə xəstəliyin ilk həftəsində xəstələr sadəcə maye və vitaminlərlə müalicə olunmalıdırlar. Ehtiyac yaran­dığı halda, sırf həkim nəzarəti ilə əlavə müalicələr təyin oluna bilər”.
 
Y.Abdıyeva bildirdi ki, antibiotiklər adından da bəllidir ki, antibakterial preparatlardır. Bu xəstəliyin törədicisi isə virusdur. Antibakterial preparatların virusa heç bir şəkildə, heç bir dozada təsiri yoxdur. Statistik araşdırmalara görə, koronavirus xəstələri arasında ikincili bakterial infeksiyadan ağırlaş­ma ehtimalı 9 faizdir. Yəni xəstələrin 91 faizinin antibiotikə ehtiyacı yoxdur. Temperaturun yüksəlməsi antibiotikə başlamaq üçün göstəriş deyil. Viral xəstəliyin gedişatında 10 – 14 gün arası qızdırma, 21 günə qədər öskürək davam edə bilər. Öskürək və qızdır­manın olması antibiotik və hormonal preparatların qəbuluna başlanılması üçün göstəriş deyil. Bu, xəstələrin vəziyyətini daha da ağırlaşdırır.
 
Həkim, həmçinin dedi ki, mütəxəssislər koronavirusla mübarizə məqsədi ilə keçirilən hər toplantıda vurğulayırlar ki, virusdan qorunmağın ən optimal yolu vaksindən istifadədir. Türkiyə Koronavirus Epidemiyası Elmi Komitəsinin üzvləri bildirirlər ki, peyvənd ciddi xəstəliklərin və ölü­mün qarşısını mütləq şəkildə alır: “Bunun nəticələrini yaxın günlərdə birlikdə görəcəyik. Vaksinlər uğur­lu olacaq və gələn il ərzində bütün dünya bu problemdən qurtulacaq. Əvvəllər xəstəlik keçirənlər qeydlərdə görünəcək və ya xəstəliyə tutulduq­larını bəyan edəcəklər. Bu şəxslər ilk dövrdə peyvənd olunmayacaqlar. Çün­ki xəstəliyin özünün ən yaxşı vaksina­siya üsulu olduğu da məlumdur”.
 
Peyvənddən sonra maska və sosial məsafə kimi qaydalara diqqət edilib-edilməyəcəyinə də aydınlıq gətirən mütəxəssislər bildirirlər ki, ilk peyvənd olunduqdan 14 gün sonra ikinci doza vurulacaq və ondan daha 14 və ya 21 gün sonra vaksinin necə qoruması barədə fikir söylənəcək. Səhiyyə qurumları maskanın nə vaxt çıxarılması ilə bağlı qərar bildirəcək. Son vətəndaşımız bu bəladan qurtara­na qədər birlikdə mübarizə aparmağa davam etmək lazımdır. Səhiyyə Na­zirliyi tərəfindən araşdırılan və əhaliyə tətbiqinə razılıq verilən istənilən peyvənddən qorxmadan yararlanmaq lazımdır.
 
Hazırda koronavirusun mu­tasiyaya uğramış yeni formaları üzərində araşdırmalar davam edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaxın günlər və ya həftələrdə Böyük Britaniya və Cənubi Afrika Respubli­kasından (CAR) müvafiq tədqiqatların nəticələrinin elan ediləcəyi qənaətindədir. Bu barədə danışan ÜST– ün eksperti Maria van Kerkho­ve deyib ki, bu qəbildən olan araşdır­maların nəticələrinin əldə olunmasına zaman tələb olunur. O qeyd edib ki, istənilən virusun dəyişikliyə uğrama­sı normaldır və bu cür dəyişikliklər gözlənilirdi. Bir virus nə qədər uzun zaman insanlar arasında yayılır­sa, onun bu cür dəyişilmələr üçün imkanları da çoxalır. Onun sözlərinə görə, hazırda qarşıda duran əsas sual peyvənd maddələrinin mutasiya­ya uğramış formalara qarşı nə qədər təsirli olduğunu müəyyən etməkdir.
 
ÜST – ün baş direktoru Tedros Gebreyesus pandemiyadan gələcək üçün nəticə çıxarmağa çağırıb. O qeyd edib ki, insanlarda pandemiya ilə əlaqədar həssaslıq yüksəlib, lakın oxşar digər böhran vəziyyətlərinə hazırlaşmaq üçün əlavə vaxta eh­tiyac olacaq. Onun sözlərinə görə, koronavirus ötən dövrdə insanlara hansı problemlər içində olduqları­nı aydın şəkildə nümayiş etdirib. Qeyri-bərabərlik, yoxsulluq və təcrid vəziyyətində olmanın səviyyəsi viru­sun yayılmasını sürətləndirən faktorlar arasındadır. Qorxu hissi yaşayanlar və həddindən artıq qorunanlar yeni növ koronavirus (COVID – 19) infeksi­yasına daha tez yoluxurlar. Doğrudur, diqqətli olmaq və qorunmaq tövsiyə edilsə də, psixoloji olaraq özünü buna hazırlamamaq bəzən yoluxmanı tezləşdirə bilər. Yoluxmanın artmasının kökündə psixoloji amillər də dayanır.
 
Yazgül Abdıyeva, həmçinin vi­rusa yoluxanlarda yaranan psixoloji amillərdən də söz açaraq bildirdi ki, bəzi insanlar xəstələnmədiyi və heç bir problem olmadığı halda hansısa xəbərdən, kiminsə COVID – ə yolux­masını eşidəndən özünü xəstəliyə yoluxmuş kimi hiss edir. Təbii ki, bunlar obsessiv əlamətlərdir. Belə problemlərdən əziyyət çəkənlər çox ciddi gərginlik keçirir, həyəcan səviyyəsi artır və nəticədə immunitetin səviyyəsi aşağı düşür. Belə vəziyyətdə olanda istənilən virusa yoluxmaq mümkündür. Həkimin dediyinə görə, belə insanlar çox vaxt düşünürlər ki, xəstəlik ölümə bərabərdir və bu düşüncələr xəstəliyin həqiqətən də ağırlaşmasına aparıb çıxarır. Ona görə də qorxu hissi yüksək olan belə insan­lara yoluxma statistikası ilə maraqlan­maq da məsləhət görülmür. Bundan başqa koronaviruslu xəstələrin 80 faizində nevroloji əlamətlər aşkar­lanır: “Onlarda həyəcan səviyyəsi çox yüksəkdir, ipoxandiv, obsessiv, sayrışan hallar nevrozu çox olur və bu hallarla mübarizə aparmaq üçün psixoloji dəstəyə ehtiyac var. Ona görə də şüurda psixoloji olaraq özümüzü qorumaqla, belə hallarla mübarizə aparmalıyıq.
 
Söhbətimizin sonunda həkim yeni il arzularını bildirdi: “Artıq 2020 – ci ilə əlvida deyib yeni ilə qədəm qoymuşuq. Arzu edək ki, 2021– ci il Azərbaycanın pandemiyaya qalib gəldiyi il kimi tarixə düşsün. Xalqımız torpaqlarımızın 30 illik işğaldan azad edilməsini ruh yüksəkliyi və sevinclə, doya – doya yaşasın. Hər kəsə xəstəlikdən uzaq, sağlam can arzulamaqla, yeni ilinizi təbrik edir, pandemiyadan əvvəlki həyatımıza tezliklə dönməyi arzu edirəm.”
 
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”








Redaktorun seçimi