Mərkəzi Gömrük Hospitalı 12 il sağlamlığınızın keşiyində

Hit: 584
Mərkəzi Gömrük Hospitalı 12 il sağlamlığınızın keşiyində
Bu gün Mərkəzi Gömrük Hospitalının yaradılmasının 12 ili tamam olur. 2008-ci ilin 25 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Mərkəzi Hospital Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamışdır.
 
Bir çox yeniliklərə imza atmış Mərkəzi Gömrük Hospitalı qısa bir müddət ərzində Azərbaycanın qabaqcıl səhiyyə ocaqlarından birinə cevrilmişdir. Hospital ən müasir standartlar səviyyəsində tikilmiş və təchiz olunmuşdur. Fəaliyyət göstərdiyi bu illər ərzində Mərkəzi Gömrük Hospitalı gömrük əməkdaşlarına və əhaliyə yüksək səviyyədə xidmət göstərmişdir.
 
Düz 12 ildir ki,  Hospital 593 nəfərlik yüksəkixtisaslı  kadr heyəti və  4 mindən artıq tibbi xidmət növü ilə əhalinin sağlamlığının keşiyindədir. 
 
2018-ci ildə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə İdarənin nəzdində Elmi Təcrübi və Tədris Mərkəzi yaradılıb. Həmin ilin oktyabr ayında Mərkəzi Gömrük Hospitalında rezidentura açılıb. Hospitalın Azərbaycan Tibb Universiteti ilə imzaladığı ikitərəfli müqaviləyə əsasən Azərbaycan Tibb Universitetinin məzunları Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alırlar. Rezidentura təhsilinin əsas məqsədi ölkəmiz üçün savadlı, bacarıqlı, etibarlı həkimlər hazırlamaq, gələcəyin həkimləri olan bu tələbələri dəstəkləmək, onların bilik və bacarıqlarını təkmilləşdirməkdir.
 
2019-cu il mayın 3-də Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Türkiyənin Florence  Nightingale  Hastaneler Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universiteti arasında üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Bu memorandum tərəflər üçün tibb sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə, inkişafına xidmət edir. 
2020-ci ilin aprel ayından etibarən Mərkəzi Gömrük Hospitalında laborator müayinə imkanları genişləndirilərək yeni müasir PZR laboratoriyası fəaliyyətə başlayıb. Müasir Real vaxtlı PZR laboratoriya Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik səviyyəsi standartlarına tam cavab verir.
 
Koronavirus pandemiyası ilə əlaqədar 11 iyun 2020-ci il tarixindən etibarən hospitalın işi yalnız COVID-19 xəstələrinin müalicəsinə həsr olunub. Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalının klinik şöbələri, laboratoriya və diaqnostika xidmətlərinin ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilməsi burada ən ağır koronaviruslu xəstələrin müalicəsinə imkan verir. Bu il Mərkəzi Gömrük Hospitalında Philips İngenia Elition X 3.0 Tesla gücündə yeni MRT cihazı istifadəyə verilib
 
Azərbaycanda koronaviruslu xəstələrin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazı ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalında istifadə edilmişdir. Təsadüfi deyildir ki, 2020-ci il iyul ayının 9-da Rusiyadan gəlmiş mütəxəssislər Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər söyləyiblər. Onlar Hospitalın COVİD-19-la mübarizəyə hazırlıqda, avadanlıq və müalicə taktikası və müalicə sxemləri ilə bağlı yüksək professionallığını xüsusi qeyd ediblər. 
 
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi ölkəmizin bir sıra bölgələrində, o cümlədən Astarada, Cəbrayılın Cocuq Mərcanlı qəsəbəsində, Füzuli rayonunun Horadiz şəhərində xeyriyyə aksiyaları keçirib. Bu aksiyaların məqsədi Mərkəzi Gömrük Hospitalının səyyar tibbi xidmət briqadası ilə birlikdə regionlara çıxmaq, ən ucqar kəndlərə gedib ürək-damar problemlərindən əziyyət çəkən insanlarla bilavasitə təmasda olmaq, rayon yerlərində tibb xidmətlərinə əlçatanlığının artırılması məqsədi ilə insanlara ən yüksək texnologiyalar əsasında diaqnostik müayinələr aparmaq olmuşdur. 
 
Bu il Azərbaycan tarixinə Qələbə ili kimi düşdü. Mərkəzi Gömrük Hospitalının da bir sıra əməkdaşlarının bu qələbənin qazanılmasında payları olub. Onlar da Vətənimizin igid oğulları ilə bərabər bu ölüm-dirim mübarizəsində yaxından iştirak ediblər. Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Racu Nəbiyev, patomarfoloq Emin Mirzəyev, əməkdaşlardan Nicat Həsənov, Kamran Mirzəyev ön cəbhədə qəddar düşmənlə qarşı-qarşıya döyüşüblər. Radioloq Eldəniz Hüseynov ikinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq arxa cəbhədə tibbi xidmət göstərib. Onlarla fəxr edirik!
 
Qürurverici haldır ki, bu il Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi həm də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi altında keçirilən Respublika baxış-müsabiqəsinin qalibi olub. 
 
Bu gün peşəkar və təcrübəli heyəti ilə Mərkəzi Gömrük Hospitalı nəinki gömrük işçiləri və onların ailə üzvlərinə, eyni zamanda respublikamızın bütün vətəndaşlarına yüksək keyfiyyətli və güvənli tibbi xidmət göstərən müasir səhiyyə ocağıdır. Mərkəzi Gömrük Hospitalının 12 illik fəaliyyəti münasibətilə  bütün kollektivi təbrik edirik, hamıya uzun ömür, möhkəm can sağlığı, firavan həyat və tibb sahəsində yeni-yeni uğurlar qazanmağı arzulayırıq!








Redaktorun seçimi