“COVİD-19-la mübarizədə birlikdə güclüyük” vebinarı keçirilib

Hit: 519
“COVİD-19-la mübarizədə birlikdə güclüyük” vebinarı keçirilib
Bu günlərdə Azərbaycan Tibb Universiteti və ATU-nun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “COVİD-19-la mübarizədə birlikdə güclüyük” adlı vebinar baş tutub. Vebinarda giriş sözü ilə çıxış edən ATU-nun təlim və tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov hər kəsi Azərbaycan ordusunun qazandığı şanlı qələbə münasibətilə universitet rəhbərliyi adından təbrik edib.
“30 ilə yaxındır işğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycan tarixində yeni bir səhifə oldu. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan cənab İlham  Əliyevin rəhbərliyi ilə qazanılan bu böyük zəfər münasibətilə hər kəsi ATU rəhbərliyi adından ürəkdən təbrik  edirəm! 44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda şəhid  olan hərbçilərimizə Allahdan  rəhmət,  yaralılara isə şəfa diləyirəm”.
 
Z.Musabəyov dünyada, o cümlədən Azərbaycanda  koronavirusun növbəti dalğasının yarandığını, yoluxma və ölüm saylarının gündən-günə kəskin surətdə artdığını qeyd edərək bu dövrdə tibb işçilərinin üzərinə ağır yük düşdüyünü, bu səbəbdən mövzu ilə bağlı müzakirələrin aparılmasına ehtiyac olduğunu bildirdi.
 
Sonra ATU-nun  Tələbə Gənclər Təşkilatının hazırladığı  video-çarx nümayiş etdirilib. Video materialda koronavirusdan qorunmaq üçün zəruri qaydalar əks olunub.
Vebinarda ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərova koronavirusa yoluxan şəxslərdə rast gəlinən əlamətlər, xəstəliyin simptomsuz gedişi, nisbətən yaşlı və yanaşı xəstəliyi olan şəxslərdə baş verə biləcək ağırlaşmalar haqqında məlumat verib. ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru Nigar Ağayeva isə COVİD-19 virusunun diaqnostikası, aparılan testlərin yoluxma haqqında informativlik dərəcəsi və s. bu kimi vacib məsələlər haqqında danışıb.
 
ATU-nun şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, Dos.Məlahət Sultanova  koronavirusa yoluxan şəxslərdə rast gəlinən ağciyər əlamətləri, xəstəliyin gedişində hansı instrumental diaqnostika vasitələrindən istifadə edilməsi, ”Buzlu şüşə” görüntüsü, protokola uyğun olmayan formada özünü evdə müalicə edərək ağırlaşan şəxslərdə rast gəlinən ağırlaşmalar zamanı ağciyərdə baş verən dəyişikliklər və s. haqqında çıxış edib. Sonda qonaqlar iştirakçıların suallarını cavablandırıblar. Qeyd edək ki, vebinarda 150-yə yaxın tələbə iştirak edib.







Redaktorun seçimi