Anasını telefon almadığı üçün öldürən gəncə ağır cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində anasını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Eldar Müslümovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hakim İlham Mahmudovun sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Müslümov 17 il müddətinə azadlıqdan məhrum edilib.
O, ilkin ifadəsində anasını ona "smartfon" telefon almadığı üçün öldürdüyünü deyib.
E.Müslümov bildirib ki, ailə-məişət münaqişəsi zamanı stulla anasının sinə nahiyəsinə zərbə endirib. Qadın zərbənin təsirindən yıxılıb və başı divara dəyib.
Törətdiyi hadisədən dərhal sonra E.Müslümov mənzilin qapısını bağlayaraq hadisə yerindən qaçıb.
Fevralın 19-u saat 16 radələrində anasının sağ qaldığı ümidi ilə evə geri dönüb, təcili tibbi yardım çağırıb. Ancaq həkimlər onun öldüyünü deyib.
E.Müslümova Cinayət Məcəlləsinin 120.2.11-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.