Bakıda xalça və it oğurlanıb

Hit: 210
Bakıda xalça və it oğurlanıb

Avqustun əvvəlindən Bakı ərazisində 700-dən çox şəxsi və dövlət əmlakı qarət olunub.

Bu barədə  paytaxtın daxili işlər orqanlarının rayon bölmələrindən məlumat verilib.

Qeyd edək ki, oğurluqların əksəriyyəti xırdadır. Ötən gün ərzində 37 oğurluq faktı qeydə alınıb.

Nərimanov rayonunun Əziz Əliyev küçəsində, 1993-cü məhəllə ərazisində yerləşən məşhur restorandan böyük məbləğdə pul oğurlanıb. 

Restoran sahibi 1996-cı il təvəllüdlü Kənan Hüseynlinin ofis masasından 24 min manat götürülüb.

Zərərçəkən şəxs oğrunun açıq qapıdan girdiyini iddia edir – bu hadisənin avqustun 19-da, 14:00-18:00 radələrində baş verdiyi ehtimal olunur. Hələlik faktla bağlı saxlanılan yoxdur. Hüquq-mühafizə orqanının əməkdaşları oğurluqda restoran işçilərindən birinin əlinin olduğunu istisna etmirlər.

Həmin rayonda avqustun 19-da kişi öz həyat yoldaşından şikayət edib. 79 yaşlı M.A-nın sözlərinə əsasən, onun 70 yaşlı yoldaşı evin seyfindən 8500 manat və 1800 ABŞ dolları oğurlayıb. Lakin bunu sübut etmək elə də asan deyil. Hazırda Nərimanov rayonunun 18-ci Polis Bölməsinin əməkdaşları fakt üzrə araşdırma aparır. Onlar yaşlı qadının nə üçün təcili olaraq 11 min manata ehtiyacı olduğunu aydınlaşdırmağa çalışırlar.

Paytaxtın Binəqədi rayonunda xadimə ev sahibinin mənzilindən əllə toxunan və 18 min manat dəyəri olan üç xalça oğurlayıb. Bu barədə zərərçəkən 1967-ci il təvəllüdlü Afət Əliyeva rayonun 5-ci bölməsinə şikayətində bildirib.  

Onun sözlərinə görə, oğurluq 26 iyundan 18 avqust tarixinədək olan müddətdə törədilib. Qeyd edək ki, şübhəli şəxsin adı Sevildir. Lakin hələlik fakt üzrə saxlanılan yoxdur. Polis əməkdaşları göstərilən cinayətlə bağlı xadiməni istintaqa cəlb edib. Birbaşa sübutların olmadığı üçün qadının təqsirli olduğu sübut edilməyib.

Xəzər rayon sakini, 1982-ci il təvəllüdlü Ələkbər Soltanovun iti oğurlanıb. Pekines cinsindən olan it onun Binə qəsəbəsindəki evinin həyətindən yoxa çıxıb. Qeyd edək ki, bazarda bu itin qiyməti 400 manatdır.

Bütün faktlar üzrə araşdırma aparılır.









Redaktorun seçimi