Həbsxanada tanış oldular, oğurluq edib maşın aldılar

Hit: 259
Həbsxanada tanış oldular, oğurluq edib maşın aldılar

Qubada silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Quba Rayon Polis Şöbəsindən verilən məlumata görə, onlar Küpçalqışlaq kəndinin əvvəllər məhkum olunmuş sakini Ruslan Şahmirzəyev və tanışı, Saray Bağlar massivində yaşayan Azad Bəşirovdur.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər.

 

Araşdırmalar zamanı məlum olub ki, R.Şahmirzəyevlə A.Bəşirov məhkumluq həyatı yaşayan zaman cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxdıqdan sonra əlaqələrini kəsməyən hər iki şəxs oğurluq etmək qərarına gəliblər. 

Quba rayonunda yerləşən bir neçə dövlət müəssisələrini, fərdi yaşayış evlərini və ticarət obyektlərini özlərinə hədəf seçən dəstə üzvləri ümumilikdə 11 müəssisə və obyektə qanunsuz daxil olaraq, oradan pul, tütün məmulatları, yeyinti məhsulları, elektrik naqilləri, təsərrüfat malları və digər məişətdə istifadə olunan avadanlıqları oğurlayıblar.

Bundan başqa, Ruslan Şahmirzəyev və Azad Bəşirov Xaçmaz rayonu ərazisində yerləşən daha üç mağazadan oğurluq edərək, sahiblərinə maddi ziyan vurublar. Həmçinin, R.Şahmirzəyev oğurluqdan əldə etdiyi pullarla özünə “VAZ-2106” markalı nəqliyyat vasitə aldığını da deyib.

Faktlarla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. 

 

 









Redaktorun seçimi