Azərbaycanda məmurlar sahibkarı doğma rayonundan didərgin saldılar

Hit: 949
Azərbaycanda məmurlar sahibkarı doğma rayonundan didərgin saldılar

Haqqin.az-da noyabrın 15-də dərc edilmiş “Sahibkar Fəxrəddin Bağırov: Rayon başçısı məndən 50 min təıləb etdi” məqaləsi cəmiyyətdə böyük rezonans doğurdu. Baş vermiş hadisəyə təkcə Gədəbəy sakinləri və həmin rayonun Bakıda və ölkəmizdən xaricdə yaşayan təmsilçiləri deyil, Azərbaycanın digər rayonlarından olan oxucular da maraq göstərdi.

Düzünü deyək ki, oxucuların çoxsaylı suallarını cavablandırmaq asan deyildi. Bu məqsədlə bu sətirlərin müəllifi Gədəbəyə yollanmalı oldu ki, vəziyyətlə yerində tanış olsun. Təəssüf ki, Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun və sahibkar Fəxrəddin Bağırovun iddiaları bir-birinə elə zidd idi ki, biz hər iki tərəfin söylədiklərini heç bir dəyişiklik etmədən diqqətinizə çatdırmağa qərar verdik. Son nəticəni isə qoy oxucu özü çıxarsın.

Sözün açığı, bu, jurnalistikaya o qədər də xas olmayan üslubdur. Xüsusilə, ciddi jurnalist araşdırması aparılıbsa. Əlbəttə, bizdə bu problemlə bağlı kifayət qədər konkret mövqe formalaşdı və biz bunu növbəti məqalədə bildirəcəyik, lakin yenə də bu yola əl atdıq ki, heç kim bizi tərəfkeşlikdə ittiham edə bilməsin.

Sahibkarın hörülmüş mağazası

Rayon İH başçısı Ramiz Yediyarov nə dedi?

Gədəbəy Rayon İH başçısı Ramiz Yediyarov

Fəxrəddin Bağırovla elə bir fikir ayrılığımız yox idi. Lakin 2012-ci ildə rayonda, xüsusən də onun mərkəzi Heydər ƏIiyev prospektində miqyaslı abadlaşdırma, köhnə tikililərin yenilənmə və yenidənqurma işləri başlayanda Bağırovun tikinti mağazasına çevirdiyi yaşayış evi də onların sırasına düşdü.

Biz ona öz biznesini bunun üçün hər cür şərait yaradılmış rayon mərkəzinin çıxışına köçürməyi təklif etdik. Özü də hər şey pulsuz təklif olunurdu və bu ev də onun ixtiyarında qalacaqdı. Yeri gəlmişkən, o, burada başqa kommersiya obyekti təşkil edə bilərdi. Qonşuluqda tikinti malları satan həmkarları bizim təklifi qəbul etdilər və tikinti materialları ticarətini rayonun mərkəzindən onun kənarına köçürdülər, köhnə mağazaları isə başqa obyektlərə çevirdilər. Misal üçün, ən yaxın qonşuları tikinti malları ticarətini dediyimiz ünvana köçürdülər, köhnə yerdə isə gözəl mebel mağazaları açdılar. Buna görə də, burada sahibkarların sıxışdırılmasından söhbət gedə bilməz.

Düzdür, Bağırovla bağlı başqa problemlər yarandı və onlar bir çox qaydaların pozulması ilə əlaqədardır ki, bunların həllindən sonra həmin obyekt, ümumiyyətlə, sökülə bilər. Belə ki, bu əraziyə reyestrdən çıxarış (“kupça”) yerli aqrar islahatlar idarəsi tərəfindən 2009-cu ildə verilmiş sənədə əsasən təqdim olunub. Halbuki, həmin idarə bundan 3 il əvvəl fəaliyyətini dayandırıb. Anlamaq olmur ki, ləğv edilmiş struktur bu cür sənədi necə verə bilərdi.

Bu gün bu məsələ ilə müvafiq orqanlar məşğul olur və onlar yekun qərar verəcəklər. Bundan savayı, mağazanın həyətindən yüksək təzyiqli qaz kəməri keçir və onun üzəri bir neçə metr qalınlıqda torpaqla örtülüdür. Bu, yalnız mağazanın özü, işçiləri və müştəriləri üçün deyil, eyni zamanda yaxınlıqda yerləşən evlər və onların sakinləri üçün də böyük təhlükə mənbəyidir. Yeri gəlmişkən, “Azəriqaz” artıq vəziyyətlə tanışdır və yəqin ki, tezliklə onlar da qərarlarını verəcəklər. Evin divarları da FHN-lə razılaşdırılmadan yenidən qurulub.

O ki qaldı guya mənim onu sakit buraxmaq üçün sahibkardan tələb etdiyim 50 min manata, açığını deyim ki, redaksiyanızdan məsələnin belə birtərəfli qaydada işıqlandırılmasını gözləməzdim. Bağırovun böhtan atmağa çalışdığı qarşı tərəfin də fikri ilə maraqlanmaq olardı. Yaxşı ki, indi maraqlandınız. Sizə belə cavab verim. Mən öz adıma və şərəfimə çox dəyər verirəm və buna görə də, heç kimə mənə qarşı bu cür ağır ittihamlar irəli sürməyə imkan vermərəm. Söz verirəm ki, buna görə o, qanun qarşısında cavab verməli olacaq. Bəli, mən onu məhkəməyə verəcəyəm ki, qanun bizi mühakimə etsin. İnsana necə şər atmaq olar – şahidləri, sübutları hanı? Qoy izahat versin, insan öz sözlərinə görə cavab verməlidir.

"Abadlaşdırma" işlərindən sonra vətəndaşlar rayon mərkəzində hasarı tullanmaqla keçməyə məcburdurlar

* * *

Sanki icra başçısının deyil, prezidentin qəbulundasan

Bütün bunları bizə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov öz kabinetində dedi. Onun kabinetinə düşməzdən əvvəl sənədlərimizi ciddi-cəhdlə yoxladılar. Bunu başa düşmək olardısa, vəsiqələrimizin surətlərinin çıxarılmasını və xalqa xidmət etməli olan bu aparat binasına daxil olanları polis əməkdaşının metalaxtaranla nəzarətdən keçirilməsi qəribə göründü. Burada əyləşən məmurlar kabinetlərinin divarlarından çox vətəndaşlarla ünsiyyətdə olmalıdırlar.

Bu, bizim analoji orqanlara birinci səfərimiz olsaydı, belə “xırdalıqlara” bəlkə də fikir verməzdik. Lakin, inanın, ölkənin heç bir icra hakimiyyətində, heç bir nazirliyində bizə belə “şərəf” verməmişdilər. Müəllifin adicə qələmini də hansısa xüsusilə canfəşanlıq edən məmur əlindən alıb, yerinə başqasını verdi. Bu cür hala heç Prezident Administrasiyasında da rast gəlməzsən.

Hörmətli Ramiz Yediyarov öz təhlükəsizliyini çox qiymətləndirir, bəlkə də aşağı səviyyəli məmurlar belə əldən-ayaqdan gedirlər, kim bilir? Hər halda, hətta Bakıdan gəlmiş jurnalistlərin belə heç bir yerdə və heç kim tərəfindən yazılmamış hüquqları pozulurdusa, yerli sakinlərdən danışmağa da dəyməz. Bu cür qarşılanmadan sonra qalan hissi isə nə icra başçısının inandırıcı sözləri, nə bizi qonaq elədiyi dağ otlarından dəmlənmiş ləzzətli çay aradan götürə bilməzdi.

Lakin bu hiss bizə mane olmadı ki, rayon mərkəzinin bir hissəsini baş memar Babək Hümbətovla birlikdə gəzək. O, bizə tikinti malları ilə ticarət üçün nəzərdə tutulmuş ticarət kompleksini göstərdi. Əgər İH binasında bizə şəkil çəkməyə icazə verilmədisə, burada belə bir hüquq bizə təqdim olundu. Ümumilikdə isə, Hümbətovla ümid etdiyimiz səmimi söhbət alınmadı və qısamüddətli birgə nahardan sonra biz rayondan çıxdıq.

 

Bu da sahibkar Fəxrəddin Bağırovun dedikləri

Məmməd Əfəndiyev sahibkar Fəxrəddin Bağırovla

Konkret olaraq Rayon İH başçısının ünvanına heç nə deyə bilmərəm, bu illər ərzində onunla görüşmək mənə nəsib olmayıb. O bircə dəfə də olsun, məni diqqətinə layiq görməyib. Lakin icraçılar – rayon məmurları tərəfindən mənə qarşı edilənlərin hamısı onun adı ilə edilib. Mən ona qarşı nəsə deyirəmsə, buna məni məmurlar məcbur edir, İH başçısı isə onlara görə hər halda məsuliyyət daşıyır. O ki qaldı tikinti malları mağazasının burada tikilməsinin və fəaliyyət göstərməsinin qanuniliyinə, cənab Yediyarovun sadəcə olaraq xırda bir təfərrüatı yadına salmaq istəyirəm. Ola bilsin ki, bunu elə həmin məmurlar onun diqqətinə çatdırmayıblar.

İş burasındadır ki, bu tikilini mən təxminən 2012-ci ilin ortalarında yerli sakin Məhəmməd Hüseynovdan almışam və o buranı yarım il ərzində yerli hakimiyyətdən aldığı icazə ilə tikinti malları dükanı kimi işlədib. Bütün rəsmiyyətə əməl etməklə aldım. Hüseynovun bu obyektə “kupça”sı var idi, deməli, bu da avtomatik ondan xəbər verir ki, bütün texniki tələblər, o cümlədən dayaq divarları, qaz kəməri (yeri gəlmişkən, yüksək təzyiqli deyil, orta təzyiqli) orada nəzərə alınıb.

Axı FHN-in və “Azəriqaz”ın icazəsi olmadan “kupça” verilmir. Qaz kəməri isə az qala şəhərin yarısından da o tərəfdən keçir. İndi nə edək – şəhərin yarısında bütün yaşayış və qeyri-yaşayış sahələrini sökək? Vaxtikən onu şəhərin kənarı ilə aparmaq lazım idi, mərkəzi ilə deyil.

Bəli, mənə mağazanı şəhərin kənarına köçürmək təklif olunmuşdu. Lakin, birincisi, həmin obyekt, bildiyimə görə, Kənd Təsərrüfatı Nazirliyinin kimya birliyinin balansındadır və bu bir az şübhə yaratdı. İkincisi, ora cəmi bir nəfər köçdü, çoxları isə öz tikinti materialları mağazalarını bağladılar, satdılar, ya da fəaliyyət sahəsini dəyişməyə məcbur oldular.

Yeni sahibləri isə həmin mağazaları mebel mağazalarına və digər obyektlərə çevirdilər, halbuki, elə həmin Heydər Əliyev prospektində indiyə qədər də şəhərin abadlığına zərər gətirmədən iki tikinti materialları mağazası fəaliyyət göstərir. Nəhayət, yeni yerdə indiyə qədər də tez xarab olan və kiçik həcmli malların – divar kağızlarının, bahalı sanitar texnikası avadanlıqlarının və s. saxlanması üçün elementar şərait yoxdur. Məgər bu eyni dəyərli təklifdir?

Mağaza bağlanıb, anbarlar boşdur

Əgər hər şey rayon mərkəzinin əsas küçəsinin abadlaşdırılması bəhanəsi ilə edilirsə, yenə də rayon başçısına başqa suallarım var. Mənim tikinti malları mağazam rayon miqyası üçün kifayət qədər təmtəraqlı görünürdü. Özüm ixtisasca inşaatçıyam və daha çox tələbat olan və nisbətən ucuz qiymətə keyfiyyətli mallar gətirməyə çalışırdım. Ticarət də yaxşı gedirdi.

Lakin bir il də keçmədi ki, yerli hakimiyyətin qərarı ilə hansısa ağıllılar məni məcbur etdilər ki, öz hesabıma mağazanın küçə tərəfə açılan plastik pəncərələrini kərpiclə hörüm. Dedilər ki, müvəqqətidir, mən də kərpicləri zəif hördüm ki, onsuz da sökmək lazım gələcək. Bu kərpic pəncərələr şəhəri nə qədər gözəlləşdirdisə, buna özünüz qiymət verin – obyekt mağazadan çox, həbsxananı xatırlatmağa başladı. Kərpic tikilini sökmək istədim, yerli hakimiyyət yenidən bərpa etməkdə israrlı oldu.

O vaxt iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət etdim və o, bu hala hiddətləndi. Lakin bundan sonra rayon hakimiyyəti həmin kərpic pəncərədən iri portret asdı və möhkəm-möhkəm tapşırdı ki, ona toxunmayım. Tezliklə anladım ki, bu göstəriş ancaq mənə aiddir.

Bir gün gecə vaxtı obyektimə gələndə gördüm ki, kimlərsə portreti qoparmağa çalışır. Aydınlaşdırdım ki, onlar da Rayon İH ilə əlaqəsi olan adamlardır. Darvazanın girişindəki basabası da İH işçiləri yaradıblar – prospektdən mağazanın həyətinə girişi iki dəfə - 8 metrdən 4 metrə qədər azaldıblar. Sonradan bu 4 metri də hasarla bağladılar və yan tərəfdən dar bir keçid qoydular. Nəticədə, ticarət də, gəlirlər də düşdü, buna görə ödədiyim vergi də 3 dəfə azaldı. Öz dediklərinə nail olmayınca, yan tərəfdəki keçidi də bağladılar və mağazanı büsbütün müştərisiz qoydular.

İndi o, yiyəsiz ada kimi şəhərin ortasında qalıb və bura yalnız işçilər daxil ola bilir. Onlar da mağazaya gəlmək üçün nərdivandan istifadə edərək hasarı aşmalıdırlar. Eyni zamanda, obyekt uçulur, on minlərlə manatlıq materiallar korlanır. Bütün evlərin və kommersiya obyektlərinin darvazaları bu gün də prospektə açılırsa, bu cür çirkin oyunlar nəyə lazımdır? Amma onlar heç kimə mane olmur. Qəribədir, deyilmi?

Armaturlar zay olur

Getdikcə daha çox üstümə gəlməyə başladılar. Görülən tədbirlərin mənasızlığını dərk edib Gəncə inzibati-iqtisadi məhkəməsinə müraciət etdilər. Bir məqsəd var idi – məndə olan bütün sənədlərin etibarsız hesab edilməsi. Lakin məhkəmə iddianı təmin etmədi və mən qalib gəldim. Məhkəmə qərar verdi, lakin Rayon İH yenə də hər cür təxribat törədərək, ayağımın altını qazır.

Düzünü deyim ki, son vaxtlar doğma rayondan kənarda yaşamağa məcburam, belə ki, təxribatlardan qorxuram. Bu adamlar ağzımı yummaq üçün hər şeyə hazırdırlar. Mağaza isə işləmir. Dörd işçi, mənim ailəm kimi, qazancsız qalıb. Əgər abadlaşdırmada məqsəd bu idisə, yerli hakimiyyət istəyinə çatıb. Məgər rayonda sahibkarlığın inkişafına bu cür kömək edirlər?

O ki qaldı Rayon İH başçısının məndən 50 min manat tələb etməsinə, mən hər yerdə demişəm ki, bu tələbi məndən onun adından aparatın işçiləri edib. Əgər böhtana görə məni məhkəməyə verirsə, başqa sahibkarları da versin – vaxtilə onlar da müxtəlif KİV-lərdə bu cür ittihamlarla çıxışlar edib.

Hətta kimdən söhbətin getdiyini də xatırlada bilərəm. 2013-cü ilin əvvəlində ölkə KİV-ləri xəbər verdilər ki, Gədəbəy rayonunda sahibkarların etiraz aksiyası keçirilib. 300 nəfərdən çox adam mərkəzə toplaşaraq bundan əvvəlki gün rayonun mərkəzi bazarında baş vermiş yanğına görə kompensasiyaların ödənilməsini tələb edir.

Hörülmüş mağazaya daha heç kim gəlmir - giriş və çıxış yoxdur

O vaxt Yediyarov söz verdi ki, problemləri iki gün ərzində həll edəcək. Lakin heç də hamı kompensasiya ala bilmədi. Onların bölüşdürülməsi necə aparılmışdısa, bu günə qədər də sirr olaraq qalır. Ötən ilin sonlarında isə Azərbaycan üçün ümumiyyətlə səciyyəvi olmayan hadisə baş verdi. Rayondan bir qrup sahibkar şikayətlə Bakıya yollandı. Onları Prezident Administrasiyasında qəbul etdilər. Qısaca desək, onların şikayəti bundan ibarət idi ki, Yediyarov onlara işləməyə imkan vermir, rayonda öz biznesini qurur və bu zaman başqalarının hüquqlarını pozur. Əllərində müvafiq sənədləri olan adamlar öz obyektlərindən, ərazilərindən olurdu. Nəticə isə acınacaqlıdır. Sahibkarlar rayonu tərk edir, böyük bədbəxtliyin qarşısını almaq üçün həyəcan təbili çalmaq lazımdır!..

Məmməd Əfəndiyev, Samirə Həsənova

Virtualaz.org

P.S. Yaxın günlərdə İqtisadiyyat Nazirliyinin, Ombudsmenin və digər müvafiq dövlət qurumlarının sahibkara və özəl mülkiyyətçiyə münasibətdə bu cür misli görünməmiş özbaşınalığa dair mövqelərini oxucuların diqqətinə çatdıracağıq.









Redaktorun seçimi