Türkiyə ermənilərin təxribatını pislədi - İran yenə bildiyini "oxudu"

Hit: 3500
Türkiyə ermənilərin təxribatını pislədi - İran yenə bildiyini "oxudu"

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) fevralın 25-dən 26-na keçən gecə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən ağır silahlı toqquşmalar ilə bağlı bəyanat yayıb.

"Anadolu" xəbər verir ki, bəyanatda Ermənistan tərəfindən həmin gecə təmas xəttində Azərbaycana qarşı ağır silahlarla həyata keçirilən hücumlar pislənib.

"Şəhid olanlara Allahdan rəhmət diləyirik, onların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk, yaralılara təcili şəfa arzulayırıq", - deyə bəyanatda bildirilir.

Türkiyə, həmçinin Ermənistanı Azərbaycanla təmas xəttində atəşkəsə əməl etməyə çağırıb: "Biz 2016-cı ilin aprelində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən şiddətli toqquşmaların yenidən baş verməməsi üçün İrəvanı atəşkəsə əməl etməyə və pozuntulara son qoymağa çağırırıq".

Bəyanatda Türkiyənin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində atılan səyləri bundan sonra da dəstəkləyəcəyi diqqətə çatdırılır: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə, münaqişəyə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli və davamlı bir həll yolunun tapılması istiqamətindəki səyləri dəstəkləməkdə davam edəcək. Bu baxımdan Minsk Qrupunun sözügedən münaqişənin həlli məsələsində səylərinə təkan verməsinin zəruri olduğunu hesab edirik".

Eyni zamanda bildirilir ki, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə telefonla danışaraq cəbhədə baş verənlər barədə məlumat alıb.(“Report”)

****

“Biz münaqişə tərəflərini təmkinli olmağa və danışıqlara dəvət edirik”.

APA-nın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi son günlər cəbhədə baş vermiş hadisələrə münasibət bildirərkən belə deyib.

“İran hər iki şimal qonşunu təmkinli olmağa dəvət edir və münaqişə tərəflərini sabitliyin yaranması üçün bütün səyləri göstərməyə çağırır”, - deyə Qasimi qeyd edib.

B.Qasimi problemin həlli üçün məsuliyyətli olan beynəlxalq təşkilatların və mexanizmlərin buna əməl edəcəklərnə ümidini ifadə edib.

XİN sözçüsü İranın regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün tərəflərlə əməkdaşlığa hazır olduğunu vurğulayıb









Redaktorun seçimi