"ASAN Finans”ın tərəfdaş bankları arasında görüş olub

Hit: 890
"ASAN Finans”ın tərəfdaş bankları arasında görüş olub
19 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) ilə “ASAN Finans”ın tərəfdaş bankları arasında onlayn görüş keçirilib.  
 
Faktor.az xəbər verir ki, EHİM-in direktoru Fariz Cəfərov cari işlərin qısa xülasəsini təqdim edərək dövlət - biznes həlləri haqqında danışıb. Görüşdə mövcud qanunvericik bazasının və “ASAN Finans” platformasının təkmilləşdirilməsinə dair bankların rəy və təklifləri müzakirə edilib. Onlayn xidmətlərin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi ilə davam edən tədbirdə, həmçinin “ASAN Finans” servislərində “ASAN Login”nin istifadəsi, bank ödənişlərinin “ASAN Ödəniş” sisteminə inteqrasiya edilməsi və digər mövzulardan söz açılıb. 
 
Dövlət-biznes tərəfdaşlığının inkişaf etdirilməsi baxımından əhəmiyyətli olan görüş eləcə də müvafiq istiqamətdə elektron iştirakın təmin edilməsi, ekspertlərin rəy və təkliflərinin alınması baxımından faydalıdır.  
 
EHİM tərəfindən idarə edilən “ASAN Finans” maliyyə və digər sektorlardan olan qurumların və şirkətlərin dövlət informasiya ehtiyatı sistemlərinə çıxışını təmin edir. Müvafiq sistemə inteqrasiya edilmiş qurum və təşkilatlar FİN və ya VÖEN vasitəsilə məlumatları vətəndaşın razılığı ilə real vaxt rejimində rəqəmsal formada əldə edə bilir. Bu isə həmin təşkilatların operator, əməliyyat və digər xərclərə qənaət etməsinə, eləcə də təhlil və qərarvermə prosesini daha sürətli aparmasına imkan yaradır.   
 
Hazırda “ASAN Finans” 60 qurumu əhatə edir. Bunlardan 53 qurum real rejimdə fəaliyyət göstərir, 7 qurum ilə inteqrasiya işləri davam etdirilir. 
 
“ASAN Finans” sisteminə qoşulmaq üçün; 
Tel: 012 444 74 44 (dax. 3137)








Redaktorun seçimi