Cənubi Qafqazda sürtkülərin istehsalı ilə məşğul olan yeganə müəssisə

Hit: 830
Cənubi Qafqazda sürtkülərin istehsalı ilə məşğul olan yeganə müəssisə

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti tərəfindən yanmaya dayanıqlı yüksək keyfiyyətli sürtkülər istehsal olunur

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodu Cənubi Qafqazda sürtkülərin istehsalı ilə məşğul olan yeganə müəssisədir. Strateji məhsul hesab olunan sürtkülər nəqliyyat, dəmir yolu, gəmiçilik, müdafiə sənayesi texnikası, sanaye avadanlıqları və s. sahələrdə geniş tətbiq olunur.
 
Zavod Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı çağırışlarını rəhbər tutaraq, həmçinin bu sahənin aktuallığını nəzərə alaraq yüksək qoruma xüsusiyyətlərinə malik, çox məqsədli, suya davamlı sürtkülərin istehsalında son 5 il ərzində böyük nailiyyətlər əldə etmişdir.
 
Təcrübə-Sənaye Zavodunda dünyada ilk dəfə olaraq ərimə temperaturu olmayan, hərbi texnikada istifadəsi zamanı əhəmiyyətli üstünlüklər təqdim edən “Floran EP-2” sürtkü materialının istehsalı həyata keçirilir, 5-ci nəsil – kompleks antifriksion sürtküləri hazırlanır. Bu sürtkü, bütün hallarda ümumi təyinatlı sürtküləri, əksər sürtünmə hissələrində isə yüksək temperaturlar üçün sürtküləri əvəz edə bilər. Detalları mükəmməl şəkildə yeyilmədən qoruyan və çəkilən səthdə bərk dayanan “Floran EP-2” hətta qaynayan suya dayanıqlıdır və qızma zamanı bərkimir. Sürət, yüklənmə və temperaturun geniş intervalında etibarlı şəkildə işləyir. Sürtkü böyük mühafizə xassələrinə malikdir, metal məmulatları korroziyadan etibarlı qoruyur, avadanlıqların yeyilməsini azaldır və xidmət müddətini artırır.
 
Yanğın baş verdikdə bu sürtkü materiallarının yalnız üst qatı yanır, yanğın söndürüldükdən sonra isə materiallarda sürtkülər qalır, texnika təkrar hərəkətə gətirildikdə işini əvvəlki kimi davam etdirir.
 
Qeyd edək ki, Təcrübə-Sənaye Zavodu tərəfindən patentləşdirilmiş bu məhsulun istehsalı və keyfiyyətinin idarə olunması sistemi beynəlxalq standartlara uyğun olaraq sertifikatlaşdırılıb.
 
Hazırda yüksək keyfiyyətli, eyni zamanda qiymət baxımından sərfəli olan bu sürtkülərin dünya bazarına çıxarılması istiqamətində işlər görülür. Yaxın zamanda məhsulun tanıtım sertifikatları əldə olunduqdan sonra “Floran EP-2”nin xarici ölkələrə ixracı nəzərdə tutulur.








Redaktorun seçimi