Caspian Energy Club növbəti B2G FORUM təşkil edib

Hit: 1014
Caspian Energy Club növbəti B2G FORUM təşkil edib
“Caspian Energy Club”un Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Verqi Xidmətinin rəis müavini Samirə Musayeva ilə birgə təşkil etdiyi ənənəvi Online B2G Forumu çərçivəsində COVID-19 koronavirus pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub. 
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 
"Online B2G Forum"iştirakçılarını salamlayan “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev Faktor.az-a bildirib ki, “yalnız güclü ıqtısadıyyatı olan güclü orduya malık ola bılər”. “Biz biznesin problemlərini öyrənmək üçün tədbirlərin təşkilini onlayn rejimdə davam etdiririk. Bu, dövlət-biznes dialoqunu əvvəlki səviyyədə saxlamağa və məhz koronavirus pandemiyasının çətin dövründə biznes nümayəndələrinə dövlətin dəstəyini hiss etməyə imkan verir”.
 
Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğal olunması, işğalçı ölkənin Azərbaycana qarşı hərbi təxribatları, ölkəmizin ərazi bütövlüyünün qorunması üçün aparılan əks-hücum əməliyyatı barədə məlumat verib.
Düşmənin cəbhəyanı bölgələrdə yerləşən mülki obyektləri hədəfə aldığı və nəticədə çoxsaylı sahibkarlıq obyektlərinin düşmən zərbələrinə məruz qaldığı qeyd edilib. Sahibkarlıq subyektlərinə dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi, onların sosial, iqtisadi və maliyyə vəziyyətlərinin yaxşılaşdırılması üçün dövlət tərəfindən ciddi addımlar atıldığı və bu məqsədlə Dövlət Vergi Xidməti tərəfindən cəbhəyanı ərazilərdə fəaliyyət göstərən vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarların tam şəkildə ləğv edildiyi diqqətə çatdırılıb.
 
S.Musayeva tədbirin əsas məqsədinin koronavirus pandemiyasının iqtisadiyyata və biznes strukturlarına təsirləri, əsas iqtisadi prioritetlər, iş adamlarının mövcud şəraitdə qarşılaşdıqları məsələlərin müzakirəsi olduğunu bildirib. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində məhdudlaşdırıcı tədbirlərin iqtisadiyyat və biznes üçün yaratdığı təsirlər barədə danışıb, dövlət tərəfindən epidemioloji vəziyyətin nəzarətə alınması məqsədilə iqtisadi aktivliyin məhdudlaşdırılmasına diqqət çəkib. Qeyd olunub ki, hazırda iqtisadi aktivliyin bərpa edilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinin tədricən normal məcraya qaytarılması üçün dövlət tərəfindən müvafiq tədbirlər görülür. 
Rəis müavini pandemiyanın təsirlərinin aradan qaldırılması üçün həyata keçirilmiş tədbirlər, habelə yaranmış yeni şəraitdə dövlətin əsas iqtisadi prioritetləri haqqında məlumat verib. Bildirilib ki, bunlar qeyri-neft sektorunun, ixracyönümlü istehsal fəaliyyətinin genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi, şəffaf və rəqabətyönümlü sahibkarlıq mühitinin yaranması və onun dayanıqlı inkişafı, mikro və kiçik sahibkarların dəyər zəncirində rolunun artırılmasıdır. İqtisadi inkişafın və sadalanan prioritetlərin reallaşdırılmasının mühüm tənzimləyici elementlərindən biri isə səmərəli vergi mühitidir. Qeyd edilib ki, ötən dövr ərzində dövlətin ümumi sosial-iqtisadi siyasətindən irəli gələrək, vergi sistemində bir sıra islahatların həyata keçirilməsinə başlanılıb və əhəmiyyətli addımlar atılıb. Həyata keçirilən islahatların əsas məqsədi iqtisadi inkişafın hərəkətverici qüvvəsi olan kiçik və orta sahibkarlığın normal fəaliyyət göstərə bilməsi üçün əlverişli vergi mühitinin yaradılması, qeyri-neft sektorunun inkişafının genişləndirilməsi və “kölgə iqtisadiyyatı”nın azaldılmasına nail olmaqdır. Vergi ödəyiciləri üçün səmərəli şəraitin yaradılması yalnız vergi yükünün azaldılması, yaxud təşviqlərin təmin edilməsi deyil, eləcə də ədalətsiz rəqabətə gətirib çıxaran qanunsuz fəaliyyətlərlə, real iqtisadi mahiyyətdən kənar əqdlər bağlamaqla hansısa üstün mövqe tutan sahibkarlara qarşı ciddi mübarizənin aparılmasıdır. Vergi sahəsində aparılan islahatlar nəticəsində sahibkarlara əlverişli şəraitin və investisiya mühitinin yaradılması, vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, yoxlamaların sayının azaldılması, habelə vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə elektron auditin tətbiq dairəsinin genişləndirilməsi və məsafədən elektron nəzarət sisteminin təkmilləşdirilməsi sahəsində mühüm işlər görülüb və vergi yoxlamalarının keyfiyyəti artırılıb. 
 
S.Musayeva vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması məqsədilə vergi ödəyiciləri ilə açıq dialoqların keçirilməsi, sahibkarlıq subyekləri ilə mütəmadi görüşlərin təşkil edilməsi, sahibkarları narahat edən problemlər bağlı onların dinlənilməsi və operativ surətdə həllinin təmin edilməsi, qanunvericilikdəki qarşıya çıxan boşluqların aradan qaldırılması üçün onun təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atıldığını diqqətə çatdırıb. Bildirilib ki, qanunvericiliyin tələblərinə əməl edən, qanunla müəyyən olunmuş vergiləri ödəyən sahibkarların təşviq edilməsi, onların vergi yükünün aşağı salınması, qarşılıqlı münasibətlərin daha çox partnyorluq müstəvisində qurulması və qanunvericiliyin tələblərini pozan vergi ödəyicilərinə qarşı daha sərt məsuliyyət tədbirləri həyata keçirilir. Bu yanaşma qarşılıqlı inam, etimad və şəffaflıq üçün son dərəcə zəruri olan elementlərdir. 
 
Dövlət Vergi Xidmətinin nümayəndələri Online B2G Forum iştirakçılarının suallarını cavablandırıb və təkliflərini dinləyiblər. 
“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyinə minnətdarlığını bildirib. O, Dövlət Vergi Xidməti ilə birlikdə daimi ikitərəfli işçi qrupun yaradılması ilə bağlı təklif irəli sürüb və bildirib ki, ikitərəfli işçi qrup mütəmadi olaraq aktual sual, təklif və problemləri dövlət xidməti ilə müzakirə etməyə və operativ cavab verməyə imkan verəcək.
 
T.Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
 
Tədbirin sonunda “Caspian Energy Club”un sədri Telman Əliyev klub üzvlərindən və sahibkarlardan Silahlı Qüvvələrə Yardım Fonduna vəsait keçirərək dəstək olmaqlarını, həmçinin şəhid ailələrinə, orduda döyüşən əsgər və zabit ailələrinə maliyyə dəstəyi göstərməklərini xahiş edib. O həmçinin üzv şirkətlərə müraciət edərək bir daha vurğulayıb ki, bütün xarici partnyor və tərəfdaş şirkətlərin rəhbərləri, hər bir əməkdaşı və nümayəndəsi Azərbaycanın ərazi bütövlüyü naminə apardığı mübarizəsi, Qarabağ münaqişəsi, işğal altında olan və işğaldan azad edilən torpaqlar haqqında obyektiv və düzgün məlumatlandırılmalıdır: “Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq”.
 







Redaktorun seçimi