AMEA Yüksək Texnologiyalar Parkı ordumuza növbəti dəfə yardım göndərdi

Hit: 776
AMEA Yüksək Texnologiyalar Parkı ordumuza növbəti dəfə yardım göndərdi
Ölkə Prezidenti İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün dünyanın ən güclü ordularından biri hesab edilir. Xalqımızın qürur və güvən yeri olan Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları uğurla davam edir və hər bir azərbaycanlı cəbhədəki qələbələrin qürur hissini yaşayır.
 
Ordumuzun maddi-texniki bazasının tam təchiz olunmasına baxmayaraq, bu həssas günlərdə arxa cəbhədə olan hər kəs öz vətəndaşlıq mövqeyini bildirir, ölkənin bütün dövlət və özəl təşkilatları silahlı qüvvələrimizə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edir, müxtəlif yardımlar göstərirlər.
 
Faktor.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiyanın elmi müəsisə və təşkilatlarının, o cümlədən AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) kollektivi də könüllü olaraq bu müqəddəs amal uğrunda mübarizəyə qoşulublar.
 
Belə ki, akademiya rəhbərliyinin tapşırığı ilə YT Park və onun rezidenti olan Təcrübə-Sənaye Zavodu növbəti dəfə torpaqlarımızın azad edilməsi uğrunda şiddətli və davamlı döyüşlər aparan əsgərlərimizə, Tərtər və Füzuli bölgələrində yerləşən tibb məntəqələrimizə və hərbi hissələrə çoxlu sayda zəruri tibbi ləvazimatlar, eləcə də Zavodun istehsal etdiyi mühərrik və sürtkü yağlarından ibarət yardım göndərib.
 
Göndərilən tibbi ləvazimatlara Ağ Naftalan yağı, “Naftaderm” şampunu və losyonu, digər şəxsi gigiyenik vasitələr, müxtəlif növ ağrıkəsicilər, yaraların işlənilməsi üçün məhlullar, spirt tərkibli vasitələr, yara sarğıları və s. daxildir.
 
Qeyd edək ki, YT Park və Təcrübə-Sənaye Zavodu tərəfindən indiyədək şanlı ordumuza ümumi məbləği 40 000 manat olan yardım göstərilib.
 
Yüksək Texnologiyalar Parkının kollektivi olaraq cəsur ordumuzun uğurları və nailiyyətləri ilə qürur duyur, bütün mümkün yollarla onları dəstəkləməyə hazır olduğumuzu bildiririk!
 
Əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun başladığı əks-hücum əməliyyatları torpaqlarımızın tam işğaldan azad olunması ilə sona çatacaq və Azərbaycan haqlı mübarizədə zəfər çalacaq.
 
Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!







Redaktorun seçimi