Minlərlə toyuğun arasında “qurdlu desant” necə peyda oldu? - "OBA"dan açıqlama

Hit: 1424
Minlərlə toyuğun arasında “qurdlu desant” necə peyda oldu? - "OBA"dan açıqlama
“OBA” Marketlər Şəbəkəsinin daimi müştərilərindən olan Azad Mustafayev adlı şəxs Gəncədə “OBA” filiallarından birində alış-veriş edərkən digər məhsullarla yanaşı aldığı “Cənub broyler”ə məxsus soyudulmuş təzə toyuğun evdə bişirilərkən içindən qurdlar çıxdığını iddia edib. Müştəri bununla əlaqədar öz Facebook sahifəsində status paylaşıb və ayrıca bu barədə “OBA” Marketlər Şəbəkəsinə də məlumat verib. Bəzi kütləvi informasiya vasitələri isə sosial şəbəkədə rastlaşdıqları yoxlanmamış bu məlumatı qarşı tərəfin mövqeyini öyrənməyə heç cəhd belə etmədən “OBA”nı günahkar qismində göstərməyə çalışaraq, normal jurnalistika qaydalarına əməl etmədən birtərəfli qaydada işıqlandırıblar. 
 
Daim müştərilərin hüquqlarının qorunmasına çalışan “OBA” Marketlər Şəbəkəsi tərəfindən şikayətlə bağlı dərhal araşdırmaya başlanılıb və məlum olub ki, həmin gün təzə “Cənub broyler” toyuqları endirim kampaniyası çərçivəsində daha ucuz təqdim olunduğundan mağazalara daxil olduğu gün də hamısı satılıb. Ümumiyyətlə, mayın 23-də və sonrakı günlərdə Gəncədəki “OBA” marketlərində satışa çıxarılan minlərlə “Cənub broyler” toyuqlarının heç birində qurd və ya digər neqativ hal qeydə alınmayıb. Toyuqların satıldığı “OBA” mağazalarında məhsulların, o cümlədən təzə toyuqların saxlanma şəraiti də gözdən keçirilib və ilkin baxış zaman orda da hər hansı çatışmazlıq olmayıb. Buna baxmayaraq, həmin mağazada daha dərin araşdırılma aparılması barədə qərar qəbul olunub. 
 
Məsələ ilə əlaqədar “Cənub broyler”in region üzrə təmsilçisi də müştəri ilə əlaqə saxlayıb, ona toyuqların necə daşınması, saxlanması və mağazalara paylanması barədə məlumat verməklə yanaşı, bütün proses və şəraitlə də əyani şəkildə tanış edilib. Bildirilib ki, “Cənub broyler” toyuqlarının bu vaxta qədər satışda olduğu dövrdə bircə dəfə də olsun, bu cür neqativ hala rast gəlinməyib və bununla bağlı heç bir şikayət də olmayıb. Müştəriyə istehsalından tutmuş satışınadək toyuqların saxlanmasında “soyuq zəncir” effekti barədə ətraflı məlumat verilib. Bilidirilib ki, əgər bu “soyuq zəncir” effekti pozulsaydı, qurd bir yox, minlərlə toyuqda aşkar edilərdi. Halbuki, bu baş verməyib. Müştəriyə izah edilib ki, “soyuq zəncir” effektinin qırılması yalnız ya mağazada, ya da məhsulu alan müştərinin evində saxlanma şəraitinin pozulması nəticəsində baş verə bilər. O zaman toyuğun qurd salması mümkündür.
 
Qeyd edək ki, “OBA” Marketlər Şəbəkəsində satışa çıxarılmazdan əvvəl bütün məhsullar şirkətin Keyfiyyətə nəzarət və mərkəzi laboratoriya departamenti tərəfindən ciddi şəkildə yoxlanılır. Bundan əlavə, məhsula dair bütün müvafiq sertifikatlar, o cümlədən qida təhlükəsizliyi və analiz sertifikatları tələb edilir. Hətta istehsal sahələrinin sanitar-gigiyenik qaydalarına uyğun olub-olmadığı da yerində yoxlanılır. Departamentdən bildirilib ki, anbarlarda toyuq məhsullarının qəbulu zamanı onların “soyuq zənciri”n bütün mərhələlərinə uyğunluğuna ciddi nəzarət edilir və indiyədək nə anbarlarda, nə də mağazalarda onların qurd salmasına rast gəlinməyib. Qeyd edilir ki, bu cür toyuq məhsulları saxlanma şəraiti yalnız günlərlə pozulduqda, temperatur rejiminə əməl edilmədikdə qurd sala bilər. 
 
Şikayətçi Azad Mustafayev isə bildirib ki, o, 23 may 2020-ci il tarixində “OBA” marketdən bazarlıq edərkən digər məhsullarla yanaşı, satıcının endirim kampaniyası barədə məlumatlandırmasından sonra bir ədəd “Cənub broyler” toyuğunu da alıb. Müştərinin sözlərinə görə, həmin toyuq 8 gün evdə saxlanılıb və mayın 31-də qazanda bişirilərkən içindən qurdların çıxdığını görüblər. Şikayətçiyə toyuğun saxlanma şəraiti ilə tanış olmaq təklif edilsə də, o, bundan imtina edib və bildirib ki, toyuq alındığı gündən bəri evdəki soyuducuda saxlanılıb və soyuducu da qaydasındadır. Müştəridən məhsulu maddi sübut kimi tələb etdikdə isə o, əvvəlcə “qurdlu toyuğu” evdə saxlamayıb zibilxanaya atdıqlarını, lakin üstündən təxminən 2 saat toyuğu atmayıb zibil torbasında saxladıqlarını və onu maddi sübut kimi təqdim etməyə hazır olduğunu deyib. 
 
Daha ətraflı araşdırmalardan sonra nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.   
 








Redaktorun seçimi