Naxçıvan şəhər buzxanası yenidənqurmadan sonra - FOTOLAR

Hit: 1254
Naxçıvan şəhər buzxanası yenidənqurmadan sonra - FOTOLAR
Naxçıvanın qədim tarixi, mədəniyyəti və zəngin mətbəxi turizmin inkişafı üçün geniş imkanlar açır. Bu torpaqda min illər ərzində xalqımızın formalaşdırdığı məişət mədəniyyətinin izləri həm də tarixi abidələrdə - buzxanalarda yaşadılır. Qədimdə insanların buza olan tələbatını ödəyən, ərzaq məhsullarının uzun müddət saxlandığı buzxanalarda bu gün milli mətbəx nümunələrimizin təbliği tarixi və mədəni irsimizin yaşadılmasına hesablanmış tədbirlərdəndir. Ali Məclis Sədrinin tapşırığı ilə Naxçıvan şəhərindəki buzxananın bərpa olunması da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Faktor.az-a bildirilib ki, mayın 5-də Naxçıvan şəhər buzxanası bərpa və yenidənqurmadan sonra istifadəyə verilib, abidədə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün iş şəraiti yaradılıb.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
 
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov inşaatçılar adından minnətdarlıq edərək deyib ki, muxtar respublikada aparılan tikinti quraşdırma və abadlıq işləri nəticəsində qədim diyarımız günü-gündən inkişaf edir. Tikinti işləri zamanı keyfiyyət amili diqqətdə saxlanılır, yeni binaların inşası ilə yanaşı, tarixi abidələr də bərpa olunur. Naxçıvan şəhər buzxanasında bərpa işlərinin görülməsi də bu tədbirlərin davamıdır.
 
“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin əməkdaşı Fəridə Əsədova çıxış edərək deyib ki, muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri sırasında tarixi-memarlıq abidələrinin bərpası xüsusi yer tutur. Buzxana abidəsinin bərpa olunaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin balansına verilməsi göstərilən qayğının əyani ifadəsidir. Bu gündən etibarən “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi burada fəaliyyət göstərəcəkdir. Yaradılan şərait Naxçıvan mətbəxinin təbliğinə geniş imkanlar açacaq, yerli və xarici turistlərin böyük marağına səbəb olacaqdır. Fəridə Əsədova tarixi-mədəni irsimizin və dəyərlərimizin yaşadılması sahəsində görülən işlərə görə kollektiv adından minnətdarlıq edib.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını ölkə əhəmiyyətli tarixi abidəmiz olan Naxçıvan şəhər buzxanasının bərpa və yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Abidələri yaşatmaq xalqın tarixini, mədəniyyətini, dəyərlərini yaşatmaq deməkdir. Bu gün tariximiz təkcə kitablarda deyil, eyni zamanda abidələrdə yaşayır. Xalqımızın neçə əsr bundan əvvəlki təfəkkürünün məhsulu olan abidələri qorumaq, bərpa edərək yaşatmaq, gələcək nəsillərdə tariximiz və qədim mədəniyyətimiz haqqında təsəvvürlər formalaşdırır.
 
Ali Məclisin Sədri deyib: Buzxanalar insan təfəkkürünün məhsuludur. Texnologiyanın olmadığı bir dövrdə xalqımızın yaratdığı buzxanalar insanları isti yay günlərində buzla təmin etmişdir. Bu da Azərbaycan xalqının tarixən nə qədər böyük inkişaf yolu keçdiyini göstərir. Çünki tarixi abidələr hər bir xalqın uzun illər ərzində formalaşdırdığı mədəniyyətin nəticəsində yaranmışdır. Xalqımızın keçdiyi yol və malik olduğu mədəniyyət neçə əsr bundan əvvəl tarixi abidələrin, o cümlədən buzxanaların yaranmasına səbəb olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin tövsiyə və tapşırıqlarına əsasən ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da abidələr bərpa olunur. Muxtar respublikada bu işə tarixi abidələrin pasportlaşdırılması ilə başlanılmışdır. Daha sonra abidələr tədqiq olunaraq öyrənilmiş, hansı kateqoriyaya aid olduqları müəyyənləşdirilmiş və bərpa edilmişdir. Belə abidələrdən biri də Naxçıvan şəhərində yerləşən və XII-XIV əsrlərə aid olan buzxanadır.
 
Ali Məclisin Sədri deyib: Buzxana abidəsinin tarixi görkəmi qorunub saxlanılmaqla bərpa olunması ona ikinci həyat vermişdir. Abidədə xalqımızın milli dəyərlərinin bir hissəsi olan kulinariya mədəniyyəti yaşadılacaq və təbliğ olunacaqdır. Bu gün Naxçıvan Dövlət Universitetində müvafiq ixtisas üzrə kadr hazırlığının aparılması və həmin ixtisasın hamiliyə götürülməsi, eləcə də gənclərimizə kulinariya mədəniyyətimizin öyrədilməsi qarşıda duran əsas vəzifələrdəndir. Ona görə də buzxanada Naxçıvan Turizm Departamentinin “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin fəaliyyəti üçün şərait yaradılmış, yeni iş yerləri açılmışdır. Burada milli mətbəx nümunələrimiz hazırlanaraq təbliğ olunacaq, həm tariximiz, həm də dəyərlərimiz yaşadılacaqdır. Abidənin qorunması və yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunması Turizm Departamentinin üzərinə düşən vəzifədir. Buradan yalnız ictimai-iaşə obyekti kimi istifadə olunmamalı, eyni zamanda televiziya verilişləri vasitəsilə milli mətbəx nümunələrinin hazırlanma qaydaları əyani formada nümayiş olunmalı, internet resurslarından istifadə etməklə təbliğat işi aparılmalıdır.
 
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini bildirib, abidənin bərpasında əməyi olanlara təşəkkür edib, yaradılan şəraitlə maraqlanıb.
 
Məlumat verilib ki, Naxçıvan şəhər buzxanasının plan quruluşu düzbucaqlı formadadır. Hazırkı vəziyyətdə hündürlüyü 9,6, divarlarının qalınlığı 1 metr olan abidə memarlıq quruluşu saxlanılmaqla bərpa olunub. Abidənin divarları izolyasiya edilib, bina və mövcud yardımçı otaqlar əsaslı təmir olunub, mətbəx və qazanxana tikilib. Buzxananın tarixi görkəminə uyğun mebel və avadanlıqlar qoyulub, istilik sistemi quraşdırılıb. Burada Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin fəaliyyəti təmin olunacaq, sakinlərə, eləcə də turistlərə iaşə xidməti göstəriləcəkdir.
 
Abidənin həyətində də abadlıq işləri aparılıb, buzxanaya gedən yol genişləndirilərək asfalt örtüyü salınıb, işıq dirəkləri quraşdırılıb.
 
Ali Məclisin Sədri abidənin qorunması və milli mətbəx nümunələrimizin təbliği ilə bağlı tapşırıqlar verib.
1
1
1
1








Redaktorun seçimi