“Azexport” portalına sifarişlər artıb

Hit: 725
“Azexport” portalına sifarişlər artıb
Koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyət əksər dünya ölkələrində gündəlik qida məhsullarına tələbatın artmasına səbəb olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Faktor.az-a verilən məlumata görə, bu baxımdan “Azexport.az”internet portalına da daxil olan sifarişlərdə artım müşahidə olunur.
 
Belə ki, cari ilin fevral ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri 60,7 mln. dollar təşkil edib və 2019-cu ilin fevral ayı ilə müqayisədə 12,6% və ya 6,8 mln. dollar artıb. 
 
Qeyd olunan dövrdə portala əsasən soğan, sarımsaq, pomidor, kartof, pambıq yağı, toyuq əti, toyuq yumurtası kimi məhsullara daha çox sifarişlərin daxil olduğu görünür.
 
Pandemiya dövründə tətbiq olunan karantin rejimlərinin tələblərinə uyğun olaraq istehsal müəssisəni tərk etmədən ixrac olunacaq məhsullara sertifikatların alınması, həmçinin, portal nümayəndələrinin ixrac bəyannaməsinin doldurulması imkanları da “Azexport.az” internet portalında mövcuddur. Bunun üçün dünyada ilk dəfə olaraq portal tərəfindən “Onlayn vahid ixrac ərizəsi” Azərbaycan sahibkarlarının istifadəsinə verilib.
 
Qeyd edək ki, hazırda portalında 10 mindən artıq məhsul və üç mindən artıq təchizatçı qeydiyyatı mövcuddur. 2017-ci ilin yanvar ayından bu ilin 29 fevral tarixinədək “Azexport.az” internet portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1,687 mlrd. dollar təşkil edib. Portal fəaliyyət göstərdiyi müddətdə 10-dan artıq yerli şirkətə üç yüz adda məhsul üçün “Sərbəst satış sertifikatı” təqdim edib.







Redaktorun seçimi