İstehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunurlar

Bakıda və Abşeron yarımadasında güclü küləyin başlanması ilə əlaqədar olaraq, “Azərişıq” ASC gücləndirilmiş iş rejimində çalışır.
Faktor.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, artıq ötən gündən etibarən “Azərişıq” ASC tərəfindən gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Bununla yanaşı regionlarda növbətçilik yaradılıb. Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı çağrı mərkəzinin əməkdaşlarının sayı artırılıb.
"İstehlakçılara müraciət edərək bildiririk ki, havaların küləkli-çovğunlu olduğu vaxtlarda yüksəkgərginlikli hava xətlərinin olduğu yerlərdən keçməsinlər və qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar".
T.Müstafayev həmşinin əlavə edib ki, qabaqlayıcı tədbirlərimiz öz nəticələrini verir, təşkilatçılıq yüksək səviyyədədir. Dağətəyi rayonlara güclü qar yağsa da, hələ ki, elektriklə bağlı problem yaşanmayıb.


