Oyrad Abdullayev: “Gəmi mühəndisliyi dəqiqlik tələb edən işdir”

Hit: 868
Oyrad Abdullayev: “Gəmi mühəndisliyi dəqiqlik tələb edən işdir”

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) tərkibində olan Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutu yarandığı ilk gündən ölkəmizdə gəmiçiliyin inkişafına mühüm töhfələr verməklə məşğuldur. Bugün İnstitut daha təkmilləşdirilmiş formada fəaliyyətini uğurla davam etdirir. Hazırda burada müasir texnologiyalardan istifadə etməklə yeni layihələr həyata keçirilir.  

İnstitutun direktoru Oyrad Abdullayev bu layihələr və gələcək planlar barədə suallarımızı cavablandırır.

  
- Oyrad müəllim, hazırda hansı layihələr üzərində işləyirsiniz?


- Əsas gücümüzü yeni gəmilərin layihələndirilməsinə yönəltmişik. Önəmli işlərimizdən biri 300 kVt gücə malik təchizat-yedək kateridir. Bu gəmi multifunksional olacaq. Məsələn, dənizin 20 mil zonasında yedək əməliyyatları apara biləcək, 12 nəfər sərnişin tutumuna malik olacaq,  yanğınsöndürmə funksiyasını yerinə yetirəcək, göyərtəsində 5t yük götürə biləcək. “Qaradağ”, “Zərdab”,”Orion” tipli gəmiləri əvəz edəcək.  Bundan başqa, biz hazırda suyun 60 metr dərinliyində dalğıc əməliyyatı aparmaq üçün nəzərdə tutulan gəmi üzərində də iş aparırıq. Bu gəminin layihəsi artıq Təsnifat Cəmiyyəti tərəfindən təsdiqlənib.  

 
-Bəs, rəhbərlik etdiyiniz İnstitutun sərnişin gəmilərinin layihələndirilməsi ilə bağlı planı varmı?

Bəli, artıq belə bir gəmi üzərində işləyirik. Bu gəmi ilə dənizin 20 mil zonasında yerləşən buruqlara sərnişin daşımaq mümkün olacaq. Gəmi eyni vaxtda  70 nəfərə xidmət edəcək. Gələcəkdə ASCO üçün kiçik tonnajlı gəmilərin layihələndirilməsi də bizim tərəfimizdən nəzərdə tutulur. 


- Gəmilərin layihələndirilməsi neçə mərhələdən ibraətdir və necə həyata keçirilir?

- Sifarişçi tərəf öncə istədiyi gəmini təsvir edir və layihəçiyə texniki tapşırıq hazırlayıb verir. Bunun əsasında layihəçi təşkilat gəminin ümumi görünüşünü və texniki spesifikasiyasını tərtib edir. Növbəti mərhələdə eskiz layihəsi hazırlanır.  Bu zaman gəminin nəzəri hesablamaları aparılır, əsas cizgiləri hazırlanır və sifarişçiyə təqdim olunur. Sifarişçi bunu təsdiq edəndən və öz qeydlərini verəndən sonra texniki layihənin icrasına start verilir. Bu mərhələdə Təsnifat Cəmiyyətinin verdiyi texniki sənədlərin siyahısı əsasında sənədlər tərtib olunur və təsnifat cəmiyyətinə təsdiqə göndərilir.

 
- Oyrad müəllim, gənclərin gəmi layihələndirilməsi sahəsinə marağı nə qədərdir? 


- Sevindirici haldır ki, getdikcə bu sahəyə maraq artır. Bildiyiniz kimi, biz gəmilərin layihələndirilməsini CADMATİC proqram təminatı ilə həyata keçiririk. Məqsəd – üçölçülü layihələri reallaşdırmaqdır. Gənclər üçün bu olduqca maraqlı və qeyri-adi sahədir. 3D texnologiyalarla işlədiyimiz üçün gənclərin bu sahəyə marağı daha da artır. CADMATİC proqramı ilə biz öz gəmilərimizlə yanaşı, Rusiya Federasiyasında hazırlanan gəmilərin layihələndirilməsində də yaxından iştirak edirik. Hər bir gənc kadr üçün öz zəhmətinin bəhrəsini nəinki öz doğma vətənində, xaricdə də görmək olduqca qürurvericidir.


- Əsasən, hansı peşə sahibləri sizin İnstitutda fəaliyyət göstərirlər?

Fərqli peşələrdir, amma hamı bir nəfər kimi gəminin sıfırdan layihələndirilməsinə xidmət edir. Gəmi mühəndisliyi dəqiqlik tələb edən işdir. Burada ali təhsillə yanaşı, praktiki təcrübə də zəruridir. İnstitumuzda Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğuları və onların istismarı mühəndisliyi”,  “Elektrik mühəndisliyi” fakültələrində təhsil almış tələbələr fəaliyyət göstərirlər. Onu da qeyd etməliyəm ki, institumuzda yaşlı nəslin peşəkar və çox təcrübəli nümayəndələri də işləyirlər. Onlar da öz zəngin təcrübəsini gənc nəsillə paylaşırlar.

 

Müəllif: İlqar Quliyev 

Foto: Turab Məmmədov









Redaktorun seçimi