“Azərbaycanda biznesin tədrisi: Mövcud vəziyyət və inkişaf yolları” adlı konfrans keçirilib

Hit: 563
“Azərbaycanda biznesin tədrisi: Mövcud vəziyyət və inkişaf yolları” adlı konfrans keçirilib
Bakıda “Azərbaycanda biznesin tədrisi: Mövcud vəziyyət və inkişaf yolları” adlı konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondununprezidenti Sabit Bağırov deyib ki, konfransın məqsədi biznesin tədrisi sahəsində olan problemləri üzə çıxartmaq və onların həlli yollarını müzakirə etməkdir.  
Konfrans iştirakçılarını salamlayan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, sahibkarlıq hökumətin diqqət mərkəzindədir:“Agentlik kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması üçün tədbirlər görür. Agentliyə daxil olan məlumatlara görə, buna ciddi tələbat var. Bəzi sahibkarların dövlətin güzəştlərdindən xəbərləri yoxdur”.
Orxan Məmmədov qeyd etdi ki, Agentliyin strukturuna daxil olan Biznesin İnkişaf Mərkəzləri yaradılacaq və belə mərkəzlərdən ilki yaxınlarda Xaçmazda açılacaq. 
USAİD / Azərbaycan Missiya direktoru Jaidev Singh bildirib ki, biznes tədrisi ilə əlaqədar son illər Missiya Azərbaycanın 3 ali təhsil ocağı ilə anlaşma-memorandum imzalayıb:“Bu memorandumdan hərəkət edərək bir neçə forum keçirilib. Nyu-Yorka səfər təşkil edilib. Missiya Azərbaycanda ən yaxşı texnologiyaların tətbiq edilməsində səylərini əsirgəməyəcək”. Missiya direktorunun dediyinə görə, regionlarda insanlarla təmaslarından əmin olub ki, Azərbaycanda kifayət qədər yüksək səviyyəlitəhsili olan mütəxəssislər var. “Biz düşünməliyik ki, bu potensialdan istifadə edib Azərbaycanı regional qovşağa necə çevirə bilərik? Buna görə də, təhsil ən yaxşı təcrübələrə əsaslanmalıdır. Rəsmi təhsildən kənar biz Azərbaycan xalqının unikallığını ortaya çıxarmalıyıq. Buna təhsil və KOS –ların inkişafı ilə nail olmalıyıq”. Missiya direktoru onu da bildirib ki, qadın sahibkarlığının inkişaf etdirilməsi ilə bağlı bir sıra təşəbbüslər irəli sürülüb və onlar davam etdiriləcək.“Biz qadın sahibkarlığının inkişafını daha çox kənd təsərrüfatı və aqroturizm sahəsində görürük. Bu sahələrin inkişafına biz vəsaitlərimizi ayıracağıq”.
Konfrans iştirakçılarını salamlayan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov biznesin tədrisi sahəsində universitetdə görülən işlər və bu istiqamətdə inkişaf etdirilən beynəlxalq əməkdaşlıdan danışıb.
Konfransda ilk panel “Azərbaycanda Biznes Təhsili ilə bağlı mövcud vəziyyət”ə həsr olundu. Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev ilk olaraq bu sahədə olan çatışmazlıqlardan danışıb: “Milli peşə tələbləri müəyyən olunmur. Eyni zamanda mövcud tədrisin praktikası ilə uzlaşmır. Biznes işçiyə investisiya qoymaq əvəzinə bazardan hazır mütəxəssis axtarır. Təhsil proqramları bazarın tələblərinə çevik reaksiya verə bilmir, yeni yaranan peşələr (HR, risk) üzrə kadr hazırlanmır. Bazarın tanıdığı milli sertifikasiyalar yoxdur”. O, əlavə edib ki, təhsil və biznes əməkdaşlığı artmalıdır. 
Kiçik və Orta Biznesin İnkişafına Yardım Mərkəzinin direktoru İlkin Qarayev Bakının 18 məktəbində oxuyan 10-11 sinif qız şagirdləri arasında sorğunun nəticələrini təqdim edib. Bu nəticələrə əsasən sorğuda iştirak etmiş 223 qız şagirdlərdən 133, yəni təxminən 60%-i məktəbi bitirdikdən sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyətindədir. Bu gözlənilməz olsa da çox gözəl nəticədir. Lakin sorğu anketinin digər sualına cavabdan bəlli olur ki, həmin respondentlərin biznesin əsasları barədə məlumatları yetərincə deyil və məktəb proqramları bu sahəyə təəssüf ki lazımi diqqət yetirmirlər.
İlkin Qarayevin çıxışında gələcəkdə bəzi ixtisas və peşələrə ehtiyacın azalması gözlənir. Beləki, yaxın gələcəkdə mühasib, kredit mütəxəssisi və əməliyyatçı, kitabxanaçı, jurnalist, korrektor və s. kimi intellektual, eyni zamanda, poçtalyon, gözətçi, qazmaçı, yol polisi və s. kimi işçi peşələrə tələbat olmaycaq. O, gələcəyin bəzi peşələrini belə sadalayır: Biofarmakoloq, Tikinti üzrə ekoanalitik, Oyun praktikləri, “Ağıllı yol”  mühəndisləri, Robotlaşdırılmış sistemlər üzrə mühəndis, “Big data” modellərinin tərtibatçısı, Rəqəmsal linqvist, İntellektual mülkiyyətin idarə olunması üzrə mütəxəssis, Süni intellekt mütəxəssisləri və s.
O, hesab edir ki, təhsil davamlı, tələbata yönəlmiş, müxtəlif formalarda təzahür edən və ölkənin strateji məqsədlərinə xidmət edən olmalıdır: “Dövlət, ali məktəblər, elmi tədris müəssisələri, texnoparkalr, biznes və ictimai birliklər kimi müxtəlif maraqlı tərəflərin qarşılıqlı əməkdaşlığı zəruridir. Təhsilin tranformasiyası iqtisadi inkişaf üçün əsas zəmindir”. 
İk panel iqtisadçı-ekspert Elçin Rəşidovun “Ali təhsilin biznesin tələblərinə yaxınlaşdırılması yolları” təqdimatı ilə başa çatdı. 
İkinci panel “Azərbaycanda Biznesin tədrisi üzrə qadın sahibkarlar üçün proqramlar və beynəlxalq təcrübə” mövzusunda keçirildi. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA)-FSİC proqram rəhbəri Mehriban Yusifova “Biznesin tədrisi. AMFA və FSİC təcrübəsi” mövzusunda çıxış edib. O, deyib ki, dayanıqlı biznesə sahib olmaq üçün, yaxud dayanıqlı biznesdə karyera inkişafına nail olmaq üçün bilik və bacarıqların əldə edilməsi vacibdir. 
Mehriban Yusifova “Öz Biznesinə Başla və Təkmilləşdir” təliminin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu təlim yeni başlayan, mikro və kiçik sahibkarlara təlim keçirilməsi üçün ən yaxşı uyğunlaşdırılmış alətdir: “Beynəlxala Əmək Təşkilatının hazırladığı Təlim Modulu sertifikatlı ÖBBT təlimçiləri tədris edir. Azərbaycanın müxtəlif regionlarında keçirilmiş bu təlimlərdən sonra yeni başladılmış və ya daha da inkişaf etdirilmiş bizneslər barədə tərtib edilmiş uğur hekayələri digər sahibkarları daha da həvəsləndirir”. 
Sahibkarlıq üçün xüsusi təlim modulları: 1) Kooperativlər üçün təlim modulu; 2) Biznesin Dayanıqlığı Modeli üzrə təlim modulu; 3) Risk idarəetməsi üzrə təlim modulu; 4) Peşə istiqaməti üzrə təlim modul. 
 
Xəzər Universitetinin professoru Fuat Rəsulov bildirib ki, Azərbaycanda məşğulluğun təmin olunmasında problem var: “Bu qismən bazarın tələb olunmamış miqdarda kadr hazırlığı və kadrların peşə hazırlığı səviyyəsi ilə işəgötürənlərin tələbləri arasındakı uyğunsuzluqla əlaqəlidir. Rusiyada yuxarı kurs tələbələrinə müxtəlif müəssisələrdə imtahan vermək təklif edildi. Tədqiqatda ən yaxşı Moskva universitetləri iştirak etdi. 345 iştirakçıdan yalnız 102-si, yəni 29.5% nəzəri hissədən keçdi. Yalnız 19 tələbə və ya 5,5% isə praktik hissədən keçə bildi. Mən təklif edərdim ki, bizdə də belə sınaq imtahanı keçirilsin”.
O, əlavə edib ki, əmək bazarı daim dəyişir və 5 il əvvəl tələb olunan peşələr bu gün lazımsız və ya az ödənişli ola bilər: “Azərbaycanda bu gün təhsil diplomu almış universitet məzunlarının 50% -dən çoxu öz ixtisası üzrə iş tapa bilmirlər. Qloballaşma prosesləri əmək bazarına da təsir göstərdi, indi bütün dünyanı nəzərə almaq ilə peşə seçməliyik”.
Fuat Rəsulov təklif edir ki, Təhsil Nazirliyi sahibkarlarlarla birgə yuxarı kurs tələbələrinə müxtəlif müəssisələrdə imtahan vermək təklif etsin və imtahan suallarını müəssisələr hazırlasın. “Elmi, informasiya inqilabı və internet texnologiyaları təhsildə qeyrisabitliyi şərtləndirir və artıq təhsil dəyişməz qazanc rolunu itirir. Belə şəraitdə təhsilin səviyyəsi üçün məhsuliyyət universitetlər, işəgötürənlər və vətandaşlar arasında bölünməlidir”, - deyə o, çıxışında qeyd edib. 
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Qalib Toğrul Türkiyənin “Küçük ve Orta Ölçekli İşletmeleri Geliştirme ve Destekleme İdaresi Başkanlığı (KOSGEB)” proqramı barədə danışıb. 
O, deyib ki, proqram yaradılarkən ilkin olaraq kiçik sahibkarlıq subyektlərinin inkişafını hədəf götürüb: “Hazırda yeni iş qurmaq istəyən və qurduğu işi böyütmək niyyətində olan sahibkarlara yardım üçün müxtəlif istiqamətli yardım proqramları həyata keçirir.Proqramın məqsədi girişimçilərin biznesin qurulması və idarə olunması sahəsində bilik və bacarıqlarını artırmaq, uğurlu biznes planları və biznes modelləri mükafatlandırmaq, sahibkarlıq mühitində yer alan iştirakçılar arasında əməkdaşlığı gücləndirmək, yeni yaradılan biznes subyektlərini ən həssas dövrdə dəstəkləmək, beynəlxalq plan və proqramlar əsasında yeni müəssisələrin yaradılmasını və dayanıqlı olmasını təmin etməkdir”.
Qalib Toğrul deyir ki, ənənəvi girişimçilərə verilən dəstəklər təsis olunma və perfomans dəstəkləridir: “İnnovasiya tətbiq edən girişimçilərə verilən dəstəklər isə daha çoxşahəlidir. Bura təsis olunma, perfomans, avadanlıq, təchizat, proqram yazılması və məsləhət dəstəkləri daxildir. Girişimçinin yaşı 30-dan aşağıdırsa, fiziki məhdudiyyəti varsa, qadındırsa, müharibə veteran və şəhid  qohumudursa, onlara əlavə olaraq - fiziki şəxsdirsə, 5 min TL, hüquqi şəxsdirsə, 10 min TL yardım olunur. Bu proqram çərçivəsində bütün dəstəklər əvəzsiz verilir. Perfomans dəstəyinin miqdarı sosial sığorta ödəmələrinin məbləğindən asılı olaraq dəyişir. 
Biznesin Tədrisi üzrə təlimçi Azad Rəhimov “Biznesin tədrisi təlimləri. Azərbaycan və Ukraina təcrübəsi” mövzusunda təqdimat edib. 
Konfrans işini sual-cavab və tövsiyyələrlə başa çatdırıb. Lap sonda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirib ki, konfransda qeyd edilən problemlər və onların həllinə yönəlik tövsiyyələr ümumiləşdiriləcək və aidiyyatı olan qurumlara təkliflər paketi təqdim ediləcək. 
 








Redaktorun seçimi