Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Abşeronda vətəndaşlarla görüşüb

Hit: 523
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Abşeronda vətəndaşlarla görüşüb
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə dekabrın 11-də Abşeron şəhərində Abşeron və Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
 
Faktor.az xəbər verir ki, qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
 
Abşeron Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda Abşeron və Qobustan rayonlarından olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi üçün boru xətlərinin çəkilməsi, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, suvarma kanallarının beton üzlüyə alınması, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.
 
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
 
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
 
Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, dekabrın 13-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Şamaxı rayonunda, Rafiq Aslanov isə Ağsu rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.








Redaktorun seçimi