Bakıda “Bakutel” Sərgisinin açılışı olub

Hit: 627
Bakıda “Bakutel” Sərgisinin açılışı olub
Bu gün Bakı Ekspo Mərkəzdə 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar “Bakutel” Sərgisinin açılışı olub
 
Açılış mərasimində məlumat verilib ki, yubiley sərgi dünyanın 23 ölkəsini təmsil edən 238 şirkəti bir araya gətirib. Sərgi iştirakçılarının arasında Azərbaycan şirkətləri ilə yanaşı Çin, Finlandiya, İsveçrə, Ukrayna və bir sıra digər ölkələrdən şirkətlər yer alır. Ölkələrinin ticarət palataları və səfirliklərinin dəstəyi ilə ABŞ (4), Belarus (6), Fransa (2), İran (16), İsrail (3), İtaliya (4), Rusiya, Sloveniya, Türkiyə (3), Xorvatiya (6) və digər ölkələrin aparıcı İT şirkətlərindən ibarət olan milli qruplar sərgidə iştirak edirlər.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan milli pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələri yer alırlar.
 
“Bakutel 2019” sərgisinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Agentliyi öz həll variantları ilə qatılıb.
 
Sərgidə “ASAN” və onun “E-GOV” (Elektron hökumət) sistemi təqdim olunur.
 
Kiçik və orta biznes subyektlərinin, müxtəlif sahələr üçün həll texnologiyaları üzərində çalışan özəl sahibkarların biznesinin inkişafını asanlaşdırmaq məqsədi ilə “Bakutel” sərgisində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) stend ilə çıxış edir.
 
Sərginin ikinci zalında IoT (Əşyaların interneti) texnologiyaları təqdim edən şirkətlər yerləşir.
 
“Bakutel” sərgisi yeniliklərin nümayişi üçün ölkənin ən böyük qovşağıdır. “Bakutel” sərgisinin təşkilatçıları sənaye liderləri və dövlət strukturları ilə yanaşı, gənc layihəçilərə öz ixtira və proqramları haqqında məlumat vermək üçün şəraitin təmin edilməsi ənənəsini davam etdirir. Bu il sərgidə 50-ə yaxın startapçı iştirak edir və müxtəlif fəaliyyət sahələri üçün öz layihələrini təqdim edir.
 
İnnovasiyalar Agentliyində fəaliyyət göstərən startaplar, həmçinin istər Bakıdan, istərsə də ölkə regionlarından olan startapların da daxil olduğu, “İdeyadan biznesə” startap turlarının finalçılarının layihələri sərgi çərçivəsində təqdim olunur. Sərgidə “Barama” və “AppLab” inkubasiya mərkəzləri də iştirak edir.
 
Sərgi çərçivəsində "Event" zona fəaliyyət göstərir. Bu zonanın sponsoru qismində “Hewlett Packard Enterprise” şirkəti çıxış edir.
 
“Bakutel” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv idarəetmə üzrə həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir.
 
Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ITU - Beynəlxalq Telekommunikasiya İttifaqı, Regional Rabitə Birliyi (RRB), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində Caspian Event Organisers şirkəti çıxış edir. Sərginin baş sponsoru “Azercell” şirkətidir. Sərginin sponsoru qismində İsveçrənin “Mitto” şirkəti də çıxış edir.
 
Qeyd edək ki, sərgi dekabrın 6-a kimi davam edəcək.








Redaktorun seçimi