Azərbaycanda e-ticarətin artım sürəti ildə 2 dəfəyə yaxındır

Hit: 234
Azərbaycanda e-ticarətin artım sürəti ildə 2 dəfəyə yaxındır
Dünyada elektron ticarətin həcmi 2018-ci ildəki 3,53 trilyon dollarla müqayisədə 2022-ci ildə 6,54 trilyon dollara çatacaq.
 
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı noyabrın 26-da keçirilən “World E-Commerce Eurasia 2019” Bakı forumunda deyib.
 
V.Qasımlı qeyd edib ki, ölkəmizdə elektron ticarətin artım sürəti ildə 2 dəfəyə yaxın olsa da, pərakəndə ticarət dövriyyəsində payı 0,2 faizdir, halbuki ABŞ və Avropa ölkələrində bu göstərici 10-15 faizə çatır. İnternetin hazırkı yayılma səviyyəsində Azərbaycanda pərakəndə satışlarda elektron ticarətin payı dünya trendinə əsasən təqribən 7 faiz ola bilər.
 
O deyib ki, Azərbaycanda e-ticarətin lideri olan “Azexport.az” portalı sahibkarlar üçün “ixrac çekap”ı nəzərdə tutur. “Azexport” portalı “amazon.com”, “alibaba.com”, “all.biz”, “Go4worldbusiness.com” kimi bir çox dünyanı əhatə edən və geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub. "Azexport" “Google Market Finder” vasitəsilə hansı ölkələrdən Azərbaycan məhsullarına daha çox axtarış verildiyini görməklə marketinq alətidir. “Azexport.az”ın fəaliyyət göstərdiyi 3 il ərzində Azərbaycan məhsullarının beynəlxalq onlayn platformalarda mövcudluğu 300 dəfə artıb. Portalın tərkib hissəsi kimi fəaliyyət göstərən elektron dövlət-özəl tərəfdaşlıq platforması olan Rəqəmsal Ticarət Qovşağı həm yerli, həm də xarici iş adamlarının rəqəmsal iqtisadiyyata töhfəsini stimullaşdırır.
 
“Post-industrial dövrdə dünyada xidmətlərlə ticarət geniş vüsət alır. "Azexport.az" portalı yaradıcı və mədəniyyət sənayeləri (musiqi, rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) məhsullarının ixracına başlayıb. Bunun üçün "Azexport.az" portalı bu sahədə ixtisaslaşan “etsy.com”, “kickstarter.com”, “amazon kindle”, “Apple Music”, “Itunes”, “Google Play” və “Sotheby’s” auksion evi ilə əməkdaşlıq edir”, - deyə V.Qasımlı bildirib.
 
"Azərbaycanın qeyri-neft ixracında getdikcə informasiya və rabitə texnologiyaları məhsullarının xüsusi çəkisi artır. Belə ki, informasiya və rabitə xidmətləri üzrə ÜDM 2016-2019-cu illərdə 40 faizdən çox inkişaf edib. Bu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən 24 ölkəyə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81 faiz çoxdur", - deyə o əlavə edib.








Redaktorun seçimi